Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kolatan kənd sakinləri ilə səyyar qəbul və görüşü olmuşdur

16 noyabr 2012 | 16:00

Kakalos kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Kolatan kəndində 1300 nəfərə yaxın əhali yaşayır. 302 təsərrüfat və 155 evdən ibarət bu yaşayış məntəqəsində 225 hektar torpaq sahəsi vardır.
Noyabrın 15-də Astara rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevin Kolatan kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir.
Görüşü giriş sözü ilə Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nəsib Əkbərov açmışdır. O, görüş və səyyar qəbula görə Kolatan kənd sakinlərinin təşəkkürlərini icra başçısına çatdırmışdır.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək qeyd etmişdir ki, rayonun bütün yaşayış məntəqələri kimi Kakalos kənd inzibati ərazi dairəsinə məxsus kəndlərdə də əhali ilə bir neçə dəfə görüşlər keçirmiş və vətəndaşların müraciətlərini dinləmişdir. Bugünkü görüşün də əsas məqsədi kənd sakinlərini dinləmək, onların təklifləri, arzu və istəkləri, tənqidi qeydləri ilə yaxından tanış olmaqdır.
Sonra söz görüş iştirakçılarına verilmişdir.
Kolatan kənd sakinləri Ağarza Cabbarov, Tərlan İbadov, Sultanağa Bəşirov, İnətulla İzzətov, Şabanəli Hüseynov, Səmilə Ramazanova və başqaları çıxış edərək respublikamızda, eləcə də rayonumuzun şəhər, qəsəbə və kəndlərində gedən abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş və bütün bunlara görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər. Görülən işlərlə yanaşı Kolatan kəndində bir sıra xırda problemlərin olduğunu qeyd edən kənd sakinləri onlara islahat dövründə verilmiş pay torpaqlarından lazımınca istifadə edə bilməmələri, Kolatan-Kakalos yolunun bir hissəsinin əsaslı təmirə ehtiyacı olması, kənd mədəniyyət evinin təmiri, mövcud elektrik təsərrüfatının yenidən qurulması, dirəklərin dəyişdirilməsi və digər məsələlər barədə fikir və təkliflərini söyləmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev görüşə yekun vuraraq kənd sakinlərinin qaldırdıqları bütün məsələlərin diqqətlə araşdırılacağını və tədricən mövcud problemlərin həlli istiqamətində tədbirlər görüləcəyini bildirmişdir.
İcra başçısı bütövlükdə respublikamızda və rayonumuzda aparılan geniş quruculuq və abadlıq işləri barədə məlumat verərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində son 10 ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətləri konkret faktlarla diqqətə çatdırmış, əhalinin elektrik enerjisi və təbii qaza olan tələbatının ödənilməsi, yeni təhsil və səhiyyə müəssisələrinin, kənd yollarının tikintisi və yenidən qurulması, əhalinin əmək haqqı və təqaüdlərinin artırılması və vaxtında verilməsi, mühüm sosial proqramların uğurla yerinə yetirilməsindən geniş söhbət açmışdır. Bildirmişdir ki, təkcə son illərdə rayonda 20-dən çox məktəb binası istifadəyə verilmişdir ki, bu da sovet dönəmində olduğundan xeyli çoxdur.
Möhtərəm Prezidentimizin Sərəncamları ilə ayrılan vəsait hesabına Astara-Bala Şahağac yolu yenidən qurulmuş, Mərkəzi Xəstəxananın bir korpusu müasir tələblər səviyyəsində əsaslı təmir edilərək yenidən qurulmuş, digər korpus yaxın günlərdə tam təmirli şəkildə istifadəyə veriləcəkdir. Rayonumuzun ərazisində, xüsusən şəhərdə geniş miqyaslı abadlıq və quruculuq işləri də sürətlə davam etdirilir.
Diqqətinizə çatdırıram ki, burada qaldırılan məsələlərin icrası nəzarətə götürülmüş, həlli üçün müvafiq tədbirlər görüləcəkdir.
Sizə işinizdə yeni-yeni uğurlar arzulayıram.
İcra başçısı Kolatan kənd mədəniyyət evinin binasında mövcud vəziyyətlə tanış olmuş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
 

Keçidlər