Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2012-ci ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

20 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn məsələlər oktyabrın 19-da rayon İcra hakimiyyətində keçirilən iclasda ətraflı müzakirə olunmuşdur. İclasda rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müxtəlif idarə və təşkilatların, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Geniş məruzə ilə çıxış edən Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə geniş məlumat verərək qeyd etmişdir ki, ölkə iqtisadiyyatı durmadan uğurla inkişaf edir.
İqtisadiyyatımız doqquz ayda 1,1 faiz, qeyri-neft sektoru 10,3 faiz artmışdır. Ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Sərmayələrin əsas hissəsi, təqribən 70%-i daxili investisiyalardır. Kənd təsərrüfatı 6,3 faiz artmışdır.
Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmış, hazırda bu rəqəm 45 milyard dollar səviyyəsinə çatmışdır. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə 1,5 faiz artmışdır. Bu göstəricilərə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bütün bunlar Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmişdir.
Bu ilin əvvəlindən respublikada 94 min yeni iş yeri açılmış, bunun 73 mini daimi iş yeridir. Tikinti-quruculuq, sosial-infrastrukturun yaradılması istiqamətində yüksək nailiyyətlər qazanılmışdır. İl ərzində 188 məktəb binası, əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir.
Ötən müddətdə bütün istiqamətlər üzrə inkişafımız uğurlu olmuşdur. Azərbaycan idmançıları Olimpiya və Paraolimpiya oyunlarında böyük nəticələr qazanmışlar. Olimpiya oyunlarında 10, paraolimpiya oyunlarında isə 12 medalın qazanılması gənclərimizin gücünü, ölkəmizin qüdrətini bir daha nümayiş etdirdi.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza bir ildə iki dəfə səfər etməsi və rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi üçün ümumilikdə 7,5 milyon manat ayrılması Astaraya və astaralılara olan böyük sevginin, qayğı və diqqətin bariz nümunəsidir. Ayrılmış vəsait rayonda tikinti, quruculuq-abadlıq işlərinin daha da geniş vüsət almasına səbəb olmuşdur.
9 ayda rayonun yerli gəlirləri 1 milyon 711 min manata qarşı 2 milyon 587 min manat, yerli xərclər isə 14 milyon 115 min manata qarşı 13 milyon 53 min manat icra olunmuşdur.
2012-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 0,4 % və ya müqayisəli qiymətlərlə 358 min manat artaraq 91 milyon 712 min manata çatmışdır.
Ümumi məhsul buraxılışının 65 milyon 709 min manatı məhsul istehsalı sahələrində, 26 milyon manatı isə xidmət sahəsində olmuşdur. Orta hesabla hər bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 909 manat təşkil etmişdir.
Rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür.
İnşaat işlərinin aparılması üçün 2012-ci ilin 9 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 948 min manat məbləğində vəsait yönəldilmişdir.
İlin əvvəlindən rayonda ümumi sahəsi 4 min 80 kv.m olan 34 yaşayış evi inşa olunmuşdur. Bu tikintilər əhalinin şəxsi vəsaitləri hesabına tikilmişdir. Astara şəhərində ilk dəfə olaraq 9 mərtəbəli yaşayış evi tikilir.
Astara Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yolların asfaltlaşdırılması, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, Mərkəzi Xəstəxananın yenidən qurulub müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi, yeni avadanlıqlarla təchiz edilməsi, həyətində gözəl park və istirahət guşəsinin salınması, poliklinika şöbəsinin əsaslı təmiri 2012-ci ilin uğurlu nəticələrindəndir.
Heydər Əliyev prospektində, Azərbaycan, Səməd Vurğun küçələrində ictimai yaşayış binaların dam örtüyü tamamilə dəyişdirilmişdir. 10 ictimai yaşayış binasının zirzəmilərindən çirkab suları təmizlənmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Heydər Əliyev Parkı genişləndirilmiş, orada fəvvarə quraşdırılmış, tamet düzülmüş, yeni oturacaqlar, güldanlar, butalar qoyulmuş, gül-çiçək əkilmişdir. Parkın ərazisində olan bütün binalarda təmir işləri aparılır, fasadları müasir memarlıq üslubunda qurulmuşdur. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır. S.Vurğun küçəsində 2388 kv.m tamet döşənmiş, 1600 p/m bardür düzülmüş, 1879 kv.m hörgü və suvaq işləri aparılmışdır.
