Rayonun Şovaş və Siyatük kəndlərində təbii qazın açılışı olmuşdur
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində, xüsusən Astara rayonunda geniş quruculuq və abadlıq işləri günbəgün güclənir. Əhalinin ən çox ehtiyacı olduğu sosial problemlərin həlli istiqamətində görülən işlər diqqət mərkəzindədir.
Rayonumuzda son dövrdə məktəb tikintisi, qəsəbə və kənd yollarının asfaltlaşdırılması, digər xidmət müəssisələrinin istifadəyə verilməsi geniş vüsət almışdır. Əhalinin, xüsusən ucqar dağlıq ərazidə yaşayanların təbii qaza olan ehtiyacının ödənilməsi sahəsində görülən işlər daha sevindiricidir.
Uzun illər idi ki, rayonun ucqar dağ kəndlərindən olan Siyatük və Şovaş kənd sakinləri təbii qaz almadığına görə ciddi çətinliklərlə üzləşirdilər. Hətta keçmiş sovet dönəmində belə bu kəndlərə qaz xətti çəkilməmişdi. Qış aylarında daha çox əziyyət çəkən yerli sakinlər odun tədarük etməklə evləri qızdırırdılar.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Şuvi kəndində əhali ilə görüşündə kənd ağsaqqalı Manaf Baxşiyev ucqar ərazidə yerləşən kəndlərə, xüsusən Siyatük kəndinə qaz çəkilişinə köməklik göstərilməsini xahiş etmişdi. Manaf kişinin bu xahişi rayon rəhbərliyinin yaxından köməkliyi ilə öz həllini tapdı.
Müqəddəs Qurban bayramı ərəfəsində rayonumuzun daha iki ucqar dağ kəndinə Siyatük və Şovaş kəndlərinə təbii qaz verilməsi təmin edilmişdir. Bu münasibətlə Siyatük və Şovaş kəndlərində açılış mərasimləri olmuşdur. Hər iki ucqar dağ kəndində 200-ə yaxın evə təbii qaz verilməsi təmin edilmiş, 1000 nəfərdən çox sakin mavi alovun sevincinə qoşulmuşdur.
Səncərədi inzibati ərazi dairəsinə aid Şovaş kəndində keçirilən tədbiri icra nümayəndəsi Balacan Həbibov açmışdır. Kənd sakinlərindən Hacı Mahmud Mahmudov, Rəvanə Baxşiyeva və Xoşkəlam Şükürov çıxış edərək bu əziz günlərdə-Qurban Bayramı ərəfəsində kənd sakinlərinə belə bir xoşbəxtlik nəsib olduğuna görə Möhtərəm Prezidentimiz İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Şuvi inzibati ərazi dairəsinə aid Siyatük kəndində keçirilən tədbirdə çıxış edənlər-icra nümayəndəsi Fərəddin Babayev, kənd sakinləri Əbülfət Qüdrətov, Ayxanım İbrahimova, Manaf Baxşiyev, Hacı Mahmud Məmmədov son aylarda rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrində geniş abadlıq işlərinin görülməsini, xüsusilə Şuvi kəndində 480 yerlik yeni məktəb binasının tikintisi və digər sosial problemlərin həlli ilə əlaqədar işlərin görülməsini yüksək qiymətləndirmiş və bütün bunlara görə Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Möhtərəm cənab Prezident İlham Əliyevə ən xoş arzularını və təşəkkürlərini ifadə etmişlər.
Hacı Mahmud Məmmədov çıxışında 2013-cü ildə keçiriləcək Prezident seçkilərində bütün Azərbaycan xalqı kimi astaralıların, xüsusilə Şuvi inzibati ərazi dairəsinə aid bütün kəndlərin sakinlərinin yenidən İlham Əliyevi dəstəkləyəcəklərini vurğulamışdır.
Siyatük kənd sakini Ağakişi Babayevin evində mavi qazın verilməsi nümayiş edilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Şovaş və Siyatük kəndlərində təbii qaz verilməsinə həsr olunmuş tədbirlərdə çıxış etmişdir. İcra başçısı yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi və Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.
Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycanın çiçəklənməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Mütərəqqi sabit siyasəti, güclü iqtisadi inkişafı ilə diqqət çəkən gənc respublikamız dünyanın ən güclü dövlətləri ilə yüksək səviyyəli münasibətlər qurmuşdur. Bu gün bütün beynəlxalq tədbirlərdə ölkəmiz dünya dövlətləri tərəfindən dəstəklənir və əməkdaşlıq üçün layiqli tərəfdaş kimi qəbul edilir.
Ölkəmizin yüksək inkişafı bu gün bölgələrdə də aydın görünür. Regionların iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlər rayonlarda ən ucqar kəndlərin abadlaşmasını reallığa çevirmişdir. Bunu rayonumuzun timsalında görə bilərik.
Təkcə son bir ildə rayonda Astara Olimpiya İdman Kompleksi, Gənclər evi, bir neçə məktəb və digər sosial yönümlü obyektlər inşa edilmiş, yollar asfaltlaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Mərkəzi Xəstəxana əsaslı təmir olunaraq yenidən qurulmuş, poliklinika şöbəsi əsaslı təmir edilir.
Şəhərdə ictimai yaşayış binaların fasadı müasir formada əsaslı təmir edilmiş, çoxmərtəbəli yaşayış binaların dam örtüyü, kanalizasiya xətləri yeniləri ilə əvəz edilmişdir.
Heydər Əliyev Parkı genişləndirilmiş, ən müasir dizaynerlə yenidən qurulması istiqamətində işlər davam etdirilir. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Bu istiqamətdə abadlıq-quruculuq işləri hər yerdə aparılır. Mən bütün sakinlərimiz adından ucqar dağ kəndlərinə belə diqqət və qayğı göstərən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edir, ölkəmizin inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulayıram.
Sonda Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev təbii qaz verilməsini nümayiş edən mavi alovu şölələndirmişdir.