Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

01 iyul 2024 | 18:53

Astarada Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Hesabatda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov və rayonun ağsaqqalları iştirak etmişlər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri açaraq Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların müstəqil dövlətimizin bu günkü yüksək inkişafında xidmətlərindən, səmərəli fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, rayonun ictimai-siyasi həyatında mühüm rol oynamaqla, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində müstəsna xidmətlərə malikdir. Qələbəmizlə başa çatan Vətən müharibəsində və bu il 7 fevral tarixində keçirilən Prezident seçkilərində bir daha bunun şahidi olduq.  

İcra başçısı qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ölkəmiz və xalqımız üçün ən uğurlu illərdən biri olmuşdur.  “Heydər Əliyev İli”ndə Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar rayonumuzda müxtəlif məzmunda silsilə tədbirlər keçirilmişdir. Dünyanın bir neçə ölkəsindən gəlmiş məşhur tibb alimləri və həkimlərin iştirakı ilə Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi,  Təhsil Festivalı, dünyada ilk dəfə keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları rayonumuzda yüksək səviyyədə təşkil olunaraq keçirilmiş, bu tədbirlərdə on minlərlə iştirakçı olmuşdur.    

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə də bütün rayon ictimaiyyəti kimi ağsaqqallarımızın fəal rol oynayacaqlarına, ən layiqli namizədə səs verəcəklərinə inanıram.

Tədbirdə  rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, ağsaqqallar Azər Abdullayev, Heybət Hüseynov, Cahangir Əliyev, Qadir Məmmədov və başqaları çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin dünyada tanınması istiqamətində həyata keçirtdiyi məqsədyönlü siyasətdən, müstəqil respublikamızı yüksək inkişaf yoluna çıxarmasından məmnun olduqlarını bildirmiş, uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etməklə xalqımıza qələbə sevincini yaşadaraq dünyaya qalib xalq kimi tanıtmasından qürur duyduqlarını söyləmişlər.  

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar Elm Xadimi, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin zəkası, tükənməz gücü, yüksək idarəçiliyi ilə dövlətimizin beynəlxalq aləmdə formalaşan yüksək mövqeyindən, ölkəmizi inamla irəli aparan yorulmaz fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmış, ağsaqqallarımızın həmişə olduğu kimi bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməyin vacibliyini qeyd etmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər