Astarada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İcra başçısı çıxış edərək qeyd etmişdir ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev proqram xarakterli nitq söyləmişdir. Cənab Prezident çıxışında müstəqil, suveren dövlətimiz üçün bu günə və gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edərək, qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir.
Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq siyasi təqvimdə növbəti qurultay deyil, Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını xarakterizə edən siyasi hadisədir. Dövlət başçısı Vətən müharibəsində əldə olunmuş Zəfəri və 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini bu yeni mərhələnin əsas tarixi dayaqları kimi qeyd etdi.
Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır.
Möhtərəm Prezident İlham Əliyev müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz imkanlarımızdan maksimum istifadə etmək imkanlarını dövlət siyasətinin dəyişməz ana xəttinin əsas istiqamətləri kimi müəyyən etmişdir.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı. Bu gün Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur.
Qoşulmama Hərəkatına sədrliyimiz, D-8 təşkilatına üzvlüyümüz, növbəti il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi, Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin və Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiyanın imzalanması ölkəmizin beynəlxalq mövqeyinin göstəriciləridir.
Cənab Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə bağlı səsləndirilən fikirlər idi. Cənab Prezident Azərbaycanın xarici siyasətinin elə qurulmalı olduğunu bildirdi ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin. Dövlət başçısı Azərbaycanın digər dövlətlərin himayəsinə ehtiyac duymadığını və ölkənin öz gücünə arxalandığını vurğuladı. Bu gün ölkəmizin təhlükəsizliyi və iqtisadi imkanları əvvəlki dövrlərlə müqayisəolunmaz dərəcədə yüksəkdir.
Dövlət siyasətinin əsas prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına nəhəng infrastruktur layihələri həyata keçirilərək şəhərlər, kəndlər, qəsəbələr yaradılıb. Bu böyük quruculuq işlərinin Azərbaycanın öz imkanları hesabına həyata keçirilməsi müstəqilliyimizin və iqtisadi gücümüzün ən mühüm göstəricilərindən biridir.
Hazırkı dövrdə iqtisadiyyata investisiyaların cəlb edilməsi də hər bir ölkənin qarşısında mühüm çağırışdır. Çünki investisiya inkişaf, yeni müəssisələr, iş yerləri deməkdir.
Bu mənada son iki ildə Azərbaycanda keçirilmiş iki Beynəlxalq İnvestisiya Forumunda imzalanmış kontraktların ümumi həcminin 20 milyard dolları ötməsini mühüm hal kimi qiymətləndirməliyik.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Gələn il minimum əmək haqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.
Bu, dövlətin sosial siyasətinin ardıcıl xarakter daşıdığını, iqtisadi imkanların birbaşa vətəndaşların rifahına yönəldildiyini göstərir.
İqtisadi təhlükəsizliyin digər mühüm istiqamətləri enerji, nəqliyyat və kənd təsərrüfatıdır. Azərbaycan bütün növ enerji resurslarını istehsal və ixrac edən nadir ölkələrdəndir.
Kənd təsərrüfatının inkişafı da iqtisadi və ərzaq təhlükəsizliyinin əsas şərtlərindəndir. 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının əsas məqsədləri yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, fermerlərin dəstəklənməsi və kənd yerlərində gəlirli iş yerlərinin yaradılmasıdır.
Aqrar sahənin inkişafı ilə bağlı cənab Prezidentin tapşırıqlarının icrası istiqamətində rayonumuzda da əhəmiyyətli işlər görülmüşdür. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsindən sonra çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramları təsdiq edilmişdir.
Ötən müddət ərzində rayonumuzda sitrus və subtropik meyvələrin istehsalına diqqət artmış, fiziki şəxslər və pay torpaq mülkiyyətçiləri tərəfindən yeni bağlar salınaraq sahəsi ümumilikdə 4666 hektara çatdırılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur. Ötən il 78 min ton sitrus və subtropik meyvələri istehsal edilmiş, nəticədə fermerlərin və fərdi təsərrüfatçıların ailə büdcələri əhəmiyyətli dərəcədə artmışdır. Rayonda 232 ha məhsuldar çay plantasiyasından cari ildə 641 ton yaşıl çay yarpağı toplanaraq çay fabriklərinə təhvil verilmişdir.
25 may 2026-cı il tarixdə cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmiş, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramı bu sahələrin inkişafı üçün böyük imkanlar yaratmaqla ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.
Rayonumuzun fermer və sahibkarları həmişə olduğu kimi bu dəfə də möhtərəm Prezidentin çağırışına qoşularaq ölkədə kənd təsərrüfatının inkişafı naminə imkanlarını səfərbər etmişlər. Proqramın rayonda icrasını təmin etmək məqsədilə bu günə qədər 2,2 milyon manat investisiya qoyulmuşdur.
