Astarada Milli Qurtuluş Günü qeyd olunmuşdur
15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, Azərbaycan xalqını bu günkü xoş, firavan günlərə yetirdiyi həmin tarix Qurtuluş Günü bayramı kimi tarixə düşübdür. Hər il olduğu kimi bu il də rayonun idarə, müəssisə və təşkilatlarında 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
15 iyun tarixində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı kimi yazılıb. Zəngin fəaliyyəti, böyük xilaskarlıq missiyası, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zirvəsinə ucalmış, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmiş Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız daim hörmətlə anır.
Müstəqil Azərbaycanımız Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçərək dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, fenomenal idarəetmə bacarığı, cəsarəti və qətiyyəti ilə Şanlı Azərbaycan Ordusu uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı qısa müddətdə azad edərək xalqımızı qalib xalq kimi dünyaya tanıtdı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi güclü, mütərəqqi mövqeyi ilə dünyada tanınan, azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bundan sonra da inkişaf edəcək və bütün hədəflərinə çatacaq və əbədi yaşayacaqdır.