Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev “İdman ili” ilə əlaqədar rayon idmançıları ilə görüşmüşdür

31 oktyabr 2012 | 16:00

30 oktyabr 2012-ci il tarixdə Astara rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev rayonun idmançıları ilə görüşmüşdür.
Görüşdə müxtəlif idman növləri üzrə respublika birinciliklərində, çempionatlarda və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, veteran idmançılar və əlaqədar idarələrin rəhbərləri, həmçinin ikiqat Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev, ikiqat Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev görüşü giriş sözü ilə açaraq qeyd etmişdir ki, ayrı-ayrı idman növləri üzrə uğurlar qazanmış rayon idmançıları ilə bir neçə dəfə görüşlərimiz olmuşdur. Lakin, belə geniş tərkibdə idmançılarla ilk dəfədir ki görüşürük. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2012-ci ili “İdman ili” elan etmişdir. Artıq bunun 10 ayı arxada qalmışdır. Bu ötən müddət respublikamızın idman həyatında çox uğurlu idman göstəriciləri ilə yaddaqalan olmuşdur. İdmançılarımız ayrı-ayrı növlər üzrə bir sıra mötəbər beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında uğurlu nəticələr qazanmış, respublikamızın idman şərəfini layiqincə qorumuşlar. 2012-ci il London Yay Olimpiadasında idmançılarımız Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmaqla idman tariximizə şanlı səhifə yazdılar. 205 ölkənin iştirak etdiyi bu böyük idman tədbirində ölkəmizin idmançılarının 10 medal qazanaraq 30-cu yerdə qərar tutması böyük nailiyyətdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı nəticəsində son dövrdə ölkəmiz dünyanın idman mərkəzinə çevrilmişdir. Beynəlxalq aləmdə Azərbaycan, Bakı idman oyunlarının paytaxtı kimi tanınır.
2011-ci ildə Bakıda boks üzrə dünya çempionatının, bu il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının, ən nəhayət, Formula-1 yarışının və digər idman növləri üzrə mötəbər beynəlxalq turnirlərinin Azərbaycanda keçirilməsi dediklərimizə sübutdur.
Çox fərəhlidir ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı yüksək göstəricilər ilbəil artır. Bu nailiyyətlərdə Astara idmançılarının da layiqli payı vardır. İkiqat Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, Əməkdar məşqçi, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev, Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov və başqa həmyerlilərimizin idmanın müxtəlif növlərində qazandıqları medallar dediklərimizə əyani sübutdur. Astaralı idmançıların uğurları haqqında daha çox söhbət açmaq olar. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu ilin mart ayında açılışında iştirak etdiyi Astara Olimpiya idman kompleksi “İdman ili”ndə gənclərimizə ən qiymətli hədiyyə oldu. İndi əsas məqsəd bu kompleksin imkanlarından səmərəli istifadə etməklə daha yüksək idman göstəriciləri qazanmaqdır. Astara idmançıları bu imkandan bacarıqla istifadə etməlidirlər.
Bu gün keçirdiyimiz görüşün əsas məqsədi yerli idmançıların fikirlərini öyrənmək, onlarla səmimi söhbət aparmaq, idmanın hərtərəfli inkişafı üçün qarşıda duran vəzifələri müəyyənləşdirmək, mövcud problem və çətinliklərin həlli yollarını birlikdə araşdırmaqdır.
2012-ci il – “İdman ili”ndə qazanılan nailiyyətlər barədə rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev geniş məlumat verdi.
Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev, Uşaq Gənclər İdman məktəbinin direktoru Tofiq Həmidov, şəhər 2 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Afaq Əkbərov, məşqçilər Qəhrəman Mirzəyev, Rəşad Abdullayev, Tofiq Sultanov və başqaları çıxış edərək rayonda idmanın inkişafı sahəsində qazanılan nailiyyətlər və mövcud problemlər barədə fikirlərini bildirdilər. Çıxış edənlər Olimpiya idman kompleksində ixtisaslı məşqçilərə ehtiyac olması, Astara Pedaqoji Kollecində idmanın dərslərinin Olimpiya İdman Kompleksində tədrisinə şərait yaradılması, Uşaq Gənclər İdman məktəbi və şəhər 2 saylı tam orta məktəbinin əsaslı təmirinin vacibliyi, rayon mərkəzində müasir standartlara cavab verən futbol meydançasının yaradılması barədə təkliflər söylədilər.
İkiqat Avropa çempionu, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev çıxış edərək rayonda ilk dəfə olaraq idmançılarla belə yüksək səviyyəli görüşün təşkili üçün icra başçısına öz dərin minnətdarlığını bildirdi. Astara idmançılarına göstərilən bu qayğı və diqqət həmyerlilərimizin gələcəkdə daha yüksək nailiyyətlər qazanmasına stimul verəcəkdir.
Rayon İcra hakimiyyətinin başçısı görüşə yekun vuraraq bildirdi ki, bu görüş çox səmərəli və faydalı oldu. Astara idmançılarının nailiyyətləri çoxdur. Cəbrayıl Həsənovun London Olimpiadasına lisenziya qazanmasının özü və orada iştirakı əslində qələbədir. Biz gələcəkdə idmançılarımızdan daha yüksək nəticələr gözləyirik. Bütün bunlarla birlikdə qarşıda duran ən mühüm vəzifə ayrı-ayrı idmançıların mötəbər yarışlarda medal qazanmaqla yanaşı, ümumilikdə idmanda kütləviliyə nail olmaqdır. Biz çalışmalıyıq ki, rayonumuzun bütün gəncləri idmanla yaxından məşğul olsun, xoşagəlməz əməllərə qurşanmasın, sağlam həyat tərzi keçirsinlər. Buna görə rayonda mövcud imkanlardan geniş şəkildə istifadə olunmalıdır. Xüsusən orta məktəblərdə fiziki tərbiyə dərslərinə diqqət artırılmalıdır. Rayonda mövcud Şahmat məktəbində işlər daha da canlandırılmalıdır. Olimpiya İdman Kompleksində rayonumuzun bütün idmançıları üçün tam normal şərait yaradılmalıdır. Bu görüşdə idmançılar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində gələcəkdə konkret tədbirlər görüləcəkdir. Bütün idman növlərinin inkişafı üçün mümkün olan tədbirləri həyata keçirəcəyik.
İcra başçısı idmançı gənclərə qazanılan müvəffəqiyyətlərlə kifayətlənməməyi, beynəlxalq yarışlarda, Avropa və Dünya birinciliklərində Azərbaycanımızı ən yüksək səviyyədə təmsil etmək üçün çalışmağı tövsiyə etmiş, bildirmişdir ki, uğurlu çıxışla, yüksək nəticə ilə Azərbaycan bayrağını yüksəklərə qaldırmaq ən böyük xoşbəxtlik və səadətdir.
Sizə bu səadətə qovuşmağı arzulayıram.

Keçidlər