Rayonumuzda son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında nəzərdə tutulan tədbirlərin icrası daim diqqətdə saxlanılmış, cənab Prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüşdür. Xəzər dənizi sahilində müasir memarlıq üslubunda salınan park-bulvar kompleksi, 10 kilometrlərlə salınan asfalt yollar, inşa edilmiş mədəniyyət, idman və turizm obyektləri, idarə və ictimai yaşayış binaları, istirahət guşələri rayonumuza xüsusi yaraşıq verir.
Son illər Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Evi, Dövlət Aqrar İnkişaf Mərkəzi, Boks Mərkəzi, YAP rayon təşkilatı üçün yeni inzibati bina, rayon Polis Şöbəsi üçün yeni inzibati bina, 54 məktəb binası, 4 uşaq bağçası tikilmiş, yaxud əsaslı təmir edilmiş, rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq yenidən qurulmuşdur.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Astara şəhərinə içməli su xətti çəkilərək şəhər sakinlərinin istifadəsinə verilmiş, hazırda Bala Şahağac və Qamışoba kəndlərində fərdi yaşayış evlərinə içməli suyun çəkilməsi işləri davam etdirilir. Sakinlərin sağlamlığının qorunması və tullantı sularının düzgün idarə olunması məqsədilə Astara şəhəri ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması işlərinə başlanılmışdır.
Əlil və şəhid ailələri üçün Astara şəhərində 16 mənzilli və 32 mənzilli olmaqla 2 yaşayış binası, təkcə ötən il isə bu kateqoriyadan olan ailələr üçün 15 fərdi yaşayış evi tikilmişdir. Hazırda rayon icra hakimiyyətində 56 şəhid ailəsi və müharibə əlili mənzil növbəsində vardır. Sevindirici haldır ki, gələn il Novruz bayramınadək mənzil növbəsinbdə olan bu şəxslər mənzillə təmin olunacaqlar. Rayonda istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ötrü 48 mənzilli bir yaşayış binası, evləri qəzalı vəziyyətə düşmüş və ya tamamilə dağılmış vətəndaşlar üçün 36 mənzilli bir yaşayış binası və Şümrüd kəndində 18 fərdi yaşayış evi tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Şümrüd kənd tam orta məktəbi, Züngüləş kənd ümumi orta məktəbi üçün inşa edilən yeni binaların tikintisi, Maşxan kənd tam orta məktəbinin, Maşxan kənd uşaq bağçasının əsaslı təmiri hazırda davam edir. Təngərüdçay və Astaraçayda sahilbərkitmə işləri aparılmaqla yanaşı, qəzalı vəziyyətdə olan Vaqo və Şiyəkəran kəndlərində yeni avtomobil körpüləri tikilmiş, hazırda Təngərüdçayın Şağlazüzə kəndindən keçən hissəsində yeni körpünün tikintisinə hazırlıq işləri görülür.
Rayonun 41 yaşayış məntəqəsini əhatə edən 20470 abonent təbii qazdan istifadə edir. Hazırda Burzubənd və Vənəşikəş kəndlərinə qaz xəttinin çəkilməsi başa çatmaq üzrədir.
Rayonun bütün yaşayış məntəqələrində sürətli internet şəbəkəsi yaradılmış, əhali bir neçə provayder vasitəsilə internet xidmətlərindən istifadə etmək imkanı qazanmışdır. Bununla da müasir texnologiyalar əsasında rayon ərazisi 100 faiz optik internetlə təmin olunmuşdur.
Bu il 752 nəfər işaxtaran şəxs müxtəlif müəsissələrdə və özəl sektorda işlə təmin edilmiş, 34 nəfər özünüməşğulluq layihəsinə cəlb olunaraq aktivlərlə təmin olunmuşlar.
Rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. 26 kilometrlik Çayoba-Astara avtomobil yolu əsaslı təmir olunmuş, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Deqadi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi, Ojakəran-Tüləküvan-Təngərüd, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolları asfaltlaşdırılmışdır. Dürriyə-Şümrüd avtomobil yolu əsaslı təmir edilmiş, yolu və işığı olmayan Diqo, Dolu, Şəvqo, Sibiyyət kəndlərinə avtomobil yolu və elektrik xətti çəkilmişdir. Hazırda Çayoba-Pensər-Şiyəkəran-Şahağac və Pensər-Kakalos-Bala Şahağac-Qamışoba kəndlərarası avtomobil yollarının əsaslı təmirinə başlanılmış, həmçinin, Ovala və Sım kəndlərində avtomobil yollarının asfaltlaşdırılması işləri aparılır.
