Artupa kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Artupa kəndində keçirtdiyi səyyar qəbul və görüşdə idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin ayrı-ayrı yaşayış məntəqələrində dəfələrlə səyyar qəbullar keçirtdiyini, bu görüşlər zamanı sakinlər tərəfindən qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu diqqətə çatdırmış, həyata keçirilən mühüm layihələrdən söhbət açmışdır. Qeyd etmişdir ki, cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolu yenidən qurulmuş, Səncərədi və Artupa kənd tam orta məktəbləri, Səncərədi kənd körpələr evi-uşaq bağçası üçün müasir binalar tikilərək istifadəyə verilmişdir. Bundan başqa bütün yaşayış məntəqələrinə genişzolaqlı internet xətləri çəkilmiş, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, bir neçə məhəllə yolları asfaltlaşdırılmış, suvarma kanalları mütəmadi olaraq lil və palçıqdan təmizlənmişdir. Əhali fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin edilir. Gördüyünüz kimi ərazidə əsas problemlər həllini tapmışdır.
Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə suveren dövlətimizin iqtisadi potensialından bacarıqla və düzgün istifadə edilməsinin nəticəsidir.
İcra başçısı bələdiyyələrin birləşməsindən danışaraq, bunun səmərəli nəticələrinin olacağına ümid etdiyini bildirmiş, Artupa, Şuvi, Ərçivan bələdiyyələrinin birləşməsindən yaranan Ərçivan bələdiyyəsinin yeni seçilmiş üzvlərini təbrik edərək işlərində müvəffəqiyyətlər arzulamışdır.
Kənd əhalisinin zəhmətkeşliyini xüsusi qeyd edən icra başçısı, Artupa kəndində əhalinin əsasən çəltik əkininə həmişə böyük maraq göstərdiyini, burada istehsal edilən düyünün ölkə miqyasında öz alıcıları və bazarı olduğunu vurğulamışdır. Bildirmişdir ki, Artupa düyüsü yüksək keyfiyyəti, ətri və dadı ilə məşhurdur. Sevindirici haldır ki, ekoloji təmiz bu düyüyə son illər tələbat artmaqdadır. Bundan başqa ərazidə salınan intensiv sitrus bağlarının sahəsi də genişlənməkdədir. Ümumiyyətlə, istifadəsiz qalan torpaq sahələrinin hamısı dövriyyəyə qaytarılmalı, digər əkinlərlə yanaşı, daha gəlirli sahələr olan sitrusçuluq və çəltikçiliyin inkişafı daim diqqət mərkəzində saxlanmalıdır.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllindən, ölkədə və rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən danışaraq cənab Prezident İlham Əliyevə minnətdarlıq etmiş, həmişə olduğu kimi bundan sonra da ətrafında sıx birləşəcəklərini bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə görə təşəkkür edən sakinlər kənddə yeni qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasına, çəltk biçini zamanı “Aqrolizinq” ASC tərəfindən kombayn verilməsinə, çəltik əkini üçün yeni toxum növlərinin gətirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermiş və qarşıdan gələn bayramlar münasibəti ilə görüş iştirakçılarını təbrik edərək xoş arzularını bildirmişdir.