Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

02 fevral 2023 | 17:19

Astara Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

İcra başçısı 2 fevral Gənclər günü münasibətilə gəncləri təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının inkişafı yolunda fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Qeyd etmişdir ki, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir, ürəyimizi fərəh hissi ilə doldurur.

2 fevral-Azərbaycan Gəncləri Gününün Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən icra başçısı Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanını xatırlatmışdır. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Respublikamızda “Gənclər günü”nün təsis olunması dövlətimizin gənc nəslə böyük diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi gənclərimizin daha səmərəli fəaliyyət göstərməsi, hər bir gəncin təhsil aldığı, yaxud çalışdığı sahədə uğurlarını artırması üçün stimul verməlidir. Ulu Öndərimiz Azərbaycana istər birinci hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövründə gəncliyə həmişə yüksək dəyər vermiş, onların maraq və məşğulluğunun təmin edilməsi, savadlı olması, vətənpərvər, mənəvi və fiziki sağlam yetişməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndərin imzaladığı ilk Fərmanlardan biri də Gənclər və İdman Nazirliyinin təsis edilməsi olmuşdur.

Görkəmli şəxsiyyətin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə çoxşaxəli fəaliyyəti gənclərimizin milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Həmin dövrdə  minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdir. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.

Ümummilli Lider Heydər Əliyevin ölkənin mövcudluğu, inkişafı və tərəqqisi üçün vacib olan daxili və xarici siyasətin bütün incəliklərinə yüksək səviyyədə bələd olması bütün hakimiyyəti illərində Azərbaycanın beynəlxalq aləmdə tanınması, yüksək inkişafına geniş imkanlar açmışdır. Ölkədaxili siyasətdə əsas diqqəti iqtisadiyyatın gücləndirilməsinə yönəldən Ulu Öndər bununla müstəqil dövlətimizin hərtərəfli inkişafının təməlini qoymuşdur.   

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də qüdrətli Azərbaycan Ordusunun yaradıcısı olmasıdır. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra  müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Qarşısına çıxan maneələri, əngəlləri məharətlə dəf edərək böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Bu gün həmin məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar orduları ilə bir sırada dayanır.

Birinci Qarabağ müharibəsində nizami ordunun olmaması səbəbindən torpaqlarımızın 20 faizi düşmən  tərəfindən işğal olundu, on minlərlə soydaşlarımız doğma yurdlarından didərgin düşdü. Vahid komandanlıq olsaydı qəhrəman gənclərimiz doğma torpaqlarımızı fədakarlıqla müdafiə edər, bir qarış da düşmənə verməzdilər. Biz  gənclərimizin şücaətini və qəhrəmanlığını Vətən müharibəsində gördük. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz sayəsində qələbəyə nail olduq. Cəmi 44 günə mənfur düşməni məhv edərək torpaqlarımızdan qovan igidlərimizlə fəxr edir, qürur duyuruq.  Əldə olunan Şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından danışan icra başçısı, ölkə rəhbərinin vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşünü, onların mükafatlandırılması, gənclərin problemləri ilə daha yaxından tanış olaraq onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparmasını diqqətə çatdırmışdır. İcra başçısı Respublikada müasir tipli Olimpiya İdman komplekslərinin, Gənclər evi, təhsil, mədəniyyət müəssisələri və turizm obyektlərinin inşasına, mühüm beynəlxalq idman və mədəniyyət tədbirlərinin ölkəmizdə  keçirilməsinə xüsusi diqqət yetirilməsində möhtərəm Prezidentimizin müstəsna rolunu qeyd etmişdir. 

50 Avropa ölkəsinin minlərlə idmançısının iştirak etdiyi, dünyada ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə təşkil olunması, 2007-ci ilin ölkədə “Gənclər ili”, 2012-ci ilin “İdman ili” elan edilməsi gənclərə dövlət qayğısının bariz nümunəsidir.  

İcra başçısı qeyd etmişdir ki, möhtərəm  Prezidentimizin rayonumuza tarixi səfərlərində bir sıra sosial obyektlərlə yanaşı, müasir gəncliyin formalaşmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi, Gənclər evi, Olimpiya İdman Kompleksi və Boks Mərkəzini gənclərimizə hədiyyə etməsi ən unudulmaz bir hadisə kimi yaddaşlarda qalmışdır. Bu diqqət və qayğıya cavab olaraq Astara gəncləri müstəqilliyimizin qorunması, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafı, idman nailiyyətlərinin artırılması üçün var qüvvələri ilə çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər. Bu gün müxtəlif sahələrdə çalışan astaralı gənclərin xoş sorağını eşidəndə qəlbimiz fərəhlə döyünür. Təhsilə və elmi biliklərə yiyələnməkdə, ölkəmizin idman şərəfinin qorunmasında rayonumuzun gəncləri böyük nümunə göstərirlər. 

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri-Vətən müharibəsi iştirakçısı Turan Həsənzadə, şəhər 1 saylı tam orta məktəbin müəllimi Babək Rzazadə, Sım kənd tam orta məktəbin müəllimi-Vətən müharibəsi qazisi Heydər Əkbərov, gənc sahibkar-Vətən müharibəsi iştirakçısı Ümüdvar Məmmədov, şəhər 3 saylı tam orta məktəbin müəllimi Samirə Abdullayeva və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Son illər Astara rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən, gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsinin rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandığı qeyd olunmuş, icra başçısı Qəzənfər Ağayevin daim gənclərlə görüşərək onların qayğı və problemləri ilə yaxından maraqlanması, hərbi lisey və məktəblərə daxil olan, idman sahəsində fərqlənən gənclərə maddi və mənəvi yardım göstərməsi, ali məktəblərdə təhsil alan tələbələrin problemlərinin həllinə köməklik göstərməsinin diqqətəlayiq olduğu vurğulanmışdır.

Səmimi və qarşılıqlı dialoq formatında keçən tədbirdə rayon gənclərinin fəallığının daha da artırılması, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak etməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması üçün konkret tədbirlərin görülməsi üçün təkliflər verilmişdir.

İcra başçısı rayonun ictimai siyasi həyatında fəal iştirak edən, dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənən bir qrup gənci Fəxri Fərmanla təltif etmiş, sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər