Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Dekabrın 12-də rayon İcra hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açmışdır.
O qeyd etmişdir ki, bu gün doğma Azərbaycanımızın hər yerində xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir, ulu öndərin əziz xatirəsi ehtiramla yad edilir.
Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun işıqlı ideyaları yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasına və bütövlükdə sülhsevər bəşəriyyətin mütərəqqi inkişafına daima stimul verir. Ulu öndər Azərbaycana xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.
Bu dahi şəxsiyyətin təkcə 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gəlməsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycan dövlətini düçar olduğu fəlakətdən xilas edərək hazırkı firavan həyata qovuşdurması Azərbaycan tarixinin heç vaxt unudulmayan və yaddan çıxmayan tarixi salnaməsidir. Bu gün müstəqil dövlətimiz hərtərəfli inkişaf edərək dünyanın ən qüdrətli dövlətləri sırasında olması bizdə böyük qurur hissi doğurur. Ulu öndərimizin siyasətini uğurla davam etdirən ölkə prezidenti, cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli inkişaf yolunu uğurla davam etdirir. Bu günlərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinin daha bir təsdiqinin şahidi olduq. İlk dəfə keçiriləcək Avropa-Olimpiya oyunlarının Bakı şəhərinə etibar edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin parlaq təzahürüdür.
Q.Ağayev Ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfransı açıq elan edərək konfransın işinə uğurlar arzuladı.
Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova “Həyatını xalqına həsr etmiş dahi”, rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Fuad Səmədov “Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyevin rolu”, Astara şəhər 3 saylı tam orta məktəbinin tarix müəllimi İlhamə Məmmədova “Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan tarixi şəxsiyyətdir” mövzularında məruzələrlə çıxış etmişlər.
Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, rayon Mərkəzi Kitabxana sisteminin direktoru Nazim Fərəməzov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova çıxış edərək Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən ətraflı söhbət açmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev konfransa yekun vuraraq qeyd etdi ki, ulu öndərin dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri hər birimizin yaddaşında əbədi iz qoymuşdur. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Azərbaycanımızın Heydər Əliyev kimi dahi övladı olmuşdur. Belə bir xoşbəxtlik heç də hər bir xalqa nəsib olmur.
Mən inanıram ki, həmişə olduğu kimi astaralılar ulu öndər Heydər Əliyevin siyasətini yenə də dəstəkləyəcək, ümummilli liderə olan sədaqətlərini əməli işləri ilə sübut edəcəklər.