Astara şəhərinin girişində magistral yolda genişləndirmə işləri aparılmışdır. Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatdırılmışdır. Mərkəzi bazar ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə yolda birtərəfli hərəkətin təşkilinə nail olunmuşdur.
Şəhərin Xəzər dənizi sahilində 1000 metrdən çox məsafədə yeni yol çəkilmişdir. Hazırda ağırtonnajlı maşınlar şəhərin əsas küçələrinə daxil olmur və yeni salınmış yolla hərəkət edirlər.
Şəhər daxilində 1500 metr, şəhər ətrafı 5 min metr suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və qaydaya salınması məqsədilə son aylarda əsaslı tədbirlər həyata keçirilmiş, qısa müddətdə çoxmərtəbəli yaşayış binaların kanalizasiya xətləri yeniləri ilə əvəz edilmişdir.
Şəhərin dənizkənarı hissəsindəki ərazidə yeni kanal qazılmış və ətrafda izafi suların həmin kanalla əsas suötürücü kanala axmasına şərait yaradılmışdır. Giləkəran ərazisində, Kaverin küçəsindən keçən suötürücü kanallarda dərinləşdirmə və qazıntı işləri aparılmışdır. Bütün bunlar güclü yağışlar dövründə əhalinin sel sularından qorunmasına kömək edəcəkdir.
Tikinti-quruculuq, abadlıq işləri təkcə şəhərdə deyil, kəndlərimizi də əhatə etmişdir. İlk növbədə Astara rayonun Telman kəndi ərazisindəki giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır. Telman kəndinə gedən 1 km yol asfaltlaşdırılmış, kəndə təbii qazın çəkilməsinə başlanmışdır.
Rayonun Siyatük, Şuvaş, Şüvi, Sərək, Şahağac və Şiyəkəran kəndlərinə təbii qazın çəkilişi davam etdirilir. Astara şəhəri, Kijəbə qəsəbəsi, Ərçivan, Təngərüd kəndlərində köhnə qaz boru xətləri yenisi ilə əvəz edilmişdir. Qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 1058 evə qaz xətti çəkilmiş, bunlardan 288-i yeni evlərdir.
Astara Elektrik Şəbəkəsi tərəfindən rayona 150 ədəd beton dayaq gətirilmiş, rayonun əksər kəndlərində təmir işləri aparılmışdır.
Hamoşam və Asxanakəran ərazi nümayəndəliklərində 30 kilometr dağlıq ərazidə olan yolun təmir edilib qaydaya salınması problemi qısa müddətdə həllini tapmışdır. Hazırda həmin yolla dağ kəndlərinə minik maşınlarının hərəkəti təmin edilmişdir. Buna görə hər iki nümayəndəliyin vətəndaşları göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını bildirmişlər.

Dövlət Proqramının icrası ilə əlaqədar 360 yerlik Astara şəhər 7 saylı, ucqar dağ ərazisində 180 şagird yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş və şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. 480 yerlik Şüvi, 360 yerlik Vaqo, Siyəku, Hamoşam, 220 yerlik Suparibağ, Telman, Şağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir.
2004-cü ildən 2012-ci ilin 9 ayına qədər olan dövrdə rayonda 5282 iş yeri açılmışdır ki, onun da 4967 daimi iş yeridir. 9 ayda 391 daimi iş yeri açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq 846 nəfər istehsalçıya 86 min manat subsidiya verilmişdir.
9 ayda rayonda yaşıl çay, tərəvəz, kartof, sitrus və subtropik meyvələri, çəltik və digər kənd təsərrüfatı məhsulları istehsalı artmışdır.
Tərəvəz, taxıl və dənli bitkilərin istehsalını artırmaq məqsədilə əkin sahələrində suötürücü kanallar təmizlənmiş, 6886 hektar sahədə əkin keçirilmişdir.
