Astara rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Millət vəkilləri Rəşad Mahmudov, Vasif Qafarov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev geniş məruzə ilə çıxış edərək, 2025-ci ildə rayonda görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasəti Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş, xalqın rifahının yüksəlməsinə, ölkənin güclü və müasir dövlətə çevrilməsinə zəmin yaratmışdır. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzində olmuşdur.
Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.
Müstəqil və suveren Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməli bu gün də Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Onun ideyaları və siyasi irsi müasir dövlətimizin fəaliyyətində yaşayır və ölkəmizin gələcək inkişafına yol göstərir.
Ötən il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdik. Cənab Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşməni müqəddəs torpaqlarımızdan qovaraq onlara diz çökdürdü. Astara rayonundan olan əsgər və zabitlərin böyük şücaəti, fədakarlığı və qəhrəmanlığı bu möhtəşəm qələbənin qazanılmasına mühüm töhfə vermişdir.
Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqla döyüşən oğullarımızdan 44 nəfər şəhid olmuş, 140 nəfər müxtəlif dərəcəli xəsarətlər almış, 41 nəfər əlil olmuşdur.
Son beş ildə işlə təmin olunmaqdan ötrü müraciət edən şəhid ailə üzvləri, əlillər və müharibə veteranlarından 93 nəfər rayonun ayrı-ayrı müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur.
2025-ci ildə mənzil fonduna aid 6 binanın dam örtüyündə əsaslı, şəhərin prospekt və küçələrində cari təmir işləri aparılmış, izafi suların axarı üçün boru xətləri çəkilmiş, küveytlər qurulmuş, hasarlar təmir olunmuşdur. Rayonun yaşayış məntəqələrində ümumilikdə 52 min kv.metr olmaqla, 14 km yol asfaltlaşdırılmışdır.
Rayonun 41 yaşayış məntəqəsini əhatə edən 20470 abonent təbii qazdan istifadə edir. 2025-ci ildə abonentlərin normal və təhlükəsiz qaz təchizatının yaxşılaşdırılması və qaz şəbəkəsinin təmiri ilə bağlı müəyyən işlər görülmüşdür.
İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, sayğaclar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilmişdir.
Rayonun bütün yaşayış məntəqələrində sürətli internet şəbəkəsi yaradılmış, əhali bir neçə provayder vasitəsilə internet xidmətlərindən istifadə etmək imkanı qazanmışdır. Bununla da müasir texnologiyalar əsasında rayon ərazisi 100 faiz optik internetlə təmin olunmuşdur.
Ötən il Lovayın su anbarından Ojakəran kəndinə su xətti çəkilərək əkin sahələrinin suvarılması təmin edilmiş, böyük bir problemin həllinə nail olunmuşdur. Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq məqsədilə il ərzində Astaraçayda, Pensərçayda və Ərçivançayda məcratəmizləmə işləri aparılmışdır.
Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılmış əlverişli şərait rayonumuzda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına böyük təkan vermişdir.
Son illər rayonumuzda sitrus meyvələrinin istehsalına diqqət artmış, il ərzində yeni sitrus bağları salınaraq ümumilikdə 4666 hektara çatdırılmışdır. Sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadəyə daha çox üstünlük verilir. Bu məqsədlə subtropik meyvəçiliyinin rayonda daha yaxşı inkişaf etdirilməsi üçün sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər il ərzində davam etmişdir.
Rayonda 232 ha məhsuldar çay plantasiyasından 725 ton yaşıl çay yarpağı toplanaraq çay fabriklərinə təhvil verilmişdir. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələlərdəndir.
Hesabat ilində çəltik əkini aparılmış 307 ha sahədən 1226 ton məhsul yığılmış, orta məhsuldarlıq 41 sentner təşkil etmişdir. Bitkiçilik və heyvandarlıq sahələrində də vəziyyət qənaətbəxşdir.
İl ərzində rayon ərazisində yaşıllıqların salınması, meşə zolaqlarında yeni tinglərin əkilməsi işi davam etdirilmiş, 18 ha sahədə meşə əkini aparılmışdır.
Dövlət Məşğulluq Agentliyinin Astara Rayon Xidmət Şöbəsi tərəfindən rayon üzrə 6360 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmış, 804 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuş, 154 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmişdir.
2025-ci ilin ölkəmizdə “Suverenlik və Konstitusiya ili” elan edilməsi ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında il ərzində silsilə tədbirlər keçirilmiş və ağacəkmə aksiyalarında rayon ictimaiyyətinin iştirakı ilə 2500 ağac və 200 gül tingi əkilmişdir.
Hesabat ilində Sərək kənd tam orta məktəbi üçün müasir tələblərə cavab verən yeni bina tikilərək istifadəyə verilmiş, Şümrüd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi, Astara Uşaq-Gənclər İdman-Şahmat məktəbinin və Maşxan kənd tam orta ümumtəhsil məktəbinin əsaslı təmiri hazırda davam edir. Bundan başqa Astara şəhər 3 saylı, Təngərüd və Şiyəkəran kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuş, Maşxan kənd körpələr evi-uşaq bağçasında təmir işləri aparılır. Dağ kəndlərində uzaq məsafədən məktəbə gələn şagirdlərin davamiyyətinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat vasitələri ayrılmış, məktəblilərin rahat gediş-gəlişi təmin edilmişdir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. Son illər əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Rayon Mərkəzi Xəstəxanasına müasir tələblərə cavab verən yeni avadanlıqlar gətirilmişdir.
