Alaşa kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alaşa kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulu giriş sözü ilə açan icra başçısı bildirib ki, sakinlərlə görüş ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Məqsəd bilavasitə sakinlərlə ünsiyyət yaradıb onları narahat edən problemləri həll etməkdir.
İcra başçısı burada əvvəllər keçirilən səyyar qəbulların səmərəli olduğunu, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, kəndə iki istiqamətdə çəkilən dairəvi avtomobil yolu sakinlərin rayon mərkəzi və digər kəndlərlə əlaqəsini asanlaşdırmaqla əsas problem həllini tapmışdır. Bundan başqa ərazidə yeni məktəb binaları və uşaq bağçası tikilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Bu günkü görüşümüzün də səmərəli olacağına inanıram.
Kənd sakinləri çıxış edərək son illər respublikamızda, o cümlədən, Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə söhbət açmış, nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirmiş, Respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Sakinlər kənddə artezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olnmasına, evə yaxın olan elektrik dirəyinin yerinin dəyişdirilməsinə, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonunun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
İcra başçısı yüksək fəallıq və işgüzarlıq şəraitində keçən görüşə görə sakinlərə razılığını bildirmiş, cənab Prezidentin müdrik rəhbərliyi ilə respublikamızda görülən mühüm işlərdən, həyata keçirilən qlobal layihələrdən danışmışdır. Xalqın maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlərin görüldüyünü, sosial yönümlü layihələrin həyata keçirildiyini bildirən icra başçısı, bütün bunların xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.
İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin igidliyi sayəsində quldur erməni terrorçuları üzərində qazanılan qələbədən söz açaraq uzun illər işğalda olan torpaqlarımızın azad edilməsini xalqımızın birliyi, rəhbərə olan sonsuz inamın böyük təntənəsi adlandırmışdır. Quldur düşməni qısa müddətdə məhv edərək bizə böyük Zəfərin sevincini yaşadan Ali Baş Komandan və qəhrəman oğullarımızın fədakarlığı ilə indi biz qalib xalq kimi qürurlu, həm də hədsiz sevincliyik.
Vəhşi düşmənin talan etdiyi doğma yurdlarımızda sürətli bərpa işləri aparıldığını, bir vaxtlar vətənindən qaçqın düşən soydaşlarımızın bir qisminin doğma yerlərində məskunlaşması ilə artıq böyük qayıdışa start verildiyini qeyd edən icra başçısı, bunun davamlı olacağını bildirmiş, bu işdə bizim də ölkə rəhbərinə hərtərəfli dəstək olmağımızın vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən, qəbul etməyən qüvvələrin cavabını ancaq sarsılmaz birliyimizlə, cənab Prezidentin ətrafında yumruq kimi birləşməklə verə bilərik. Siz də sərhəd kəndində yaşadığınız üçün daim ayıq-sayıq olmalısınız. Bu işdə hər birinizə uğurlar arzulayıram.