Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Tüləgüvan kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur

23 noyabr 2012 | 16:00

Tüləgüvan kəndi Astara rayonunun füsunkar gözəlliyə malik, gözəl təbiəti, saf havası olan ən mənzərəli kəndlərindən biridir. Dağlıq əraziyə malik olan bu kənd rayonun əsas subtropik bazasıdır. Yol boyu fərdi təsərrüfatlarda sıralanmış naringi və feyxoa bağlarını seyr etdikcə qürurlanırdıq.
Tüləgüvan kəndi Kijəbə qəsəbə inzibati ərazi dairəsinə aiddir.
22 noyabr 2012-ci il tarixdə rayon icra hakimiyyətinin başçısı Q.Ağayevin bu kənddə əhali ilə görüş və səyyar qəbulunda ərazi nümayəndəsi Rafael Babayev məlumat verərək qeyd etdi ki, kəndin 344 təsərrüfatında 1446 nəfər əhali yaşayır. 1 bələdiyyə, 1 tam orta məktəbi vardır. Əhalinin əsas məşğuliyyəti sitrusçuluqdur. Bundan başqa heyvandarlıq və arıçılıq da inkişaf etdirilmişdir.
Kənd sakinləri çıxış edərək onlarla görüşə gəldiyinə, müəyyən məsələləri yerində öyrənib arzu və təkliflərini dinlədiyinə görə rayon rəhbərliyinə minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə çiçəklənən ölkəmizlə fəxr edir, qürur hissi keçiririk. Sürətlə inkişaf edən dövlətimizin daha da qüdrətlənməsi üçün cənab Prezidentin həyata keçirdiyi bütün tədbirlərdə həmişə ən yaxın köməkçi olacağıq.
Kənd ağsaqqalı Mirbaba Ağayev qeyd etdi ki, rayonda və qəsəbəmizdə görülən abadlıq-quruculuq işləri bizi hədsiz sevindirir. Bu ilin əvvəlində Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə yolunun asfaltlaşdırılması və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu yolun açılışında iştirakı xüsusilə yaddaqalan oldu. Gələcəkdə Qəcimardə-Tüləgüvan-Ojakəran dairəvi yolunun da asfaltlaşdırılacağına şübhəmiz yoxdur. Bu il sitrus məhsulunun bolluğundan istifadə edib sakinlərin yaxından köməkliyi ilə kənd ara yollarının təmirini isə özümüz həyata keçirəcəyik.
Tüləgüvan kənd tam orta məktəbin direktoru Qulammirzə İsayev məktəb üçün əlavə korpusun və idman zalının tikintisi, ağsaqqal Şəfi Qasımov kəndə təbii qazın verilməsi, Famil Əmənnulayev kəndin bir məhəlləsində elektrik gərginliyinin zəif olması, Nazir Ağayev Tüləgüvan və Şəmətük kəndlərini ayıran çayın üzərində körpünün qoyulması, Firudin Abbasov yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin dəyişdirilməsi barədə təkliflərlə çıxış etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev əhalini salamlayaraq bu mənzərəli dağ kəndində sakinlərlə görüşdən razı qaldığını bildirdi. Yol boyu təsərrüfatlarda sitrus meyvələri yığımı ilə məşğul olan kənd sakinlərinin zəhmətkeşliyindən məmnun olduğunu söyləyən icra başçısı bu cür məhsul bolluğuna sevindiyini, tədarük edilən məhsulların bazara çıxarılmasına hər cür köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırdı.
İcra başçısı sadalanan problemlər, arzu və təkliflərə münasibət bildirərək qeyd etdi ki, bu kəndə gəlməmişdən də müəyyən problemlərlə tanış idim. Dağ kəndi olduğuna görə özünəməxsus çətinlikləri, problemləri də vardır. Amma, sizi dinləmək narahatlıq doğuran məsələlərin həlli yollarını birgə axtarmaq məqsədi ilə görüşməyimizi məqsədəuyğun hesab etdim. Kənd ara yollarının təmiri, elektrik dirəyinin dəyişdirilməsi, əlavə transformatorun qoyulması kimi yerli əhəmiyyətli məsələlərin həlli qısa müddətdə həyata keçiriləcəkdir. Digər problemlər də vaxtı gəldikcə həllini tapacaqdır.
Bilirsiniz ki, Respublikamızda sosial problemlərin həlli ilə əlaqədar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən vaxtaşırı Sərəncamlar imzalanır. Bunlardan biri də “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramıdır. Bu proqram çərçivəsində görülən işlər ən ucqar yaşayış məntəqələrini, kəndlərimizi də abad, firavan bir diyara çevirməkdədir. Bununla əlaqədar rayonumuzda da çoxlu işlər görülmüş və silsilə tədbirlər davam edir. Yeni məktəb binaları tikilir, ictimai-yaşayış binaları əsaslı təmir olunur, şəhərin prospekt və küçələri abadlaşdırılır, yollar asfaltlaşdırılır, yaşayış məntəqələrinə təbii qazın verilişi bərpa olunur, rayon Mərkəzi Xəstəxananın ikinci korpusunun əsaslı təmiri davam etməklə digər abadlıq-quruculuq işləri aparılır. Bu işlərdə yüzlərlə vətəndaş çalışır ki, bu da yeni iş yerlərinin açılması deməkdir. Bütün bunlar müstəqil dövlətimizin çiçəklənməsi, əhalinin rifah halının, güzəranının daha da yaxşılaşdırılmasına xidmət edir.
İnanıram ki, növbəti görüşlərimizdə Tüləgüvan kəndinin sadalanan problemlərinin əksəriyyətinin həll olunduğunun şahidi olacağıq. Sizin hər birinizə möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Sonda icra hakimiyyətinin başçısı Q.Ağayev Tüləgüvan kənd tam orta məktəbində olmuş, şagirdlərin təlim-tərbiyəsi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.

 

Keçidlər