Alaşa kəndində səyyar qəbul və görüşü
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alaşa kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, kənd sərhəd kəndidir, camaatı qoçaqdır, öz təsərrüfatlarında məşğul olmaqla bərabər sərhədçilərə də böyük dayaq olurlar.
Son illər nümayəndəliyin ərazisində böyük işlər görülmüşdür. Yeni müasir tipli məktəb binaları tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, genişzolaqlı internet şəbəkəsi qurulmuş, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Hazırda əsas narahatlıq doğuran məsələ Alaşa kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi və elektrik xətt təsərrüfatının yenilənməsidir. İnanıram ki, yaxın gələcəkdə bunlar da öz həllini tapacaqdır.
Əvvəllər yağan aramsız yağışlar nəticəsində Astaraçay tez-tez daşır, məcrasından çıxaraq sel suları bu əraziləri basır, çay boyu yerləşən sərhəd zastavaları və kəndlər üçün təhlükə yaradırdı. Bu bizi çox narahat edirdi. Ölkə başçısının tapşırıqlarına əsasən bu ərazilərdə sahilbərkitmə və məcratəmizləmə işləri aparılmış və bu iş daim diqqətdə saxlanır.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin müdrik idarəçiliyi ilə böyük inkişaf yolunda olan ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Respublikamızda aparılan abadlıq-quruculuq işləri əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
İcra başçısı qeyd etmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun bizə bəxş etdiyi böyük qələbənin sevincini xalqımız qürurla yaşayır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpası sürətlə davam edir. Soydaşlarımızın doğma yurdlarına qayıtması bizi hədsiz sevindirir və qürurlandırır.
Bu gün biz həm də ona görə qürurluyuq ki, bəzi üzdəniraq siyasətçilərin qərəzli bəyanatlarına və baykot etmək həvəslərinə baxmayaraq cənab Prezident İlham Əliyevin dönməz iradəsi və müdrik siyasəti nəticəsində COP29 beynəlxalq tədbirinin ölkəmizdə yüksək səviyyədə keçirilmişdir. İndi bütün dünya Azərbaycandan danışır.
Kənd sakinləri çıxış edərək möhtərəm Prezidentin uğurlu daxili və xarici siyasətinin mərkəzində həmişə Azərbaycan xalqının olduğunu, həyata keçirilən layihələrin əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, eyni zamanda son illər aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Sakinlər Alaşa kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, suötürücü kanalların təmizlənməsinə, məhəllə yollarının təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilərək xətt təsərrüfatının yenilənməsinə və yeni transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təkliflərini dinləyən icra başçısı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həlli istiqamətində tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.