Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş

15 avqust 2025 | 14:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşmüşdür. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak etmişlər.

İcra başçısı tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və onun inkişafına daim xüsusi diqqət və qayğı göstərilir. Təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi həmişə diqqətdə saxlanılır.

Rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son illər 40-dan çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda Sərək və Şümrüd kənd tam orta ümumtəhsil məktəbləri üçün inşa edilən binaların tikintisi başa çatmaq üzrədir. Bu diqqətin nəticəsidir ki, rayonumuzda təhsilin inkişafında uğurlar artmaqdadır. Bunu bugünkü tələbə gənclərimizin nailiyyətləri bir daha sübut edir. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 40 nəfəri 550-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Bundan əlavə 7 nəfər məzunumuzun Polis Akademiyasına daxil olması da yüksək nailiyyətdir. Mən tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil, suveren Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.

Gənclərimiz yüksək biliyə malik olmaqla yanaşı vətənpərvərliyi ilə də seçilirlər. Vətən müharibəsində bir daha bunun şahidi olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman gənclərimiz canı və qanı bahasına uzun illər işğalda olan torpaqlarımızı qısa müddətdə azad etdilər. Bu gün bütün dünyada qalib xalq kimi tanınır və bununla fəxr edirik. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da çiçəklənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz. Sizə bu yolda uğurlar arzulayıram.

Astara Təhsil sektorunun müdiri Xədicə Əliyeva, Kijəbə qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Təbrizə Rəsulova, valideynlərdən Kəminə Qədirova çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, tələbələrlə görüşə görə icra başçısına təşəkkürlərini bildirmişlər. Tələbə adını qazanmış Ərçivan qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu, 697 bal toplamış Ələkbər Ağayev, Kakalos kənd tam orta ümumtəhsil məktəbinin məzunu, 682 bal toplamış Yusif Əhmədzadə, Astara şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu, 577 bal toplamış Zinaida Rəhimova çıxışlarında dövlətin gənclərə göstərdiyi bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrlə xatirə şəkli çəkilmiş, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sərəncamına əsasən onlara pul mükafatları verilmişdir.

Keçidlər