Anbuba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan səyyar qəbul və görüşünün növbəti ünvanı ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Anbuba kəndi olmuşdur. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, rayonun hər yaşayış məntəqəsində ildə ən azı bir dəfə əhali ilə görüş qrafikimizə uyğun olaraq bu gün də Anbuba kəndinə gəlmişik. Rayon mərkəzindən xeyli uzaqda yerləşən mürəkkəb relyefə malik dağ kəndlərinin problemləri ilə həmişə maraqlanmış, həllinə köməkliklər göstərmişik. Son illər Anbuba kəndində də müəyyən işlər görülüb. Müasir tipli məktəb binası tikilib, internet xətti çəkilib, illər əvvəl Lerik rayonundan çəkilmiş yüksək gərginlikli elektrik xətti ləğv edilərək Siyaku kəndi ərazisindən yeni elektrik xətti çəkilib. Və ən nəhayət bu yaxınlarda kəndə asfalt yolun çəkilməsinə də nail olduq. Bu çox sevindiricidir. Doğrudan da kəndin yolu çox bərbad və narahat idi. Bu problemi aradan qaldırmaq üçün siz də hər görüşümüzdə təkliflər verirdiniz. Nəhayət imkan yarandı bu məsələ də həllini tapdı. Bu münasibətlə sizi təbrik edirəm. Bunu da diqqətinizə çatdırım ki, dünyanın heç bir ölkəsində çox az əhalinin yaşadığı bu qədər ucqar bir kəndə dövlət tərəfindən asfalt yol çəkilişi aparılmır. Bu diqqət və qayğı yalnız bizim qüdrətli dövlətimizdə mövcuddur.
Ümumiyyətlə, Anbuba kəndində görülən işlər bu istiqamətdə yerləşən bütün kəndlərimizi-Asxanakəran, Motalayataq, Əzərüd, Hamoşam və Toradi kəndlərini də əhatə edir.
Bütün bu inkişafın təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Cənab Prezidentimiz İlham Əliyev bu strategiyanı müvəffəqiyyətlə davam etdirərək Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində bütün ölkə ərazisində sosial problemlərin müvəffəqiyyətli icrasına nail olur.
Hazırda ən böyük layihələr düşməndən azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. Çünki vəhşi düşmən 30 illik işğal dövründə bu torpaqların altını üstünə çevirərək talan etmişdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi-hərbi rəhbərliyi ilə Müzəffər Ordumuz erməni terrorçularını ağır məğlubiyyətə uğradaraq uzun illər işğalda olan torpaqlarımızı azad etdi. Ötən ilin sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri nəticəsində isə qəhrəman əsgərlərimiz Qarabağımızda yuva salmış terrorçu ünsürləri cəmi 23 saat ərzində məhv edərək diz çökdürdülər. İpə-sapa yatmayan, dinc sakinlərimizə, hərbçilərimizə qarşı terrorlar törədən daşnak tör-töküntüləri ağ bayraq qaldıraraq təslim oldular. Bununla da separatizmin kökü birdəfəlik kəsildi. Müstəqil dövlətimizin suverenliyini tam bərpa etməsi əslində tarixi ədalətin bərpasıdır.
Hazırda ölkəmizdə əmin-amanlıq, siyasi sabitlik, inkişaf olduğundan ən əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə üstünlük verilir. Gələn ay ölkəmizdə keçiriləcək COP29 tədbirində dünya dövlətlərindən 100 min nəfərə qədər nümayəndənin iştirakı gözlənilir. Belə qlobal əhəmiyyətli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın, etibarın bariz nümunəsidir.
Kənd sakinləri çıxışlarında cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafından, yeniliklərdən, danışaraq, bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin hörmət və sevgilərini ifadə etmişlər. Bu qədər qlobal problemlərin həlli ilə yanaşı vətəndaşların rahat yaşayışının təmin edilməsi üçün yaradılan şəraitdən məmnunluqlarını bildirmişlər.
Sakinlər görülən işlərlə yanaşı kəndə yeni çəkilmiş asfalt yolun davam etdirilərək başa çatdırılmasını, Taxtanəkəran-Toradi avtomobil yoluna zolaqayırıcı xətlərin çəkilməsinə, Əzərüd kəndində yola tökülmüş torpaq kütləsinin təmizlənməsinə, kəndə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Sonda icra başçısı Asxanakəran kənd Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyevi 70 yaşının tamam olması münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir.