Ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsi ehtiramla yad edildi
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il keçir. Ulu öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatlar yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da ümummilli lider Heydər Əliyevin anım günü minlərlə astaralının iştirakı ilə kövrək duyğularla qeyd olundu. Qədirbilən astaralılar ulu öndərimiz Heydər Əliyevin rayonumuza tarixi səfərlərini, göstərdiyi diqqət və qayğını heç vaxt unutmur, ümummilli lider Heydər Əliyevin Astara və astarlılar haqqında dediyi xoş sözləri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 9-cu ildönümü günü – dekabrın 12-də rayonumuzun bütün ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların, mədəni-maarif müəssisələrinin kollektivləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edir, abidə önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirdilər.
Dekabrın 12-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayon İcra hakimiyyəti başçısı yanında şuranın üzvləri, inzibati orqanların rəhbərləri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə əklil və gül dəstələri qoydular.
Sonra rayonun bütün idarə, müəssisə və təşkilatlarının, inzibati orqanların, gömrük idarəsinin, hərbi hissələrin, Astara Pedaqoji Kollecinin, mədəni-maarif müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Abidənin ziyarətindən sonra rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon İcra hakimiyyəti başçısı yanında şuranın üzvləri, inzibati orqanların rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların, rayon məktəblərinin müəllim və şagird kollektivləri, Astara Pedaqoji Kollecinin müəllim və tələbələri Heydər Əliyev Mərkəzində olmuş, ulu öndərin büstü önünə gül dəstələri qoymuş, ümummilli liderimizin ömür yolundan, siyasi və dövlət xadimi kimi müdrik fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən bəhs edən foto stendlərlə, nadir eksponatlara böyük maraqla baxmış, Heydər Əliyevin Astaraya səfərlərindən bəhs edən video lentə tamaşa etmişlər.