Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qamışovka kənd sakinləri ilə səyyar qəbul və görüşü

15 sentyabr 2012 | 15:00

Rayonumuzun qonşu Lənkəranla sərhədində yerləşən Qamışovka kəndi Xəzər dənizinin sahilində yerləşir. Kakalos ərazi nümayəndəliyinə aid olan bu yaşayış məntəqəsində 60-a yaxın təsərrüfat, 300 nəfərdən çox əhali yaşayır.
Sentyabrın 13-də Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin Qamışovka kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə görüş iştirakçılarını salamlayaraq son dövrdə ölkəmizdə və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar barədə söhbət açmışdır. Qeyd etmişdir ki, bütün sahələrdə qazanılan uğurlarla yanaşı, bir sıra həlli vacib olan məsələlər də vardır. Bu görüşdə əsas məqsəd görülən müsbət işlərlə yanaşı, mövcud problemlərlə tanış olmaq və həlli yollarını birlikdə araşdırmaqdır.
Kakalos ərazi nümayəndəsi N.Əkbərov son dövrdə bütövlükdə ərazi nümayəndəliyini əhatə edən kəndlərdə, o cümlədən, Qamışovka kəndində aparılan geniş quruculuq və tikinti-abadlıq işləri, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məlumat vermişdir.
Kənd sakini, müəllim A.Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkəmizdə həyata keçirilən qlobal layihələrdən, o cümlədən rayonumuzun şəhər, qəsəbə və kəndlərində görülən geniş abadlıq işlərindən razılığını bildirdi.
Kənd həkim məntəqəsinin baş həkimi İ.Rzayev xəstəxana binasının əsaslı təmirə ehtiyacı olduğunu, müəllim R.Cabbarov Pensər kəndinin dördyol deyilən ərazisində nəqliyyat sıxlığının aradan qalıdrılması ilə əlaqədar tədbirlərin görülməsi, Balaca Şahağac dini icmasının sədri C.Zeynalov Balaca Şahağac kənd məktəbi üçün yeni binanın tikilməsi, İ.Şahverdiyev əhalinin işməli su sarıdan çətinlik çəkməsi və bu məsələnin həllinə köməklik göstərilməsi barədə arzu və təkliflərini bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Qamışovka kənd sakinləri ilə görüşdən və ətraflı fikir mübadiləsindən razılığını bildirərək qeyd etdi ki, son illər ümumilikdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar hamımızın gözü qarşısındadır. Bugünkü görüşdə iştirak edənlərin hər biri ölkəmizdə və rayonumuzda aparılan geniş quruculuq və abadlıq işlərindən fərəhlə danışdılar. Doğrudan da əvvəllər hər dəfə vətəndaşlardan ərizə gələndə bizdən əhaliyə verilən elektrik enerjisinin 5-6 saatdan bir neçə saata qədər artırılması xahiş edilirdi. İndi bu problem birdəfəlik həll olunmuşdur. Yollar abadlaşır, təbii qaz çəkilişi başa çatdırılmışdır. Yeni daha müasir tələblərə cavab verən mədəni-maarif müəssisələri tikilir. Son illər rayonumuzda 30-dan çox yeni məktəb binası tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Hazırda rayonda 11 məktəb binasının tikintisi davam edir. Bilik günündə Astara şəhər 7 saylı tam orta məktəbinin yeni binası istifadəyə veriləcəkdir.
Əlbəttə burada qaldırılan məsələlər də vacibdir. Bu problemlər də zaman-zaman həllini tapacaqdır. Astara rayonunun içməli su ilə təminatında ciddi çətinliklər vardır. Bununla əlaqədar müvafiq layihələr hazırlanmışdır. Xanbulandan rayona içməli su verilməsinə nail olsaq, bu rayon əhalisinin içməli suya olan tələbatını 70% ödəyəcəkdir. Bu işə qısa müddətdə başlanacaqdır.
Son dövrdə Kakalos ərazi nümayəndəliyinə daxil olan Balaca Şahağac və Qamışovka kəndlərində xeyli iş görülmüşdür. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Astara-Bala Şahağac yolu əsaslı təmir olunaraq asfaltlaşdırılmışdır. Cənab Prezidentin 17 avqust 2012-ci il tarixli daha bir Sərəncamı ilə Şürük-Siyavər-Qamışlı avtomobil yolunun asfaltlaşdırılmasına başlanmışdır ki, bu da əhalinin qonşu Lənkəranla əlaqələrini xeyli asanlaşdıracaqdır.
Kənd həkim məntəqəsinin binasının təmiri, Balaca Şahağac məktəbinin tikintisi və digər məsələlər ardıcıl şəkildə yerinə yetiriləcəkdir.
İcra başçısı son illərdə Azərbaycanda təkcə sosial-iqtisadi sahədə deyil, mədəniyyət və idman sahəsində qazanılan uğurlar, ölkədə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər barədə ətraflı məlumat verərək bu ilin may ayında “Eurovisiya” mahnı yarışmasının keçirilməsi, London Olimpiadasında olimpiyaçılarımızın 200-dən çox iştirakçı dövlətlər arasında 10 medal qazanaraq 30-cu yeri tutmasını, parolimpiya yığma komandamızın üzvlərinin 12 medal qazanaraq ümumi nəticəyə görə 27-ci yeri tutmasını və sentyabr ayında 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini xüsusi olaraq vurğulamışdır.
İcra başçısı sonda qeyd etmişdir ki, Azərbaycanın yalnız bir problemi var. O da Dağlıq Qarabağ problemidir. İnşallah möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bu problem də həll ediləcəkdir. Azərbaycan zabiti R.Səfərovun ekstradasiyası və möhtərəm Prezident tərəfindən əfv edilməsi bu siyasətin bariz nümunəsidir.
Q.Ağayev qarşıdan gələn Bilik bayramı münasibətilə kənd sakinlərini təbrik etmiş və xoş arzularını bildirmişdir.
 

Keçidlər