Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqo kənd sakinləri ilə səyyar qəbulu və görüşü

21 sentyabr 2012 | 15:00

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmaq, onların hər birinin arzu, təklif və tənqidi qeydləri ilə maraqlanmaq, qaldırılan problemlərin həlli yollarını araşdırmaq və müvafiq tədbirlər görmək hər bir rəhbər işçinin ümdə vəzifəsi və borcudur.
Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşlarla görüşlərin keçirilməsi, yerli əhalini düşündürən, narahat edən məsələlərin operativ şəkildə həllinə köməklik göstərilməsi rayonumuzda ənənəyə çevrilmişdir. Yerlərdə səyyar qəbul və görüşlərin təşkili sahəsində toplanılan təcrübə sübut edir ki, daim vətəndaşlarla ünsiyyətdə olmaq ümumi işə daha çox fayda verir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin iştirakı ilə belə görüşlərdən biri sentyabrın 20-də Siyakü ərazi icra nümayəndəliyinin Vaqo kəndində keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə rayonun girəcəyindəki Telman kəndində aparılan tikinti abadlıq işləri ilə tanış olmuş, Vaqo kənd orta məktəbi üçün yeni tikilən binada işlərin gedişi ilə maraqlanmışdır. İş icraçısı Oqtay Şahnamazov 360 yerlik Vaqo kənd məktəbi üçün tikilən yeni binada işlərin vəziyyəti barədə məlumat vermişdir. İcra başçısı yeni binanın layihəsi ilə tanış olmuş, tikinti işlərinin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıqlarını vermişdir.
Vaqo kənd sakinləri ilə keçirilən görüşü Siyakü ərazi icra nümayəndəsi Xanəhməd Zahirov açmışdır. O, məlumat verərək bildirdi ki, Təngərüd, Şiyəkəran və Pensər kəndləri ilə həmsərhəd olan Vaqo kəndində əhalinin təbii qaz, elektrik enerjisi ilə təminatında qayda yaradılmışdır. Kənddə 476 təsərrüfatda 1888 nəfər yaşayır. Ərazidə asfalt və çınqıl zavodları , tibb müəssisəsi, məktəb və digər sosial obyektlər vardır. Əhalini ən çox narahat edən məsələ ötən əsrin 50-60-cı illərindən fəaliyyət göstərən elektrik təsərrüfatının köhnəlməsidir.
İcra başçısı Vaqo kənd sakinlərini salamlayaraq qeyd etdi ki, Siyaku ərazi nümayəndəliyinə bir neçə dəfə görüşə gəlmiş və vətəndaşlarla səmimi fikir mübadiləsi aparmışam. Siyaku və Miki kəndlərindəki görüşlər çox səmərəli və faydalı olmuşdur. Vaqo kəndində də xeyli iş görülüb. Yeni məktəb binası tikilir, abadlaşma aparılır. Bu günkü görüşdə də sizi dinləmək, təklif, rəy və arzularınızı bilmək istəyirəm.
Kənd sakini M.Əliyev yaşadığı evin qəzalı vəziyyətdə olması və xəstə uşaqları üçün mərkəzi xəstəxanadan arayış verilmədiyindən şikayət etdi.
Abbas Güləliyev və Hikmət Muradov ölkədə və rayonda aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqlarını ifadə edərək bu qayğı və diqqətə görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər. Siyaku ərazi icra nümayəndəliyinin Şağlazüzə, Siyaku və Vaqo kəndlərində yeni məktəblərin tikintisi bu qayğı və diqqətin parlaq təzahürüdür. H.Muradov təklif etdi ki, şagird kontingentinin sıxlığını nəzərə alaraq 360 yerlik Siyaku kənd tam orta məktəbində əlavə sinif otaqlarının tikintisinə köməklik göstərilsin.
Kənd sakinlərindən Tərlan Ağamalıyev mərkəzi yoldan kənarda yaşayan təsərrüfatlara qaz xətti çəkilməsi, Ağaddin Mirzəyev qəbiristanlıq yolunun təmir edilməsi, İntiqam Kazımov, Baldadaş Talıbov nümayəndəlikdə arıçılıqla məşğul olanların Bakı şəhərində keçirilən sərgi-yarmarkada iştirakına köməklik göstərilməsi, təqaüdçü müəllim İsmayıl Məmmədov qızının məktəbdə işlə təmin olunması barədə təklif, rəy və arzularını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev çıxış edərək son dövrdə ölkə miqyasında aparılan nəhəng quruculuq işləri barədə geniş məlumat verdi. Ölkə rəhbərliyi tərəfindən təhsilə, xüsusən məktəb tikintisinə xüsusi diqqət yetirildiyini nəzərə çatdırdı və qeyd etdi ki, təkcə bir nümayəndəlikdə 3 yeni məktəb binasının tikintisi dediklərimizi sübut edir. Burada qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılacaq və müvafiq tədbirlər görüləcəkdir. Qaz təsərrüfatı ölkə miqyasında yenilənir. Hər bir evə qaz verilməsi təmin edilərək elektrik təsərrüfatında təmir bərpa işləri davam etdirilir. Siyaku kənd bağçasının təmiri nəzərdə tutulmuşdur. Məhəllə yollarının təmiri üçün bələdiyyə və icra nümayəndəsi lazımi köməklik göstərəcəkdir. Arıçıların arzusu ilə əlaqədar Bakıda keçiriləcək sərgi-yarmarkada rayonumuzdan iştirak edənlərin sayı artırılacaqdır.
Görüşün sonunda icra başçısı kənd sakinlərinin bir qrupu ilə səmimi söhbət apardı, verilən sualları cavablandırdı.
 

Keçidlər