Son zamanlar rayonda yeni turizm obyektlərinin inşa edilərək istifadəyə verilməsi, yaşayış məntəqələrinə gedən yolların asfaltlaşdırılması və əsaslı təmiri ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmış, turistlərin və qonaqların rayona marağını daha da artırmışdır. Xüsusən, ucqar dağ kəndlərinin yollarının abadlaşdırılması ilə yeni təbiət mənzərələri üzə çıxmış, Sım şəlaləsi ilə yanaşı Diqo və Sipi şəlalələrinə, ziyarətgahlara, həmçinin gözəl mənzərəsi olan yaylaq ərazilərinə turistlərin axını çoxalmışdır. Dənizsahili ərazilərdə çimərlik turizmi üçün əlverişli şəraitin yaradılması da bu sahənin inkişafına öz töhfəsini verməkdədir.
Ölkənin təhlükəsizliyindən danışarkən yalnız hərbi və iqtisadi təhlükəsizliyi nəzərdə tutulmur. Müstəqilliyimiz üçün ən ciddi təhlükə artıq sərhədlərimizdə deyil. Azərbaycanın gücünü və müstəqilliyini qəbul etmək istəməyən qüvvələr indi başqa yollar axtarırlar. Onlar övladlarımızın şüuruna, ailələrimizin içinə, uşaqlarımızın əlindəki telefon ekranına daxil olmağa çalışırlar.
Dövlət başçısı bu təhlükənin miqyasını aydın şəkildə göstərərək bəyan etmişdir ki, “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir”. Prezident xəbərdarlıq etmişdir ki, Azərbaycanda daxili risk mənbələri yoxdur, bütün risklər hüdudlarımızın kənarında formalaşır. Bu risklərin hədəfi isə cəmiyyətimizin ən həssas yeri, gələcəyimiz olan uşaqlarımızdır.
Bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Bu məsələ ilə bağlı məktəb və ailə arasında əməkdaşlıq gücləndirilməli, valideynlər maarifləndirilməli, uşaq hüquqları və dünyəvi təhsilin əhəmiyyəti izah edilməlidir.
Prezident İlham Əliyev qurultaydakı çıxışında xəbərdarlıq etmişdir ki, “ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir”. Dövlət başçısı bu təxribatların məqsədini də açıq şəkildə göstərərək bildirmişdir ki, bütün bunlar «bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün» edilir. Prezidentin qəti mövqeyinə görə, “bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır”.
Cənab Prezidentin bu tapşırığının icrası hər birimizdən ayıqlıq və məsuliyyət tələb edir. Hər bir dövlət qurumu üzərinə düşən vəzifələrin icrasını vaxtında və məsuliyyətlə təmin etməlidir. Hüquq-mühafizə orqanları kənar ideoloji təsir və təxribat cəhdlərinə qanunvericiliyə uyğun olaraq qətiyyətlə reaksiya verməli, təhsil müəssisələri şagirdlərin və valideynlərin maarifləndirilməsini, uşaqların təhsil hüququnun qorunmasını təmin etməli, icra nümayəndəlikləri və yerli özünüidarəetmə orqanları hər bir ailə ilə birbaşa əlaqə saxlamalı, sakinlərin müraciətlərini operativ həll etməlidir. Xidmət qurumları vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmalı, əhalini narahat edən problemləri vaxtında aradan qaldırmalı, ziyalılar, ağsaqqallar və fəal vətəndaşlar öz nüfuzlarından istifadə edərək gənclərə nümunə olmalı, maarifləndirmə işində yaxından iştirak etməlidirlər. Çünki dövlət müstəqilliyimizin qorunması hər birimizin şəxsi məsuliyyətidir.
Qarşımızda daha mühüm və daha məsuliyyətli mərhələ dayanır. Bu mərhələdə əsas vəzifə güclü dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək, hər bir yaşayış məntəqəsinin inkişafını təmin etmək, insan amilini dövlət siyasətinin mərkəzində saxlamaqdır. Müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirmək və cəmiyyətimizin sağlam mənəvi əsaslarını qorumaq güclü Azərbaycan dövlətinin daha da inkişafına xidmət etmək deməkdir. Ona görə də qarşıdakı dövrdə hər birimiz öz sahəmizdə daha məsuliyyətli, daha çevik və daha nəticəyönümlü çalışmalıyıq.
Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət və savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dayaqları qorumaq və daha da möhkəmləndirmək isə bizim üzərimizə düşən əsas vəzifədir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da öz suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyaraq, milli birliyinə, güclü iqtisadiyyatına və qüdrətli ordusuna arxalanmaqla qalib dövlət kimi əbədi yaşayacaqdır.
Müşavirədə Astara rayonu üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, qurultay iştirakçıları Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov, Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Bahadır Əhmədov, Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Rövşən Məstiyev çıxış etmişlər.







