Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir
8 noyabr 2012-ci il tarixdə Astara rayonunda 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2011-ci ildə açılışını etdiyi Bayraq meydanında keçirilmişdir.
Tədbirin aparıcısı Akif İskəndərov bu əlamətdar gün münasibəti ilə iştirakçıları məlumatlandıraraq qeyd etmişdir ki, dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmiş, cümhuriyyətin süqutu ilə bu bayraqdan da imtina olunmuşdur. Yalnız 73 il sonra, 1991-ci ildə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırkı üçrəngli bayrağımız Azərbaycanın Dövlət Bayrağı kimi yenidən qəbul edilmiş, hazırda bu bayraq dünya dövlətlərinin bayraqları ilə yanaşı ən mötəbər beynəlxalq təşkilatların iqamətgahında əzəmətlə dalğalanır. Üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağı günü Azərbaycan xalqının səbirsizliklə gözlədiyini və bu günün uzaqda olmadığını vurğulamışdır.
Tədbirdə rayonun musiqi kollektivlərinin ifasında maraqlı konsert proqramı nümayiş etdirilmiş, məktəblilərin vətənpərvərlik haqqında şerləri dinlənilmişdir.