Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir
24 oktyabr 2012-ci il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə partiya fəalları, ziyalılar, rayonun inzibati orqanlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP rayon təşkilatının sədri F.Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının şanlı tarixindən bəhs edən “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış siyasi təşkilatdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Respublikanın əməkdar kənd təsərrüfatı işçisi, YAP Astara rayon təşkilatı Ağsaqqallar şurasının sədri Həsən İbrahimov, Qadınlar şurasının sədri Bəsti Əliyeva, Gənclər birliyinin sədri Rəsul Nəsirov, YAP-ın yaradıcı təəssubkeşlərindən və 91-lərdən biri, akademik Südeyif İmamverdiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının inkişafı naminə gördüyü möhtəşəm işlərdən danışmış, bu siyasəti uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı yüksək nailiyyətləri iştirakçıların nəzərinə çatdırmışlar.
Tədbirdə YAP Astara rayon təşkilatı idarə heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev məzmunlu nitq söyləyərək ölkəmizin yüksək inkişaf mərhələsinə çatmasında mühüm rol oynayan, böyük aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasının iyirminci ildönümü münasibəti ilə iştirakçıları təbrik etmiş, müstəqil Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər arzulamışdır.
O, qeyd etmişdir ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrik siyasi gedişləri ilə bütün sınaqlardan məharətlə çıxan Yeni Azərbaycan Partiyası aparıcı bir siyasi qüvvəyə çevrilərək ölkəmizin müasir inkişaf mərhələsinə çatmasında mühüm rol oynamışdır.
Yeni Azərbaycan Partiyasının liderlik səviyyəsinə yüksəlməsində bu partiyanın banisi Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Bu böyük şəxsiyyət, dahi insan partiyaya rəhbərliyi dövründə Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizi tənəzzüldən böyük tərəqqi yollarına çıxararaq bütün dünyaya tanıtmışdır.
Bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə bütün beynəlxalq tədbirlərdə ölkəmiz dünya dövlətləri tərəfindən dəstəklənir və əməkdaşlıq üçün layiqli tərəfdaş kimi qəbul edilir.
Bakı İkinci Beynəlxalq Humanitar Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Bakıda keçirilən XII zirvə toplantısında beynəlxalq münasibətlər sistemində mövqelərimizin getdikcə möhkəmlənməsi, baş verən proseslərdə təsir imkanlarının artması, müsəlman dövlətlərin dini, siyasi, tarixi, mədəni və ticarət əlaqələrinin güclənməsi zərurəti xüsusi vurğulanmışdır. Cənab İlham Əliyevin bir neçə ölkənin sabiq rəhbərləri ilə görüşləri də respublikamızın regionda sivilizasiyalararası dialoqun başlıca mərkəzə çevrildiyini bir daha sübuta yetirildi.
Bu gün bütün dünyada sivil bir dövlət kimi tanınan Azərbaycan dünyanın mütərəqqi ölkələrin fəal iştirakı və dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Böyük irəliləyişə nail olan Azərbaycan iqtisadiyyatı bütövlükdə Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 75 %-ni təşkil edir. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 2.3 dəfə çoxdur.
Respublikamızda son illərdə idmanın inkişafı geniş vüsət almış, Olimpiya, Dünya, Avropa Çempionatlarında yüksək nailiyyətlər əldə edilmişdir. London Yay Olimpiya oyunlarında idmançılarımız uğurla çıxış edərək Azərbaycanın Dövlət Himnini səsləndirmiş, Bayrağımızı yüksəklərə ucaltmışlar. Boks və Güləş üzrə Beynəlxalq turnirlərin, 17 yaşlı qızların Futbol üzrə Dünya Çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi ölkəmizin nüfuzunu daha da artırmışdır.
Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qazanılan nailiyyətlərin müvəffəqiyyətli davamı bizi hədsiz sevindirir.
Ölkəmizin yüksək inkişafı bu gün bölgələrdə də aydın görünür. Möhtərəm Prezidentimiz bu il rayonumuza səfəri zamanı “İdman ili” ilə əlaqədar gənclərə Astara Olimpiya İdman Kompleksini hədiyyə etmişdir. Eyni zamanda cənab İlham Əliyev YAP rayon təşkilatı üçün yeni inzibati binanın açılışında iştirak etmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər inşa edilir, yollar asfaltlaşdırılır, şəhər, qəsəbə və kəndlərə təbii qaz xətti çəkilir, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi davam etdirilir.
İcra başçısı Q.Ağayev bütün bu görülən işlərə görə astaralılar adından Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, ölkəmizin inkişafı naminə gördüyü möhtəşəm işlərdə uğurlar arzulamışdır.
Sonda Partiyanın bir qrup fəal üzvü Fəxri Fərmanlarla təltif olunmuş, partiyaya yeni qəbul olunanlara üzvlük biletləri təqdim edilmişdir.