Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Qəcimardə kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur

28 sentyabr 2012 | 15:00

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə aid olan Qəcimardə kəndinə yolu düşənlər bu yerlərin füsunkar gözəlliklərinə məftun olur, dağlar qoynunda belə abad, yaraşıqlı, səliqəli yaşayış məntəqəsinə olan heyranlıqlarını gizlədə bilmirlər. Bir tərəfdə yaşıllığa bürünmüş uca dağlar, bir tərəfdə sitrus meyvə ağacları ilə əhatə olunmuş bağ-bağat, bir tərəfdə də diqqəti cəlb edən yaraşıqlı binalar, geniş asfalt yollar bura gələnləri sözün həqiqi mənasında heyrətləndirir.
Sentyabrın 27-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə görüşü və səyyar qəbulu keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Q.Ağayev Qəcimardə kənd sakinləri ilə keçirilən bu görüşdən məmnun olduğunu bildirmişdir. Artıq üçüncü dəfədir ki, Kijəbə qəsəbə inzibati ərazi nümayəndəliyində əhali ilə görüşə gəldiyini bildirən icra başçısı bu görüşün hər birinin yaddaqalan olduğunu xüsusi vurğulamışdır.
Kijəbə qəsəbə inzibati ərazi nümayəndəsi R.Babayev kənd haqqında məlumat verərək qeyd etdi ki, 298 təsərrüfatı və 1315 nəfər əhalisi olan bu kənddə 260 hektardan çox sitrus meyvə bağları vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, çayçılıq və heyvandarlıq olan bu ərazidə son illər geniş abadlıq, quruculuq işləri aparılmışdır. Yollar asfaltlaşdırılmış, müasir tipli yeni məktəb binası tikilmiş, təbii qaz xətti çəkilmişdir. Şübhəsizdir ki, bütün bu nailiyyətlər, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi nəticəsində əldə edilmişdir.
Ağsaqqal B.Baxşıyev Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayevə üçüncü dəfə qəsəbə sakinləri ilə görüşə gəldiyinə görə minnətdarlığını bildirərək təkcə böyük şəhərlərdə deyil, ucqar yaşayış məntəqələrində də geniş quruculuq və abadlıq işlərinin aparılmasını yüksək qiymətləndirdi. Qəsəbənin mərkəzində inşa edilən Bayraq meydanına, yolun asfaltlaşdırılmasına, əhalinin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin olunmasına görə ölkə başçısı möhtərəm İlham Əliyevə sakinlər adından dərin təşəkkürünü bildirdi.
Kənd sakinlərindən Ə.Həsənova, A.Rəhimov, V.Ağahüseynov, C.Gülverdiyev, İ.Baxşıyev çıxış edərək köhnəlmiş elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, kənd məktəbinə telefon xəttinin çəkilməsi, idman meydançasının salınması barədə təkliflər verdilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev qaldırılan məsələlərlə bağlı fikrini bildirərək qeyd etdi ki, Qəcimardə kəndi doğrudan da çox gözəl, yaraşıqlı bir guşədə yerləşir. Burada hara baxırsansa təbiət göz oxşayır. Kənddə xeyli abadlıq işləri görülüb. Rayonun ən ucqar guşələrində belə gözəl şəraitin yaradılması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyinin parlaq sübutudur. Əlbəttə, qəsəbədə son dövrdə xeyli abadlıq və quruculuq işləri aparılmışdır. Bununla yanaşı görüləsi işlər də az deyil. Şübhəsiz, qaldırılan bütün məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Ölkənin hər yerində olduğu kimi rayonumuzda da qaz və elektrik təsərrüfatlarında təmir-bərpa və yenidənqurma işləri aparılır. Burada söylənən digər məsələlər də yeri gəldikcə həllini tapacaqdır. Yaxşı olardı ki, çox qiymətli və bərəkətli torpaqlardan daha səmərəli istifadə edilsin, gənclər bu torpaqların əkilib-becərilməsində daha yaxından iştirak etsinlər. Bunun üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Əkin üçün texnika, toxum və digər məsələlərdə hər cür köməkliklər göstəriləcəkdir. Ən başlıcası kənddə görülən abadlıq işləri, yaşıllıqlar hamı tərəfindən qorunmalı, mühafizə edilməlidir. Hər bir kənd sakini bu işdə fəallıq göstərməlidir.
Görüşdən sonra icra başçısı Qəcimardə kənd ümumi orta məktəbin yeni binasında ayrı-ayrı sinif otaqlarında, kitabxanada, idman zalında oldu, şagirdlər üçün yaradılan şəraitlə maraqlandı, tövsiyə və tapşırıqlarını verdi.
 

Keçidlər