Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Deqədi kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur
Kənd sakinləri ilə görüşü rayon icra hakimiyyətinin başçısı açaraq bildirdi ki, Şuvi inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan bütün kəndlərdə olmuşam. Bu gün də Deqədi kənd sakinləri ilə görüşməyi qərara almışam.
Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fərəddin Babayev məlumat verərək bildirdi ki, 111 təsərrüfatdan ibarət bu kənddə 519 nəfər əhali yaşayır. Kənddə 1 ümumi orta məktəb, 1 klub və bir neçə sahibkarlıq obyekti əhaliyə xidmət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq və heyvandarlıqdır. Hazırda sitrus yığımı davam edir.
Söz kənd sakinlərinə verildi. Kənd sakinlərindən Şairağa Qasımov Deqədi - Şuvi kəndlərini ayıran Sərək çayı üzərində körpünün qoyulması, Ojakəran-Deqədi yolunun təmirinin başa çatdırılması, Zülfüqar Salayev kəndə və məktəbə telefon xəttinin çəkilməsi, Mehdi Məmmədov kəndə təbii qaz xəttinin çəkilməsi, Şahin Tarverdiyev köhnəlmiş elektrik dirəkləri və xətlərinin dəyişdirilməsi, Tarif Rzayev yaxınlıqdakı transformatordan məktəbə yeni elektrik xəttinin çəkilməsi barədə arzu və təkliflərini bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev səmimi görüşə görə kənd sakinlərinə minnətdarlığını bildirərək qeyd etdi ki, rayonun hər yerində olduğu kimi bu kənddə də müəyyən abadlıq işləri görülmüşdür. 2006-cı ildə istifadəyə verilən yeni məktəb binasında yüksək təhsil almaq üçün normal şərait vardır.
Bütün astaralılar kimi Deqədi kənd sakinləri də dövlətə və dövlətçiliyə sədaqətini əməli işləri ilə sübut edirlər. Müstəqilliyin ilk illərində naşı rəhbərlərin səhlənkarlığı nəticəsində ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşmişdi. Bütün sahələrdə hərc-mərclik hökm sürürdü. Əhalinin güzəranı olduqca acınacaqlı idi. Enerji təminatında ciddi problemlər var idi. Digər sahələrdə də çətinliklər az deyildi. Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə baş alıb gedən özbaşınalığa son qoyuldu. Sosial-iqtisadi inkişaf sahəsində ilbəil uğurlar qazanıldı. İndi hətta ölkəmizin ən ucqar kəndlərində belə yeni məktəb binaları tikilmiş, əhaliyə elektrik enerjisinin fasiləsiz verilməsi təmin edilmişdir. Bu gün respublikamızda, eləcə də rayonumuzda geniş abadlıq və quruculuq işləri davam etdirilir. Rayonun ən ucqar guşələrində belə gözəl şəraitin yaradılması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyinin parlaq sübutudur.
Dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər əhalinin rifah halını yüksəltməklə, müstəqil dövlətimizi beynəlxalq miqyasda gündən-günə şöhrətləndirir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Hazırda rayonumuzda da ən ucqar dağ kəndləri də daxil olmaqla 10 yeni məktəb binası tikilir, yollar təmir olunur, körpülər salınır, abadlıq işləri görülür. Bu kəndə qonşu olan Şuvi, Sərək, Səlivə kəndlərində hazırda qaz çəkilişi işi tamamlanandan sonra Deqədi kəndində də işə başlanacaqdır.
Yerlərdə əhali ilə keçirilən görüşlərin əsas məqsədi də görülən işlərlə tanış olmaqla yanaşı mövcud problemləri öyrənmək və onun həlli yollarını axtarmaqdır. Burada əhalini narahat edən məsələlər, mövcud problemlər barədə məlumat verildi. Verilən təkliflərin hamısı qeydiyyata götürülmüşdür. Elektrik təsərrüfatının təmiri ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıq verildi. Yol-abadlıq işləri ilə əlaqədar lazımi köməklik göstəriləcəkdir. Qonşu kənddə qaz çəkilişi başa çatdırıldıqdan sonra bu kəndlərə də qaz çəkilişinə başlanacaqdır. Ümid edirəm ki, gələn görüşlərimizdə qaldırılan problemlərin tamamilə həllinin şahidi olacaq, sevincini yaşayacağıq. Ölkəmizin gündən günə artan iqtisadi gücü, qazanılan uğurlar bunları deməyə əsas verir.
Sonra İcra başçısı Deqədi kənd ümumi orta məktəbində mövcud vəziyyətlə tanış olmuşdur. Məktəbin ibtidai sinif müəllimi Minarə Məmmədovanın dərs dediyi, əlifbanı yenicə öyrənməyə başlayan I sinif şagirdləri Azərbaycanın Dövlət Himnini və Azərbaycan şerini səlis şəkildə ifa etmişlər.
Məktəbdə, xüsusən yuxarı siniflərdə şagirdlərin dərsə davamiyyətindən razılığını bildirən rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev kollektivə tövsiyə və tapşırıqlarını verərək ayrılmışdır.