Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər əhalisi ilə görüş və səyyar qəbul keçirmişdir.

12 oktyabr 2012 | 15:00

Oktyabrın 11-də Astara şəhər mədəniyyət evinin geniş zalında rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin şəhər ictimaiyyəti ilə keçirdiyi görüş və səyyar qəbulu böyük maraqla qarşılanmışdır. 300 nəfərdən çox şəhər sakininin iştirak etdiyi tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları, aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Şəhər sakinləri ilə görüşü giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev açaraq qeyd etdi ki, son dövrdə rayonumuzda, o cümlədən, şəhərdə bütün sahələrdə əsaslı irəliləyiş hiss olunur, geniş quruculuq və abadlıq işləri aparılır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi, tapşırıq və tövsiyəsi ilə həyata keçirilir. Ölkə rəhbərinin son bir ildə iki dəfə Astaraya səfər etməsi və rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar Sərəncamlar imzalaması bölgəmizin insanlarına olan hədsiz məhəbbətin, diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğıya görə bütün astaralılar adından əziz Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıq edir, hörmət və ehtiramımızı bildirirəm.
Rayonumuzda və şəhərdə görülən işlərlə yanaşı həllini gözləyən problemlər, narahatlıq yaradan məsələlər də az deyildir. Digər tərəfdən şəhərdə həyata keçiriləcək layihələrlə əlaqədar geniş ictimai rəyə, şəhər sakinlərinin təklif, arzu və tələblərini öyrənməyə ehtiyac vardır. Bu günkü görüş və səyyar qəbul məhz şəhərlilərlə birlikdə fikir mübadiləsi aparmaq, rəy, təklif, tənqidi qeyd, şikayət və tələblərini öyrənmək məqsədi daşıyır.
Rayon İcra hakimiyyəti başçısının Astara inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Hüseynov tədbirdə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Şəhər sakinlərinin çıxışında son aylarda şəhərdə aparılan tikinti və quruculuq işləri, xüsusən Heydər Əliyev prospekti, Azərbaycan və S.Vurğun küçələrində genişləndirmə, işıqlandırma, çoxmərtəbəli ictimai yaşayış binalarının əsaslı təmiri, suötürücü kanalların dərinləşdirilməsi və təmizlənməsi, digər vacib məsələlərin həlli ilə əlaqədar görülən tədbirlərdən razılıq bildirildi və bütün bunlara görə Möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq ifadə edildi.
Süleyman Əhədov şəhərin Kələdəhnə hissəsində içməli suya olan ehtiyac, Saleh Abbasov, Heybət Hüseynov, Elşən Həbibov şəhər qəbiristanlığının genişləndirilməsi, Qum küçəsinin işıqlandırılması, şəhərin ana kanalının Astaraçaya birləşdirilməsi və Xəzər dənizi sahilində çimərliyin yaradılması üçün tədbirlər görülməsini, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev ahıllar və ziyalılar evi məsələsinin həlli, yerlərdə hüquqi mövzuda maarifləndirici söhbətlər aparılması, mərkəzi küçələrlə yanaşı ara küçələrin də işıqlandırılması, Fərhad Şiriyev şəhər 2 saylı orta məktəbinin və onun idman meydançasının əsaslı təmiri, Təranə Qurbanova şəhər 3 saylı uşaq bağçasının əsaslı təmiri, Barat Sadıxov İstisuda sanatoriya yaradılması, İskəndər Həsənov Azərbaycan küçəsində ara yolların abadlaşdırılması, Hüseyn Əbilov Giləkərana gedən yolun asfaltlaşdırılması, ara kanalların qazılması barədə fikirlərini bildirdilər.
İcra başçısı Q.Ağayev şəhər sakinləri ilə görüşün məzmunlu və səmərəli, eyni zamanda ictimai rəyi öyrənmək baxımından faydalı olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, qaldırılan bütün məsələlər ciddi və ətraflı araşdırılaraq müvafiq tədbirlər görüləcəkdir. Bir sıra məsələlərə aydınlıq gətirərək bildirdi ki, şəhərimizin ən qədimi və sıx əhali yaşayan Qum küçəsində qaz xəttinin yeniləşdirilməsi və içməli su xətti çəkildikdən sonra geniş miqyasda abadlıq işləri aparılacaqdır.
Şəhər qəbiristanlığı ilə əlaqədar əsaslı tədbirlər görüləcək, əhalinin içməli su ilə təmin edilməsi üçün gələn ildən əsaslı tikinti işlərinə başlanılacaqdır.
İndi əsas məsələ gərgin zəhmət hesabına yaradılan gözəlliyi qorumaq, əsaslı təmir edilən çoxmərtəbəli yaşayış binalarının ətrafında səliqə-sahman yaratmaqdan ibarətdir. Ana kanallar təmizləndikdən sonra onların yenidən zibilləndirilməsinin qarşısı bütün vasitələrlə alınmalıdır. Bu xoşagəlməz hallara qarşı hamılıqla mübarizə aparmalıyıq.
Əhalinin ictimai asayişinin qorunması və avtoxuliqanlara qarşı mübarizə aparılması işinə xüsusi toxunan icra başçısı rayon polis şöbəsinin rəisinə bu barədə tövsiyə və tapşırıqlarını verdi. Bildirdi ki, şəhərin küçələrində yol hərəkəti qaydalarını pozan sürücələrə qarşı daha sərt qanuni cəzalar tətbiq olunmalıdır. Çünki bu hərəkətlər nəinki onların özünə, digər şəxslərə də fəlakət gətirir. Bu işdə ictimaiyyətin fəal nümayəndələri, ağsaqqallar, ziyalılar polis işçilərinə yaxından köməklik göstərməli, yaxın köməkçi olmalıdırlar.
Əziz Astara sakinləri! Sizi əmin edirəm ki, belə görüşlərimiz bundan sonra da mütəmadi keçiriləcək. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müstəqil Azərbaycanımızın inkişafı naminə gördüyü möhtəşəm işlərə daim dəstək olacağıq.
Mən sizin hər birinizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, xoş, firavan günlər arzulayıram.
 

Keçidlər