Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa Qalasında Yeni Arxeoloji Kəşflər

13 iyun 2025 | 12:37

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar maraqlı nəticələr verməkdədir.

Mənzərəli dağlıq ərazidə yerləşən Əlişa qalası – Hirkan Milli Parkının girişində, strateji yüksəklikdə yerləşən və elmi cəhətdən indiyədək tədqiq olunmamış abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir. Əlişa qalası özündə qədim zamanlardan orta əsrlərə qədər olan geniş bir tarixi dövrün izlərini daşıyır.

2025-ci il iyunun 2-dən etibarən davam edən qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxarılıb. Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.

Ümumilikdə 500 m² sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilmiş XII - XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.

Əlişa qalasında aparılan tədqiqatlar bölgənin qədim və orta əsrlərə aid mədəni-tarixi irsini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qalanın turizm potensialı da artır.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qazıntı sahəsində olaraq qalaya çəkilən yeni yolun vəziyyəti ilə yerində tanış olmuş, işlərin gedişatı ilə maraqlanmış, qazıntı nəticəsində əldə edilən tədqiqat elementləri barədə ekspedisiya üzvləri ilə fikir mübadiləsi aparmışdır.

Tədiqatçı alimlər ekspedisiyanın rahat fəaliyyəti üçün əlverişli şərait yaratdığına və yol infrastrukturu ilə bağlı dəstəyə görə icra başçısı Qəzənfər Ağayevə təşəkkürlərini bildirmişlər.  

Keçidlər