Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev İkinci Dünya Müharibəsinin veteranı İzzət Nehmətovla görüşmüşdür.

09 may 2025 | 15:54

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 9 May faşizm üzərində qələbənin 80-ci ildönümü günündə İkinci Dünya Müharibəsinin iştirakçısı, 100 yaşlı İzzət Məmmədsəfa oğlu Nehmətovla yaşadığı Pensər kəndindəki evində görüşmüşdür. Görüşdə rayon hüquq mühafizə orqanlarının və ictimai təşkilatların rəhbərləri iştirak etmişlər.

 İcra başçısı 100 illik yubileyi və 9 May Qələbə Günü münasibətilə İzzət Nehmətovu təbrik edərək xoş arzularını bildirmiş, səhhəti və qayğıları ilə maraqlanmışdır. Bildirmişdir ki, Siz İkinci Dünya müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla döyüşmüş xalqımızın cəsur oğullarından birisiniz. Düşmənlə döyüşlərdə yaralanaraq sağlamlığınızı itirsəniz də, faşizm üzərində tarixi qələbəyə töhfələrinizi vermisiniz. Əsl qəhrəman Azərbaycan oğulları kimi sizin tarixi şücaətiniz, şərəfli döyüş yolunuz gənc nəslə vətənpərvərlik nümunəsi olmaqla, yaddaşlardan heç vaxt silinməyəcək.

Müharibədən sonrakı illərdə də əmək cəbhəsində çalışmış, ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyət göstərərək gənc nəslin təlim-tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz xidmət göstərmisiniz.

Cənab Prezidentimiz İlham Əliyev sizi daim diqqətdə saxlayır və sosial problemlərinizin həlli istiqamətində tədbirlər həyata keçirir. 9 May - Qələbə Günü ərəfəsində sizə birdəfəlik maddi yardımlar göstərməsi Ulu Öndər ənənəsinin davamıdır.

Siz Azərbaycan xalqının ən dəyərli övladları, fəxrisiniz. Sizin müharibə illərində göstərdiyiniz qəhrəmanlıq, misilsiz şücaət bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Faşizm üzərində qələbədən 80 il keçsə də, sizin xidmətləriniz heç vaxt unudulmur və unudulmayacaq.

Gənclərimiz də babalarının mübarizə dolu şərəfli ömür yolunu özlərinə örnək seçərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uzun müddət işğalda olan torpaqlarımızı düşməndən azad etdilər və bizə zəfər sevincini yaşatdılar. Bu fərəh dolu günləri yaşayarkən bizimlə bir sırada olmağınız bizi hədsiz sevindirir. 

Sizi bir daha yubileyiniz və 9 May Qələbə Günü münasibəti ilə təbrik edir, sağlamlıq arzulayıram.

İzzət Nehmətov ölkədə hökm sürən sabitlik, əminamanlıq və bolluğa, həmçinin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, təbrik və xoş sözlərə görə icra başçısına təşəkkür etmişdir.

Keçidlər