Astarada “Heydər Əliyev və müasir dövlət quruculuğu” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 29-da Astara şəhərində “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Şəhidlərin Xatirə Kompleksini ziyarət etmişlər. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olmuşlar.
Astara Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Murad Dadaşov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs etmişdir.
Dahi lider Heydər Əliyevin müasir dövlət quruculuğu siyasəti barədə danışan Murad Dadaşov uğurlu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etmişdir.
Konfransda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi beynəlxalq miqyasda, ölkəmizdə və eləcə də rayonumuzda silsilə tədbirlərin keçirilməsi ilə davam edir. “Heydər Əliyev İli” çərçivəsində VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və Təhsil Festivalı kimi möhtəbər tədbirlərin Astarada keçirilməsi paytaxtla yanaşı bölgələrin də inkişafının bariz nümunəsidir.
Dünyanın siyasi sferasında böyük iz buraxmış, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev ömrü o qədər zəngindir ki, onu illərlə öyrənməyə çalışsaq da bitməyəcək. Xalqımızın taleyinə, Azərbaycan dövlətçiliyinin tarixinə təkrarolunmaz bir sima kimi daxil olan Heydər Əliyev Vətənin hər guşəsini əziz tutmuş və inkişafından ötrü var qüvvəsi ilə çalışmışdır.
Ulu Öndər Heydər Əliyev Astara və astaralılarla daha çox bağlı olmuş, hər zaman görüşlərində və çıxışlarında onların əməyinə və dövlətçiliyə sədaqətinə yüksək qiymət vermişdir. Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 6 dəfə Astaraya səfər etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüş, məsləhətlərini vermiş, geniş məzmunlu nitq söyləmişdir. Qeyd etmişdir ki, “Mənim gəncliyimin və həyatımın ən məsuliyyətli dövrü Astarada keçmişdir. Astaranın gözəl təbiəti, meşələri, dağ çayları, saf bulaqları və ən əsası sədaqətli insanları mənim üçün çox doğma, əzizdir”.
Səmimiyyətinə, sadəliyinə, yüksək diqqət və qayğıya görə astaralılar sevimli Rəhbərini həmişə böyük coşqu ilə qarşılamış, ehtiram göstərmiş, bu görüşləri yaddaşlarına ən unudulmaz xatirə kimi həkk etmişlər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini müəyyənləşdirməsi idi. Böyük Dahi həmişə inandığı və etibar etdiyi xalqına müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti İlham Əliyev əməli fəaliyyəti ilə təsdiqləyir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsi ölkədə bütün sahələrin inkişafı üçün yol xəritəsi oldu. Dövlət Proqramlarına əsasən respublikanın hər yerində olduğu kimi rayonumuzda da mühüm işlər görülmüşdür. Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatı üçün yeni inzibati bina, Olimpiya İdman Kompleksi, Gənclər Evi, Modul Elektrik Stansiyası, Boks Mərkəzi, Çay emalı fabriki, 41 məktəb, 2 uşaq bağçası, 132 mənzilli çoxmərtəbəli yaşayış binası, bir neçə müasir turizm obyektləri tikilmiş, Park-bulvar kompleksi salınmış, Mərkəzi Xəstəxana əsaslı təmir olunmuşdur. Astara şəhərinin içməli su təchizatı yenidən qurulmuş, yeni Ələt-Astara magistral avtomobil yolu inşa edilmiş, 170 km-dən çox avtomobil yolu asfaltlaşdırılmış, körpülər salınmış, heç vaxt avtomobil yolu və işığı olmayan kəndlərə elektrik xətti və yol çəkilmiş, yaşayış məntəqələrinin əksəriyyəti qazlaşdırılmış, əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir. Hazırda 26 km-lik Astara-Çayoba avtomobil yolu əsaslı təmir olunaraq yenidən qurulur. Şümrüd və Dürriyə kədlərinə yeni avtomobil yolu çəkilir. Aqrar sahədə də böyük uğurlar qazanılmışdır. Çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsi bu sahələrin inkişafına böyük stimul vermişdir. Astara çayı və Astara düyüsü brend kimi alıcıların rəğbətini qazanmışdır. İnnovativ üsullarla salınan yeni sitrus və subtropik meyvə bağlarının sahəsi xeyli genişləndirilmiş, hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qaytarılmışdır.
Müzəffər Ali Baş Komandan "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur"-deyən Ulu Öndərin vəsiyyətini yerinə yetirməklə xalqımıza Qələbə sevincini yaşatdı.
44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun fədakarlığı ilə uzun illər işğal altında olan müqəddəs torpaqlarımız azad edilməklə, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ağır məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən, erməni revanşistləri ən böyük zərbəni bu ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirində aldılar. Rəşadətli Ordumuz cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Cənab Prezidentin 15 oktyabr tarixində Xankəndidə Şanlı Bayrağımızı qaldırması Azərbaycan xalqının 200 illik arzusunu reallaşdırmaqla 20 illik Prezidentlik fəaliyyətinin ən böyük hesabatı idi.
Ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları bu gün şaddır.
İndi tam əminliklə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir.
Ulu Öndəri böyük məhəbbətlə sevən, xatirəsini daim ehtiramla yad edən astaralılar Qalib Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da Heydər Əliyev ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə əllərindən gələni edəcəklər.
Konfransda, həmçinin, Astara rayon prokuroru Əli Əliyev, Milli Məclisin deputatları Rəşad Mahmudov və Ziyafət Əsgərov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış etmişlər.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılmışdır.
Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi tədbir zamanı nümayiş etdirilmişdir.