Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada 8 Noyabr Zəfər Günü qeyd edildi

08 noyabr 2026 | 13:56

Astara rayonunda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və Vətən müharibəsi qaziləri Şəhidlərin Xatirə Kompleksini və Zəfər Parkını ziyarət etmiş, abidələrin önünə gül dəstələri qoymuşlar.

Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş bayram şənliyinə qatılmışlar. 

İcra başçısı Qəzənfər Ağayev şəhid ailələri və qazilərlə görüşərək onları təbrik etmiş, bildirmişdir ki, bu gün qürurla qeyd etdiyimiz, tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, qüdrətli sərkərdə, cənab Prezident İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun, mübariz xalqımızın ən böyük qəhrəmanlıq dastanıdır.

Tədbirdə Şanlı Zəfərimiz barədə iştirakçılara məlumat verilərək qeyd edilmişdir ki, bu gün ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. Biz Azərbaycan xalqının yenilməz iradəsinin, dövlətimizin qüdrətinin, şanlı ordumuzun qəhrəmanlığının və Müzəffər Liderimizin qətiyyətinin təntənəsini yaşayırıq. Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı, Vətən sevgisinin ən uca zirvəyə yüksəldiyi, bir xalqın iradəsinin bütün dünyaya səs saldığı möhtəşəm Qələbənin günüdür!

Bir vaxt Ulu Öndərimiz belə demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik!”

Qəhrəman ordumuz Şuşanı azad edəndə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin abidəsini ziyarət edərək bu böyük şəxsiyyətə və xalqına sanki hesabat verdi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim! Şuşanı azad etdik!”. Bu, Ümummilli lider Heydər Əliyevin nə qədər böyük insan olduğunun daha bir göstəricisi idi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması tarixi qələbəmizin zirvəsi, xalqımızın qürurunun təntənəsi, həm də Zəfər günümüz oldu!

Lakin Azərbaycanın müqəddəs mübarizəsi bununla bitmədi. Biabırçı məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən, “müstəqillik” iddialarını xəstə təxəyyüllərində yaşadan erməni revanşistləri növbəti ən böyük zərbəni 2023-cü ilin 19 sentyabr tarixində antiterror əməliyyatında aldılar. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi bərpa edildi. Müzəffər Ali Baş Komandanın 2023-cü ilin 15 oktyabr tarixində Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını ucaltması xalqımızın ən sevincli, ən qürurverici günü idi.  Bu Zəfərin ən müqəddəs səhifələri şəhidlərimizin adları ilə yazılıb. Bu torpaqların hər qarışında bir qəhrəmanın izi, hər azad zirvəsində bir igidin nəfəsi, hər qələbəmizdə bir ananın duası var.

Astara rayonu da birinci Qarabağ və Vətən müharibəsində 127 nəfər şəhid vermişdir. Bizə böyük qələbənin sevincini bəxş edən, adını zəfər tariximizə əbədi həkk edən, qəhrəmanlıqları ilə Vətəni bütövləşdirən şəhidlərimizin hər biri fəxrimiz, qürurumuzdur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirəsini həmişə ehtiramla anır, Allahdan rəhmət diləyirik. Vətən uğrunda döyüşən hər bir əsgərimizin qəhrəmanlığını minnətdarlıqla yad edirik.

Bu gün Azərbaycan qalib dövlətdir! Azərbaycan xalqı qalib xalqdır!

Qarabağ Zəfəri qələbələrimizin memarı olan  Prezident İlham Əliyevin Azərbaycan tarixində, Azərbaycan xalqının qarşısında heç bir sözlə ifadə edilə bilməyəcək ən böyük xidmətidir.

Cənab Prezidentin dediyi kimi: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu milli qürur, milli ləyaqət bayramıdır!”

 Allah xalqımızın birliyini, bütövlüyünü qorusun! Qələbələrimiz, Zəfərlərimiz və ucalıqlarda dalğalanan bayrağımız əbədi olsun!

Bayram tədbiri konsert proqramı ilə davam etmişdir.

Keçidlər