Anbuba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Anbuba kəndində səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Anbuba kəndində 300 nəfərdən artıq əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır. Rayon mərkəzindən 40 kilometr aralıda, dağlıq ərazidə yerləşməsinə baxmayaraq icra başçısının nümayəndəliyin bu və digər kəndlərində vaxtaşırı səyyar qəbullar keçirməsini, əhalinin problemlərini dinləyərək həlli üçün tədbirlər görməsini sakinlər razılıqla qarşılamış, minnətdarlıq etmişlər.
Kənd sakinləri ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə müstəqil dövlətimizin dünyada sabit siyasət yürüdən sülhsevər dövlət kimi tanınmasından, layiqli tərəfdaş kimi qəbul edilməsindən, xalqımızın qalib xalq kimi tanınmasından qürur duyduqlarını söyləmişlər. Respublikada və rayonda görülən geniş quruculuq-abadlıq işlərindən razılıq edən sakinlər Aztv-nin “Burda bir kənd var” layihəsinin bütün şəhidlərin doğulduqları kəndləri əhatə etməsinə, Anbuba kənd ibtidai məktəbinə şəhid Kənan Hacıyevin adının verilməsinə, kəndə gələn yolun asfalt olunmasına, Ünvanlı Sosial Yardımın təyin edilməsində torpaq tələbi bəndinin ləğv edilməsinə, əhaliyə odun yanacağının tədarükü üçün şəraitin yaradılmasına, Motalayataq kənd Ailə sağlamlıq mərkəzinin dərman preparatları ilə təmin edilməsinə, internet şəbəkəsinin çəkilməsinə, Şıxımpeştə kəndində ibtidai məktəbin yaradılmasına və yolun təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
Səmərəli görüşə görə sakinlərə minnətdarlıq edən icra başçısı qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Ərazidən keçən Taxtanakəran-Toradi avtomobil yolu asfaltlaşdırılandan sonra əsas problemin həllini tapdığını qeyd edən icra başçısı Asxanakəran, Motalayataq, Anbuba, Azaru kəndlərində müasir tipli yeni məktəb binalarının, Motalayataq kəndində səhiyyə müəssisəsinin tikilərək əhalinin istifadəsinə verilməsini ölkəmizin böyük iqtisadi dayaqlara malik olması ilə izah etmişdir. Bildirmişdir ki, hazırda 100 illik yubileyini sevə-sevə və böyük iftixarla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə inkişafını planlaşdırdığı müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu sabahlara istiqamətlənmişdir. Düşünülmüş siyasətin nəticəsi idi ki, Vətən müharibəsində 44 günə mənfur düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə qazanılan tarixi qələbə bütün dünyada dövlətimizin və xalqımızın nəyə qadir olduğunu göstərdi. Heç bir ölkənin torpağında gözü olmayan xalqımız bununla sübut etdi ki, bir qarış torpağını belə kimsəyə verməyəcək. İndi işğaldan azad edilən bütün torpaqlarımızda müqəddəs bayrağımız əzəmətlə dalğalanır. Yeni torpaqlar işğal etmək iddiasında olan erməni qəsbkarları hazırda Laçın sərhəd buraxılış məntəqəsində Bayrağımızın altından keçməyə məcburdurlar.
İşğal dövründə xalqımızın əmlakını, bütün infrastrukturu vəhşicəsinə talan edən düşmən indi həsədlə yüksək səviyyədə salınan yaşayış məntəqələrini seyr edir.
Dövlətimiz öz gücü ilə Qarabağda sürətli tikinti-bərpa işləri aparır. Cənab Prezidentin rəhbərliyi ilə hazırlanmış qayıdış proqramı uğurla icra edilməkdədir. Bərpa edilən yaşayış məntəqələrinə sakinlərimizin hissə-hissə köçürülməsi bizi hədsiz sevindirir.
Qarabağla yanaşı digər regionlaraımızda, o cümlədən doğma Astaramızda da abadlıq quruculuq işləri, sosial layihələrin icrası öz ahəngi ilə davam edir.
İcra başçısı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin yüksək səmərəsini qeyd edərək, belə tədbirlərin bundan sonra da davam edəcəyini bildirmiş, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.