Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Alaşa kəndində əhali ilə görüş və səyyar qəbul keçirmişdir.
Səncərədi kənd İnzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Alaşa kəndi rayonun İran İslam Respublikası ilə cənub sərhədində Astaraçayın sahilində səfalı bir guşədə yerləşir. Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Alaşa kəndində xeyli iş görülmüşdür. Kəndin yolu asfaltlaşdırılmış, elektrik təsərrüfatı yeniləşdirilmiş, əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Bu yaşayış məntəqəsində 111 təsərrüfat, 428 nəfər əhali yaşayır.
Oktyabrın 4-də Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin Alaşa kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri Ə.Ağayev, Ş.Həbibov, V.Ağayev, R.Rüstəmov, Ş.Sarıbalayev və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərinə görə respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar Ulu Öndərimizin ənənəsini davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Bu gün Alaşa kəndi tamamilə qazlaşdırılmış, əhali fasiləsiz təbii qaz və elektrik enerjisindən istifadə edir. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir. Alaşa kəndi dövlət sərhədinə yaxın ərazidə yerləşir. Astara çayı payız-qış mövsümü zamanı bəzən güclü leysan yağışları nəticəsində daşaraq ətraf ərazilər üçün təhlükə yaradır. Bu məqsədlə hazırda sahilbərkitmə işləri davam etdirilir.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, elmi-texniki tərəqqi, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə bu inkişafın uğurlu nəticələri hər addımda özünü göstərir. Hazırda bu ərazidə elektrik dirəkləri yenisi ilə əvəz olunur, kənd ara yolları təmir edilir, kəndin sel-sularından mühafizəsi üçün sərhəd boyu mühafizə bəndləri tikilir. Bütün bunlar əhalimizin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Alaşa kənd ümumi orta məktəbində olmuş, sonra Astaraçayda aparılan sahilbərkitmə işləri ilə maraqlanmışdır. Sahilbərkitmə işlərini aparan iş icraçısı C.Malıyev görülən tədbirlər barədə geniş məlumat verdi. Bildirildi ki, leysan yağışlar dövründə Astaraçayın daşması yaxınlıqdakı yaşayış məntəqələrinə, xüsusən həyətyanı təsərrüfatlara ziyan vurur. Bütün bunların qarşısını almaq məqsədilə çayın sahilində sahilbərkitmə işlərinin keyfiyyətlə və yüksək səviyyədə aparılmasına çalışırıq.
İcra başçısı əhalinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan sahilbərkitmə işlərinin və bəndlərin qurulmasında fəallığın artırılmasını diqqətə çatdırdı, bununla əlaqədar tövsiyə və tapşırıqlarını verdi.