Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Alaşa kəndində səyyar qəbul və görüş

22 aprel 2026 | 10:08

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alaşa kəndində keçirdiyi səyyar qəbul-görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, son illər nümayəndəliyin ərazisində xeyli işlər görülmüşdür. Müasir tipli məktəb binaları tikilmiş, yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, sürətli internet şəbəkəsi qurulmuş, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Xətt təsərrüfatının ilin sonuna qədər tamamilə yenilənməsi nəzərdə tutulmuşdur. Hazırda əsas narahatlıq doğuran məsələ Alaşa kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisidir. Bununla əlaqədar tərəfimizdən aidiyyəti üzrə müraciət olunmuş, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaqdır. Hazırda iki yeni məktəb binası tikilməklə, daha ikisi layihələndirilmişdir.   

Alaşa kəndinin sakinləri zəhmətkeş olmaqla yanaşı, həm də vətənpərvərdirlər. Vətən müharibəsində könüllü olaraq döyüşə yollanan gənclərimizin böyük hissəsi Səncərədi nümayəndəliyinin ərazisindən idi. Buna görə valideynlərə və müəllimlərə öz minnətdarlığımı bildirirəm.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin müdrik idarəçiliyi ilə sabitlik, əmin-amanlığın  hökm sürdüyü ölkəmizdə həyata keçirilən mühüm layihələrdən danışmış, bunların əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişdir.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun düşmən tapdağından azad etdiyi, şanlı bayrağımızın qürurla dalğalandığı Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş şəhər və kəndlərimizin sürətli bərpası, soydaşlarımızın doğma yurdlarına qayıdışından danışmışdır.

Ölkəmizin bütün regionlarının inkişafı timsalında rayonumuzun simasının da gündən-günə dəyişdiyini qeyd edərək müxtəlif sahələrdə baş verən yeniliklər barədə iştirakçıları məlumatlandırmışdır.   

Görüş iştirakçıları çıxışlarında möhtərəm Prezidentin rəhbərliyi ilə ölkədə, həmçinin rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək bütün bunlara görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Sakinlər Alaşa kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, məktəbə gələn əsas yolun asfaltlaşdırılmasına və məhəllə yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. Eyni zamanda respublika əhəmiyyətli idman yarışlarında yüksək nəticə göstərərək medal qazanmış məktəblilərlə görüşərək onları təbrik etmiş, gələcək yarışlarda uğurlar arzulamışdır.

Keçidlər