Rayon Məşğulluq Mərkəzində ötən dövr ərzində iş üçün müraciət edənlərin 215 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuş, onların da 114 nəfəri qadındır.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 360 min 245 manat dəyərində rabitə xidməti göstərmişlər. Xidmətlərin 92,0 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuşdur
Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də ötən müddət ərzində müəyyən işlər görülmüşdür.
Yeni tədris ilinə və qışa hazırlıqla əlaqədar olaraq rayonun Lovayın kənd tam orta məktəbi, rayon Texniki Yaradıcılıq Mərkəzi, Ərçivan kənd 3 saylı tam orta məktəbinin tədris korpusu yerli büdcə hesabına əsaslı təmir olunmuşdur. Bu il 162 şagird respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 600-dən yuxarı, 16 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.
Astara Pedaqoji Kollecinin əsas tədris korpusu və yataqxana binasında müasir tələblərə uyğun istilik sistemi quraşdırılmışdır. Həyətyanı sahədə mütəmadi olaraq abadlıq və təmizlik işləri aparılmış, hər iki tərəfdən giriş qapıları yeni tərtibatla hazırlanmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə Sərəncamı imzalaması rayon ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur. Hazırda poliklinika şöbəsində təmir işləri başa çatmaq üzrədir. Bütün bunlar səhiyyə xidməti sahəsində əhaliyə göstərilən ən yüksək qayğının nəticəsidir.
Mədəniyyət müəssisələri mədəni-kütləvi tədbirlərin hazırlanıb həyata keçirilməsinə diqqəti artırmışlar.
Ümummilli liderimiz Heydər Əliyevin həyatı və fəaliyyəti, əlamətdar tarixi və bayram günlərinin qeyd olunmasına həsr edilmiş tədbirlər keçirilmişdir. Klub, kitabxana, mədəniyyət evi və muzeylərdə keçirilən tədbirlər, kitab sərgiləri və müzakirələri, görüşlər, tematik gecələr, rəsm sərgiləri və özfəaliyyət kollektivlərinin çıxışları rayon ictimaiyyətinin marağına səbəb olmuşdur.
Turizmin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Xəzər dənizinin sahilində müasir tələblərə cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə verilmişdir. Bu da rayona əvvəlki illərə nisbətən turist axının çoxalmasına səbəb olmuşdur.
2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. İdman ilində möhtərəm Prezidentimizin Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi gənclərimizə ən böyük hədiyyə olmuşdur. Kompleks istifadəyə verildikdən sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Həzi Aslanovun şərəfinə Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstan idmançılarının iştirakı ilə “Dzyu-do” güləş növü üzrə ilk dəfə Beynəlxalq turnir keçirilmişdir.
Bu ilin ən mühüm idman hadisəsi rayonumuzun idman məktəbinin yetirməsi Cəbrayıl Həsənovun 2012-ci ildə London şəhərində keçirilən Yay Olimpiya oyunlarında iştirak etməsi olmuşdur. Yeniyetmələr arasında Bakı şəhərində keçirilən atletika üzrə Azərbaycan birinciliyində rayonu təmsil edən idmançılarımız 4 qızıl, 3 gümüş, 2 bürünc medal qazanmışlar. İnanırıq ki, möhtəşəm Olimpiya İdman Kompleksi gələcək yarışlarda Azərbaycanımızın bayrağını yüksəklərə qaldıran idmançılarımızın hazırlanmasında əvəzsiz rol oynayacaqdır.
Ötən müddət ərzində rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüşdür. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.
İclasda Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev, 52 saylı Yol idarəsinin müdiri Qurban Əliyev, ƏSMM-nin direktoru Xəyyam Əkbərov, rayon İcra hakimiyyəti başçısının Şüvi ərazi icra nümayəndəsi Fəraddin Babayev çıxış etmişlər.
İcra başçısı iclasa yekun vuraraq hesabat dövründə xeyli iş görüldüyünə baxmayaraq qarşıda daha mühüm vəzifələrin durduğunu xüsusi vurğulamış, tövsiyə və tapşırıqlarını vermişdir.
 

Keçidlər