Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi Astarada qeyd edilmişdir

28 aprel 2023 | 15:20

Astarada Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Ulu Öndərin və akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli oftalmoloq alimin misilsiz fəaliyyətindən bəhs edən videofilm izlənmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etmişdir ki, bu gün yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olduğu günüdür. Adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmış Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində  Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə təhsilini davam etmişdir.

Zərifə xanım Əliyeva 1959-cu ildə fəlsəfə doktoru, 1977-ci ildə Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almışdır. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda başlayan Zərifə xanım Əliyeva 1983-cü ildə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

Akademik Zərifə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə 1977-ci ildə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir. Zərifə Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur.

Bu böyük alim və şəxsiyyətin dövlət və xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilmiş, ən yüksək orden və medallarla təltif edilmişdir. Zərifə xanım Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının “Akademik Averbax” mükafatı ilə təltif olunan ilk qadın alim olmuşdur. 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin məslək və əqidə silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuşdur.

Bu il həm də cənab Prezidentin Sərəncamı ilə respublikamızda “Heydər Əliyev İli” elan olunmuş, bu münasibətlə keçirilən tədbirlər davam edir. Bununla əlaqədar 21-23 aprel tarixlərində rayonumuzda keçirilən Azərbaycan-Alman-Türk tibb konqresi xüsusilə qeyd edilməlidir. Bu böyük beynəlxalq tədbirdə dünyanın 10 ölkəsindən tibb elminin məşhur simaları iştirak etdilər. Onlar üç gün müddətində yüzlərlə həkim mütəxəssislər qarşısında elmi məruzələrlə çıxış etməklə, ustad dərsləri keçdilər, canlı cərrahi əməliyyatlar icra etdilər.

Artıq bir neçə ildir ki, Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri görkəmli akademikin ad günü ərəfəsində rayonumuzda aksiya keçirir, sakinlərin müayinə, müalicəsini aparır və cərrahi əməliyyatlar icra edirlər. Məlumat üçün bildirim ki, bu ənənəvi aksiyanın bu il Ulu Öndərin doğum günündə keçirilməsi nəzərdə tutulmuşdur.

Akademik Zərifə xanım Əliyeva xalqımız üçün İlham Əliyev kimi mükəmməl şəxsiyyət yetişdirdiyinə görə ruhu qarşısında baş əyir, hörmətlə anırıq.

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev mənfur düşmən üzərində qələbə qazanaraq müqəddəs torpaqlarımızı işğaldan azad etməklə Şanlı Zəfərimizi təmin etdi. İndi biz qalib xalq kimi dünyada tanınmağımızdan qürur duyur, fəxr edirik.

Qədirbilən Azərbaycan xalqı şöhrəti sərhədləri aşan alim övladı, akademik Zərifə xanım Əliyevanın adını daim uca tutur, əziz xatirəsini ehtiramla yad edirlər. Azərbaycan xalqı var olduqca Zərifə xanım Əliyeva görkəmli alim, gözəl həkim, mehriban və çox nəcib insan kimi daim qəlblərdə yaşayacaqdır.

Tədbirdə Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev, Mərkəzi Xəstəxananın Poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova, həkimlər Cahangir Əliyev və Orxan Əmənullayev çıxış etmişlər.

Keçidlər