8 Noyabr Zəfər Günüdür
Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və hüquq mühafizə orqanlarının rəhbərləri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini və Şanlı Qələbəmizi əks etdirən Zəfər Parkını ziyarət etmiş, abidələrin önünə gül dəstələri qoymuşlar.
Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi yad edilmişdir.
Qeyd olunmuşdur ki, bu gün Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 4-cü ildönümüdür. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Vurğulanmışdır ki, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin ən azı 200 illik tarixi var. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq ermənilər “bütün yaxşılıqlara ölüm” şüarı ilə silahlanıb, onlara yurd-yuva verən, xeyirxahlıq edən Azərbaycan xalqına gizli-açıq qəsdlər etməyə başlayıblar. Erməni qəsbkarları zamanın ayrı-ayrı dönəmlərində xüsusi qəddarlıqla yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoyaraq, ağlasığmaz işgəncələrlə qətlə yetirmiş, tarixi torpaqlarından didərgin salmışlar.
1988-ci ildə başlayan Qarabağ hadisələri isə on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi ilə nəticələndi. 250 min azərbaycanlının Vətəni Qərbi Azərbaycandan qovulması ilə Ermənistan monoetnik dövlətə çevrildi. Həmin dövrdə Azərbaycanda hökm sürən hakimiyyətsizlik, anarxiya, xaos və hərc-mərclikdən istifadə edən Ermənistan xarici havadarlarının köməkliyi ilə torpaqlarımızın 20 %-ni işğal etdi, 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin salındı. 1990-1993-cü illərdə törədilən Xocalı faciəsi, Qaradağlı, Başlıbel, Ağdaban, Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.
Bütün bu fəlakətlərə isə 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının təkidli tələbləri ilə yenidən hakimiyyətə gələn, xalqının xilaskarına çevrilən Heydər Əliyevin qayıdışı ilə son qoyuldu. Ulu Öndər çox gözəl anlayırdı ki, qələbə üçün güclü ordu, silah üçün iqtisadiyyat, müttəfiq üçün isə düzgün siyasət gərəkdir. Ona görə də bütün fəaliyyətini məhz bu yöndə davam etdirərək güclü, müasir müstəqil Azərbaycanın təməlini qoydu.
Ulu Öndərin qətiyyəti nəticəsində ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edildi. Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. 1994-cü il mayın 12-də hərbi münaqişədə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin titanik xidmətləri ilə inkişaf yoluna çıxan Azərbaycan Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə modernləşdirilərək dünyanın ən güclü ordularından birinə çevrildi. Azərbaycan əzəli torpaqlarını erməni işğalından məhz bu güclü, nizami ordusu sayəsində azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına icra etməyə məcbur oldu.
Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparması, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması düşmənin genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
2020-ci ilin 27 sentyabrında, səhər saatlarından başlayaraq, erməni terrorçuları bütün beynəlxalq hüquqi normaları pozaraq işğal olunmuş ərazilərimizdə növbəti hərbi təxribat törətdi, yaşayış məntəqələrimiz, döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularımızla yanaşı dinc sakinlərimiz həlak oldu.
Belə olan halda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, onu öz təcavüzkarlıq siyasətinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əmri verdi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Rəşadətli Azərbaycan Ordusu düşmənin qurduğu bütün istehkamları, maneələri məharətlə keçərək 300-dən çox yaşayış məntəqəsini, mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Qarabağın tacı sayılan Şuşa şəhərinin düşmən əsarətindən qurtarılması isə müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və Rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. Vətən müharibəsi dünya hərb tarixinə düşən və Şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən parlaq səhifəsidir.
Biabırçı məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən, “müstəqillik” iddialarını xəstə təxəyyüllərində yaşadan erməni revanşistləri sonuncu ən böyük zərbəni isə ötən ilin 19 sentyabr tarixində antiterror əməliyyatında aldılar. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bərpa edildi. İşğal zülməti bitdi, qüdrətli Azərbaycanımızın səmasında azadlıq Günəşi doğdu. Faşizmi, terroru, separatizmi, vandalizmi təmsil edən ermənilərə layiq olduqları yer göstərildi. Onların vəhşi qəbilə, qorxaq və namərd olduqlarını görməkçün işğalda saxladıqları viran torpaqlara, ölülərin sümüklərini belə çıxartdıqları qəbiristanlıqlara və müharibə meydanından qorxaqcasına qaçışlarına baxmaq kifayətdir. Bu qanlı cinayətlərə imza atan caniləri heç kim xilas edə bilmədi. Özünü qəhrəman kimi aparan, müstəqillik kimi xəstə ideologiyaları ilə xalqını cəhənnəmə sürükləyən bu quldurlarların başçıları qaçmaq istəyərkən həbs edilərək qoluqandallı Bakıya gətirildi.