Aparılan abadlıq-quruculuq işləri rayonda turizmin inkişafı üçün daha geniş imkanlar açmışdır. Son zamanlar rayonda yeni turizm obyektlərinin inşa edilərək istifadəyə verilməsi, yaşayış məntəqələrinə gedən yolların asfaltlaşdırılması və əsaslı təmiri ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmış, turistlərin və qonaqların rayona marağını daha da artırmışdır. Xüsusən, ucqar dağ kəndlərinin yollarının abadlaşdırılması ilə yeni təbiət mənzərələri üzə çıxmış, Sım şəlaləsi ilə yanaşı Diqo və Sipi şəlalələrinə, ziyarətgahlara, həmçinin gözəl mənzərəsi olan yaylaq ərazilərinə turistlərin axını çoxalmışdır. Dəniz sahili ərazilərdə çimərlik turizmi üçün əlverişli şəraitin yaradılması da bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Ötən il Alaşa qalasında aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan qədim tarixə malik tədqiqat elementləri yerli sakinlərlə yanaşı rayona gələn turistlərin və qonaqların da marağına səbəb olmuş, yeni turizm marşurutunun yaranması ilə nəticələnmişdir. Sentyabr ayında Sım kəndinə 25-dən çox turizm şirkətinin rəhbərləri üçün infotur təşkil edilərək Astaranın turizm potensialı, zəngin mətbəxi nümayiş etdirilmişdir.
Rayonun turizm potensialının tanıdılması məqsədi ilə ötən ilin noyabr ayında 30-dan çox yerli istehsalçı və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Eko Festival” təşkil olunmuş, festivalda yerli məhsulların satış yarmarkası və yerli fəal gənclər tərəfindən innovativ təqdimatlar aparılmışdır.
Gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, təhsili, məşğuliyyəti, dünyagörüşünün formalaşdırılması, asudə vaxtının səmərəli təşkili istiqamətində zəruri tədbirlər görülmüşdür.
İdmançılarımız respublika və beynəlxalq yarışlarda 6-sı qızıl, 9-u gümüş, 11-i bürünc medal olmaqla ümumilikdə 26 medal qazanmışlar.
İstedadlı gənclərin üzə çıxarılması, dövlət qulluğu vəzifələrinə irəli çəkilməsi, peşəkarlıq səviyyəsinin və ixtisaslarının artırılması istiqamətində də müntəzəm addımlar atılır. Bunun nəticəsidir ki, rayon icra hakimiyyəti başçısı aparatı da daxil olmaqla, əksər idarələrdə aparıcı vəzifələrdə gənclər üstünlük təşkil edir.
2025-ci ildə çağırışa cəlb olunmuş 669 nəfər həqiqi hərbi xidmətə göndərilmiş, yayınma halları müşahidə olunmamışdır.
Rayonda ictimai asayişin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində xeyli iş görülmüşdür. Rayon Polis Şöbəsi üçün inşa edilərək istifadəyə verilən yeni inzibati binada əməkdaşlar üçün yaradılan əlverişli iş şəraiti onların daha səmərəli fəaliyyət imkanlarını artırmışdır. Ötən il narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən tədbirlər təqdirəlayiq hesab edilməlidir.
Vətəndaşların qəbulu, ərizə və şikayətlərin obyektiv araşdırılmasına diqqət artırılmış, qaldırılan məsələlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İl ərzində ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 40 səyyar qəbul keçirilmiş, vətəndaşların müraciətləri əsasında qaldırılan həlli mümkün olan məsələlər yerində həll edilmiş, rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.
2026-cı ildə məktəb və məktəbəqədər təhsil müəssisələri üçün binaların tikintisi, rayonun elektrik təsərrüfatının yenidən qurulması və qazlaşdırma işlərinin davam etdirilməsi, yaşayış məntəqələrində avtomobil yollarının asfaltlaşdırılması, sahilbərkitmə-məcratəmizləmə işlərinin aparılması, kanalizasiya şəbəkəsinin qurulması, kommunal binalarının əsaslı təmiri, imtiyazlı şəxslərin mənzillə təmin olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması, parkların genişləndirilməsi, yeni turizm infrastrukturlarının yaradılması və bir çox sosial əhəmiyyətli məsələlərin həyata keçirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, 2026-cı ildə rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması, turizm imkanlarının təbliği və investorların cəlb edilməsi ilə əlaqədar əməli tədbirlər görməliyik.
Tədbirdə Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, RİHB-nın Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Xalıqov, Vətən müharibəsi qazisi, Azərbaycan Bayrağı Ordenli Rüfət Əsədullayev, rayon prokuroru Əli Əliyev, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, millət vəkilləri Rəşad Mahmudov, Vasif Qafarov çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat vermişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmiş və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.







