Alaşa kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alaşa kəndində keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı əvvəllər keçirilən səyyar qəbulların səmərəli olduğunu, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, kəndin ən böyük problemi iki istiqamətdə çəkilən dairəvi avtomobil yolunun asfaltlaşdırılması ilə həllini tapmışdır. İndi sakinlərin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi çox asanlaşmışdır. Bundan başqa kəndə internet xətti çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Bu günkü görüşümüzün də səmərəli olacağına inanıram.
Kənd sakinləri çıxış edərək son illər rayonumuzda və nümayəndəliyin ərazisində aparılan quruculuq-abadlıq işlərindən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kənddə əlavə elektrik transformatorunun qoyulmasına, pay torpağının yerinin göstərilməsinə, kənddə subartezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbulda iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar rayonun təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.
İşgüzarlıq şəraitində keçən görüşə görə sakinlərə razılığını bildirmiş icra başçısı, cənab Prezidentin müdrik rəhbərliyi ilə respublikamızda görülən mühüm işlərdən, həyata keçirilən qlobal layihələrdən danışmışdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əmin-amanlıq şəraitində yaşayan xalqımızın rifahının daha da yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirtdiyini diqqətə çatdırmışdır. Böyük iqtisadi gücə malik olan dövlətimizin iqtisadi potensialından səmərəli istifadə etməklə dövlətin sütunlarının möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı sosial layihələrin həyata keçirilməsini ölkə rəhbərinin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir.
İcra başçısı quldur erməni terrorçuları üzərində qazanılan qələbədən, bizə böyük Zəfərin sevincini yaşadan Ali Baş Komanın məharəti və qəhrəman oğullarımızın fədakarlığından danışaraq, çox da böyük olmayan Alaşa kəndinin birinci Qarabağ və Vətən müharibəsində bir neçə şəhid verməsini yüksək vətənpərvərlik nümunəsi adlandırmış, onları böyüdüb ərsəyə yetirən valideynlərə, dərs deyən müəllimlərə minnətdarlıq etmişdir.
Vəhşi düşmənin talan etdiyi doğma yurdlarımızda hazırda cənab Prezidentin rəhbərliyi ilə sürətli bərpa işlərinin aparıldığını, 30 il bundan əvvəl erməni zülmü ilə doğma yurdlarından didərgin salınan soydaşlarımızın artıq Vətənə qayıdışına başlandığını qeyd edən icra başçısı, bunun davamlı olacağını bildirmiş, bu işdə bizim də ölkə rəhbərinə hərtərəfli dəstək olmağımızın vacibliyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Qarabağla yanaşı ölkəmizin digər şəhər və kəndlərində də tikinti-quruculuq işləri davam etdirilir. Rayonumuzda da böyük işlər görülür, qlobal layihələrin icrası həyata keçirilir. Alaşa kəndi ilə qonşu olan Qapıçıməhəllə kəndində Astaraçay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir. Burada yeni gömrük sərhəd buraxılış məntəqəsi istifadəyə veriləndən sonra ərazidə böyük logistika mərkəzi tikiləcəkdir. Bu da yeni iş yerlərinin açılması, yüzlərlə vətəndaşımızın işlə təmin olunması deməkdir. Ölkəmizin inkişafını, tərəqqisini istəməyən qüvvələr də az deyil. Alaşa sərhəd kəndi olduğu üçün siz daim ayıq-sayıq olmalı, fars-molla rejiminin çirkin niyyətlərinin ölkəmizdə həyata keçirilməsinin qarşısının alınması üçün bütün qüvvə və imkanlardan istifadə etməlisiniz.