Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.

08 iyun 2026 | 11:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsindən irəli gələn vəzifələrin, qarşıya qoyulan məsələlərin icrası ilə əlaqədar Astarada fermer və sahibkarların iştirakı ilə müşavirə keçirilmişdir.  

Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər uğurla davam etdirilir.

03 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədən sonra ölkə başçısının sərəncamları ilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramları təsdiq edilmişdir.

25 may 2026-cı il tarixdə cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmiş, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.

Təsdiq edilmiş Dövlət Proqramları bu sahələrin inkişafı üçün böyük imkanlar yaratmaqla ölkədə qeyri-neft sektorunun inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

Son illər rayonumuzda sitrus və subtropik meyvələrin istehsalına diqqət artmış, fiziki şəxslər və pay torpaq mülkiyyətçiləri tərəfindən yeni bağlar salınaraq sahəsi ümumilikdə 4666 hektara çatdırılmışdır ki, bu da əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur.  

Sitrusçuluğun inkişaf etdiyi ölkələrin təcrübəsi öyrənilərək müasir üsullardan istifadəyə daha çox üstünlük verilir. Bu sahənin rayonda daha yaxşı inkişaf etdirilməsi üçün, sitrus bağlarının yerli iqlim şəraitinə uyğun, yeni texnologiya əsasında əkilməsindən ötrü mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. 2018-ci ildən etibarən rayona xaricdən gətirilərək əkilən şaxtayadavamlı və məhsuldar tinglər müsbət bəhrəsini vermiş, intensiv üsulla əkilmiş bağlardan artıq yüksək nəticələr əldə edilməkdədir.

Ötən il 78 min ton sitrus və subtropik meyvələri istehsal edilmiş, nəticədə fermerlərin və fərdi təsərrüfatçıların ailə büdcələri əhəmiyyətli dərəcədə artmışdır. İstehsal olunan sitrus və subtropik meyvələri ölkə əhalisinin tələbatının çox hissəsini ödəsə də, əlavə olaraq ildə ölkəmizə 20 min ton portağal, 20 min ton limon və 8 min ton naringi idxal olunur.  Sitrusçular intensiv bağ sahələrinin artırılması üzərində düşünməli, istehsalı iki dəfə artıraraq 150 min tona çatdırılmasına nail olmalıdırlar.

Regionda ilk dəfə sutkalıq istehsal gücü 50-55 ton olan sitrus meyvələrinin çeşidlənməsi və qablaşdırılması məntəqəsinin rayonumuzda yaradılmasına başlanılmışdır. Bunun üçün müasir avadanlıqlar alınaraq gətirilmiş, sitrus meyvələrinin yığımına qədər quraşdırılması nəzərdə tutulmuşdur.

Rayonda sitrus və subtropik meyvələrinin saxlanması üçün soyuducu anbarlar kifayət qədər olmadığından sakinlərimiz və fermerlərimiz istehsal etdikləri məhsulları dəyərindən ucuz qiymətə satmaq məcburiyyətində qalırlar. Soyuducu anbarların tikintisi istehsalçıların öz məhsullarını daha keyfiyyətli saxlamasına və mənfəətlərinin artırılmasına şərait yaradacaqdır.

Çayçılıq Astarada kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. Rayonun çay fabriklərində istehsal edilən ekoloji təmiz Astara çayı beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüşdür. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır.

2025-ci ildə 232 hektar sahədən 725 ton yaşıl çay yarpağı yığılaraq fabriklərə təhvil verilmişdir. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələlərdəndir. Önəmlisi isə odur ki, nəticədə yüzlərlə insanın məşğulluğunu təmin etmək mümkün olacaqdır.

Rayonda çəltikçiliyin də inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, sutkada gücü 40 ton olan müasir çəltik emalı zavodu istifadəyə verilmişdir. Artıq Astara düyüsü brend olaraq ölkə bazarlarında öz yerini tutmuşdur.

Ötən il 307 ha sahədən 1226 ton məhsul yığılmış, orta məhsuldarlıq 41 sentner təşkil etmişdir. Bu il 181 ha çəltik əkilmiş, hazırda çətik əkini davam edir.

Son illərdə rayonda balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişaf etdirilməsindən ötrü müəyyən işlər görülmüşdür. Regionda ilk dəfə illik istehsal gücü 30 ton olan "ASTARA FİSH" və istehsal gücü 15 ton olan "BELUQA ASTARA" Məhdud Məsuliyyətli Cəmiyyətləri yaradılmış, bu müəssisələrdə nərə cinsli balıqlar yetişdirilir. Rayonumuzun təbii iqlim şəraitinin əlverişli olması gələcəkdə bu sahənin daha da genişləndirilməsinə imkan yaradır.  

Sakinlərimiz və fermerlərimiz heyvandarlığın inkişafına da xüsusi maraq göstərir. Son illər heyvanların cins tərkibini yaxşılaşdıraraq təsərrüfatlarını genişləndirirlər. 2025-ci ildə rayon üzrə 37 min baş iri buynuzlu, 21 min xırda buynuzlu mal-qara mövcud olmuşdur. 4100 ton ət, 25600 ton süd istehsal edilmişdir. Rayonda yaradılmış müasir ət kəsimi məntəqəsi sanitar-gigiyenik normalara əməl edilməklə yanaşı istehlakçıların təmiz və keyfiyyətli ət məhsulları ilə təmin edilməsinə şərait yaradır.

Biz dövlətin göstərdiyi bu yüksək dəstək və qayğıdan faydalanmaqla cənab Prezidentin kənd təsərrüfatı sahələrinin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirərək ölkədə ərzaq bolluğunun yaradılnmasına əməli işimizlə töhfə verməliyik.

Müşavirədə çıxış edən fermer və sahibkarlar məşğul olduqları sahələr üzrə dövlət dəstəyindən yararlanmaqla qazandıqları nailiyyətlərdən, mövcud problemlərdən, qarşıdakı planlardan danışmış, həyata keçirmək istədikləri yeni layihələr barədə təkliflərini səsləndirmişlər. Cənab Prezidentin kənd təsərrüfatı ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaqdan ötrü bütün imkanlarını səfərbər edəcəklərini bildirmişlər.

İcra başçısı irəli sürülən təklifləri dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları qaşısında məsələ qaldırılacağını qeyd etmişdir.

Vurğulamışdır ki, Dövlət Proqramlarında qarşıya qoyulan hədəflərə nail olmaqdan ötrü müasir texnologiyalar tətbiq etməklə rayonumuz üçün xarakterik olan yeni intensiv bağların salınması, istifadəsiz qalan əkinə yararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma suyundan səmərəli istifadə olunması, yeni su mənbələrinin yaradılması, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin genişləndirilməsi vacibdir. Həmçinin, kənd təsərrüfatının bütün sahələri üzrə peşəkar mütəxəssislərə böyük ehtiyac vardır.  İnanıram ki, birlikdə bütün məqsədlərimizə nail olacağıq.

Keçidlər