ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Astaraya səfər etmişdir
ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Hüqo Qevara Astarada səfərdə olmuş və rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevlə görüşmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev nümayəndə heyətini salamlamış, Astaranın coğrafi mövqeyi, təbiəti, sosial-iqtisadi inkişafı, turizm potensalı barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, əhalinin məşğuliyyətində çayçılıq, sitrusçuluq və heyvandarlıq üstünlük təşkil edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin qovşağında yerləşən Astara yaxın gələcəkdə böyük logistika mərkəzinə çevriləcəkdir. Eyni zamanda dəniz və dağ təbii landşaflarına malik rayonumuzda turizm üçün geniş potensial vardır. İstərdik ki, digər ölkələrlə yanaşı ABŞ iş adamları da rayonumuza investisiya qoymaqla öz töhvələrini versinlər.
Azərbaycan-ABŞ dostluq və diplomatik əlaqələri mühüm əhəmiyyət daşıyır. Bu əlaqələr sayəsində ABŞ-ın ali təhsil müəssisələrində təhsil alan tələbələrimizin sayı ildən-ilə artır. Amerikanın müxtəlif təşkilatları tərəfindən ölkəmizdə və eləcə də rayonumuzda mühüm layihələr həyata keçirilir. Bu dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsindən ötrü ölkə rəhbərlərimiz tərəfindən bütün işlər görülür.
Bildiyiniz kimi, erməni terrorçularının işğal dövrüdə talan etdiyi ərazilərdə hazırda dövlətimiz tərəfindən mina təmizləmə işləri aparılmaqla yanaşı geniş quruculuq-bərpa işləri görülür. Ümid edirəm ki, ABŞ şirkətlərinin ölkəmizdə icra etdiyi layihələrin miqyası genişlənərək işğaldan azad edilən torpaqlarımızda da həyata keçiriləcəkdir. Bu zaman erməni vandallarının insanlığa sığmayan vəhşiliklərini öz gözləri ilə görən nümayəndələriniz Azərbaycan həqiqətlərini Amerika xalqına və beynəlxalq ictimaiyyətə çatdıracaqlar.
Torpaqlarımızı erməni işğalından azad etdikdən sonra fars molla rejimi ölkəmizə qarşı aqressiyasını artırmış, erməni terrorçularına dəstəyini davam etdirir. Bu da qonşuluq əlaqələrimizə xələl gətirməklə bölgədə davamlı sülhün bərqərar olmasına maneələr törədir.
İcra başçısı tərəfindən qonağı maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı işgüzar əlaqələrin davam etdirilməsi, ABŞ investorlarının və turistlərinin Astara rayonuna cəlb edilməsindən ötrü fikir mübadiləsi aparılmışdır.
ABŞ-ın ölkəmizdə müvəqqəti işlər vəkili cənab Hüqo Qevara rayon İcra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlıq etmişdir. ABŞ-Azərbaycan əlaqələri çərçivəsində ölkəmizdə, o cümlədən Astarada görülmüş işlər barədə məlumat vermiş, yeni layihələr barədə təkliflərin dəyərləndiriləcəyini bildirmişdir.
Qonaq eyni zamanda qeyd etmişdir ki, ABŞ dövləti bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və davamlı sülhün əldə edilməsində bütün imkanlardan istifadə edəcəkdir.
Astaranın çox gözəl havası və təbiəti olduğunu vurğulayan qonaq, yenidən rayona səfər edəcəyini qeyd etmişdir.
Səfər çərçivəsində müvəqqəti işlər vəkili cənab Hüqo Qevara Astara Sərhəd Gömrük Keçid Məntəqəsində və Astara Dəmir Yolu Gömrük Keçid Məntəqəsində ABŞ tərəfindən ianə edilmiş rentgen-nəzarət avadanlıqlarına baxış keçirmişdir.
Sonra səfir rayonda gəzməli-görməli yerlərlə tanış olmuşdur.