Yeni tikilmiş Astara şəhər 7 saylı tam orta məktəbin açılışı olmuşdur
17 sentyabr 2012-ci ildə yeni tikilmiş Astara şəhər 7 saylı tam orta məktəbin açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil Şöbəsinin müdiri Q.Məmmədova qeyd etmişdir ki, müstəqil Azərbaycanımızda bütün sahələrə olduğu kimi təhsilə də yüksək diqqət və qayğı vardır. Bunu rayonumuzun timsalında aydın görə bilərik. Açılışına yığışdığımız 7 saylı məktəb rayonumuzda yeni tikilmiş 23-cü məktəbdir. Bundan başqa 12 məktəb binası əsaslı təmir olunmuşdur. Hazırda bir neçəsinin tikintisi davam edir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Bu yüksək diqqət və qayğıya görə bütün müəllim ordusu adından ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və Heydər Əliyev fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Tədbirdə şəhər 7 saylı tam orta məktəbin direktoru Məbud Səfərov, valideyn Adil Rzayev, şəhid atası İsmayıl Camalov çıxış edərək bu cür yaraşıqlı, müasir tipli məktəbin inşasına görə və ümumiyyətlə, ölkədəki sabitliyə, azad, firavan yaşayışa görə ölkə rəhbərinə minnətdarlıq etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Q.Ağayev yeni dərs ilinin başlanması münasibətilə rayonun bütün pedaqoji və şagird kollektivini, valideynləri təbrik etmiş, bildirmişdir ki, yeni məktəb binasının açılışı şəhər 7 saylı tam orta məktəbin müəllim və şagird kollektivi üçün, bütövlükdə Astara şəhər sakinləri üçün ikiqat sevincdir. Mən bu kollektivi bir daha təbrik edir, arzu edirəm ki, burada təhsil alan şagirdlər Vətənimiz və xalqımızın ən layiqli övladları olsunlar.
Bu yaraşıqlı, əzəmətli məktəb binasının uzun illərdən sonra bu cür müasir arxitekturaya uyğun tikilməsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının elmə, təhsilə böyük qayğısı kimi qiymətləndirilməlidir.
Ölkə rəhbərinin yorulmaz və müdrik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. Dövlətimizin iqtisadi qüdrəti bütün dünyaya səs salmışdır. Bakı şəhərində və regionlarda aparılan möhtəşəm tikinti, abadlıq, yenidənqurma işləri doğma vətənimizi ən abad, ən gözəl məkana çevirmişdir.
Bütün bunlar müstəqil dövlətimizin yüksək iqtisadi potensiala, böyük imkanlara malik olmasını göstərir. Bu inkişaf, bu tərəqqinin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ölkədə yeni-yeni layihələr həyata keçirilir. Bu inkişaf ildən-ilə güclənir, sürətlənir. Hər il onlarla məktəb binası tikilib istifadəyə verilir. Son illər rayonumuzda da 30-dan çox yeni məktəb binası tikilmiş, yaxud əsaslı təmir edilərək istifadəyə verilmişdir. Hazırda 11 məktəb binasının tikintisi davam etməklə, daha bir neçəsinin tikintisi üçün ilkin sənədlər hazırlanmışdır. Bütün bunlar müstəqil Azərbaycanımızın tərəqqisi, inkişafı, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edən işlərdir. Ölkəmizdə elmə, təhsilə olan dövlət qayğısı böyükdür.
Bu gün açılışına yığışdığımız Astara şəhər 7 saylı tam orta məktəbi yeni tədris ilində məktəbin müəllim və şagird kollektivinə ən dəyərli hədiyyədir. Bu xeyirxahlıq və qayğıkeşliyə görə bütün Astara əhalisi adından Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edir, dərin hörmət və ehtiramımızı bildiririk.
Q.Ağayev məktəbin açılışını bildirən rəmzi lenti kəsəndən sonra sinif otaqlarını gəzmiş, müəllimlərin iş şəraiti ilə tanış olmuş, birincilərə məktəbli çantası hədiyyə etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Aslan Cəfərov iştirak etmişdir.