Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada “Mandarinnart” hotelinin açılışı olmuşdur

20 dekabr 2022 | 18:08

Astara rayonunda son illər həyata keçirilən geniş quruculuq-abadlıq işləri, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait iş adamlarının öz fəaliyyətlərini genişləndirmək üçün böyük imkanlar açmışdır. Bunun nəticəsidir ki, rayonda istifadəyə verilən sahibkarlıq və turizm obyektlərinin  sayı gündən-günə artır.

Dekabrın 20-də Astara şəhərində müasir dizaynla inşa edilmiş “Mandarinnart” hotelinin açılışında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişdir.

Hotelin direktoru Anar Əbdülhüseyn oğlu Mahmudov qonaqları salamlayaraq, məlumat vermişdir ki, ölkəmizdə sahibkarların, iş adamlarının etibarlı himayədarı olan cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə  biznes sahəsində fəaliyyət göstərənlərə olduqca geniş imkanlar yaradılmışdır. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın təşkili məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlığın İnkişafı Fondu, Biznes Tədris Mərkəzləri və s. dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Aparılan quruculuq-abadlıq işləri paytaxt Bakı ilə yanaşı regionlarımızı da gündən-günə gözəlləşdirir. Bu da gənc sahibkar kimi fəaliyyətimizi bölgələrdə də genişləndirməyə motivasiya edir. Paytaxtda yaşamağıma baxmayaraq son illər cənab başçı, sizin rəhbərliyinizlə Astara rayonunun necə inkişaf edərək gözəl bir məkana çevrildiyini görüb bura investisiya yatırmaq qərarına gəldim. Bu layihəmi Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirmişəm və gələcəkdə bunu daha da genişləndirmək fikrində və arzusundayam.

Açılışına toplaşdığımız butik hotel üç mərtəbədən ibarət olmaqla Avropa standartlarına uyğun hazırlanmışdır. Delyuks, lyuks və standart otaqlarda xarici ölkələrin istehsalı olan muasir mebel və avadanlıqlar quraşdırılmışdır. Eyni zamanda hotelimizdə restoran, SPA və Fitnes mərkəzi, açıq hovuz, uşaq əyləncə meydançası və yay amfiteatrı vardır. Hotel eyni vaxtda 120 nəfərə xidmət göstərmək imkanına malikdir. Qonaqlara milli yeməklərlə yanaşı, dünya mətbəxi nümunələri ilə təklif edilir. Daha bir özəllik isə çörək və bütün növ şirniyyatların məhz hotelin mətbəxində hazırlanmasıdır. Həmçinin qardaş Türkiyə Respublikasından peşəkar mütəxəssis kimi dəvət etdiyimiz Mehmet Uysal hoteldə baş menecer kimi çalışmaqla yanaşı rayonumuzdan olan xidmət personalına qonaqlara yüksək səviyyədə xidmət göstərməkdən ötrü təlimlər də keçəcəkdir. Qeyd etmək istəyirəm ki, yaxın gələcəkdə daha belə bir hotelin inşasını rayonun dənizsahili ərazisində həyata keçirmək niyyətindəyik. Ümid edirəm ki, nümunəvi xidmətimizlə Astara rayonunda turizmin inkişafına öz töhfəmizi verəcəyik.

Biz sahibkarlara göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə hədsiz minnətdarlığımı bildirirəm. Yaradılan şəraitə və hərtərəfli dəstəyə görə Astara Rayon İcra Rakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevə, İqtisadiyyat Nazirliyinə və Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyinə təşəkkür edirəm.

İcra başçısı Qəzənfər Ağayev hotelin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd etmişdir ki, cənab Prezidentin ölkədə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq rayonumuzda bu istiqamətdə ardıcıl işlər aparılır. Şəhər, qəsəbə və kəndlərdə aparılan abadlıq işləri, bütün yaşayış məntəqələrin yollarının asfaltlaşdırılması füsunkar təbiəti olan rayonumuza iş adamların marağını xeyli artırmışdır. Təkcə son üç ildə rayonun iqtisadiyyatına 20 milyon manatdan çox investisiya qoyulmuşdur. Bu xərclərin böyük əksəriyyəti turizm infrastrukturunun yaradılmasına yönləndirilmişdir. Bir neçə müasir tipli hotel, qonaq evləri tikilib istifadəyə verilmiş, yeniləri tikilmək üzrədir. Rayonumuzun gözəl mənzərəsi, bir tərəfdən dənizlə, bir tərəfdən dağlarla əhatə olunması və bu məsafəni getmək üçün rahat avtomobil yolların mövcudluğu son illər turizm axınını xeyli artırmışdır. Dəniz sahilindəki gözəl park-bulvar, sərin bulaqlar, şəlalələr, termal sular, təbiət abidələri rayona gələn qonaqlar üçün çox cəlbedicidir. Məhz belə bir yerdə müasir bir istirahət guşəsi yaratmağınız hesab edirəm ki, doğru qərardır.

Bildirmək istəyirəm ki, rayonda turizmin inkişaf etdirilməsindən ötrü yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün sahibkarlara tərəfimizdən hərtərfli köməklik göstəriləcəyini bir daha vurğulamaqla investorları rayonumuza dəvət edirəm.

Bir daha sizə uğurlar arzulayıram.

Sonra “Mandarinnart” hotelinin açılışını bildirən lent kəsilmiş, qonaqlar hoteldə yaradılan şəraitlə tanış olmuşlar. 

Keçidlər