Prezident İlham Əliyev Azərbaycanın qanuni ərazisini tam bərpa etməklə, 1923-cü ilin 7 iyulunda xalqımızın, dövlətimizin bətnində qara yara kimi yaradılan, daimi münaqişə ocağı kimi saxlanılan “DQMV”-ni tarix səhnəsindən sildi və 100 il bundan öncə SSRİ-nin zor gücünə Azərbaycana qəbul etdirdiyi “statusu” birdəfəlik cəhənnəmə göndərdi.
Ötən ilin 15 oktyabr tarixində qalib Ordunun Sərkərdəsinin Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltması xalqımızın ən sevincli, ən qürurverici günü idi. Onların “seçki” keçirdiyi “parlament” zalında Qalib Prezidentimiz məğrurcasına dayanmışdı.
İlham Əliyev Xankəndidə Bayrağımızı Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün tamamı günündə qaldırdı. Bu, bir hesabat günü idi. Prezident seçiləndə Müqəddəs Qurana və Konstitusiyamıza and içərək Azərbaycan Bayrağını işğaldan azad olunacaq bütün ərazilərimizdə dalğalandıracağı barədə vəd verən cənab İlham Əliyev bizimçün əlçatmaz olan hədəfə nail oldu. Azərbaycanın şanlı bayrağını Xankəndidə ucaldan ilk Lider, Sərkərdə, Baş Komandan, Prezident olaraq adı şərəf tariximizə yazıldı.
Astara rayonu da birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında 127 nəfər şəhid vermişdir. Bizə böyük qələbənin sevincini bəxş edən, qanıyla adını zəfər tariximizə əbədi həkk edən, canını fəda edərək Vətəni bütövləşdirən şəhidlərimizin hər biri fəxrimiz, qürurumuzdur. Şəhid məzarları Vətənin qüdrət və qeyrət qalaları, gənclərimizin and yeri, ən müqəddəs ziyarətgahlardır. Biz şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla anır, Allahdan rəhmət diləyirik.
Hazırda erməni işğalından azad edilmiş, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində cənab Prezidentin rəhbərliyi ilə sürətli quruculuq bərpa işləri aparılır. Vəhşi düşmənin dağıtdığı, viran qoyduğu şəhər və kəndlərimiz bərpa edildikcə soydaşlarımız doğma yurdlarına qayıdırlar. Azərbaycanımızın hərb və siyasət meydanında uğurlarından inamla deyə bilərik ki, soydaşlarımızın tarixi vətənləri olan Qərbi Azərbaycana qayıdacağı gün də uzaqda deyil. Çox keçməz ki, bu tarixi anların da şahidi olacağıq.
Müzəffər Ali Baş Komandanın Xankəndi şəhər meydanından xalqa etdiyi müraciətində dediyi kimi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Tədbirdə Burzubənd kənd tam orta məktəbin müəllimi, Vətən müharibəsi şəhidi Rövşən Ramazanovun anası Gülnarə Ramazanova, Astara RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, şəhid Azər Əsədullayevin qızı Azərim Azərli, Sım kənd tam orta məktəbin müəllimi, Vətən müharibəsi qazisi Heydər Əkbərov çıxış etmişlər. Şəhid Nurlan Rəhimovun yadigarı Əlövsət Rəhimli, şəhid Əli Babazadənin yadigarları Yaqub və Dilbər Babazadə, şəhid Arif Qeybiyevin qızı Gülnur Qeybiyeva, məktəblilərdən Nəzrin Cəbiyeva və Uğur Cavadlı şeirlər səsləndirmişlər.
Zəfər Günü ilə əlaqədar hazırlanmış videoçarx, kompozisiya, rəqs və mahnılar, sərgilənən rəsm əsərləri maraqla qarşılanmışdır.
Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatacaqdır.