Astarada müasir idman meydançalarının açılışı olmuşdur.
Rayonun Çayoba kəndində Vətən Müharibəsi iştirakçısı, sahibkar, Ümüdvar Məmmədovun təşəbbüsü və şəxsi vəsaiti hesabına inşa edilən açıq və qapalı mini futbol və voleybol meydançalarının açılışı olmuşdur. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Məmmədov Ümüdvar Vaqif oğlu Vətən Müharibəsi başlanan ilk gündən sahibkarlıq fəaliyyətini dayandıraraq ehtiyatda olan zabit kimi döyüşlərə qatılmış, Xocavənd, Füzuli, Qubadlı və Zəngilan rayonlarının azad edilməsində qəhrəmanlıqla döyüşmüş, Zəfər gününü cəhbədə qeyd etmişdir. Vətən müraibəsində göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə”, “ Xüsusi şücaətə görə” və “Vətən Müraibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Müharibədən sonra sahibkarlıq fəaliyyətini davam etdirən Ümüdvar Məmmədov gənc nəslin fiziki cəhətdən sağlam böyüməsində idmanın əvəzsiz rol oynadığını nəzərə alaraq rayonun Çayoba kəndində idman meydançasının inşasına başlamış, Zəfər gününün ikinci ilində tikinti işlərini tamamlamışdır. Geniş ərazidə müasir standartlara uyğun salınmış idman meydançalarına süni ot örtüyü döşənmiş, işıqlandırma sistemi qurulmuş, qoruyucu məhəccərlərlə əhatəyə alınmışdır.
Açılışda çıxış edən icra başçısı belə bir təşəbbüsə görə Ümüdvar Məmmədova təşəkkür etmiş, gənc nəslin sağlam böyüməsi üçün idmanın əhəmiyyətini bir daha vurğulamışdır. Bildirmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədəkarlığı ilə 30 il işğalda olan torpaqlarımız azad edildi. Xalqımıza qələbə sevincini yaşadan, müharibədə şücaəti ilə fərqlənən oğullardan biridə Ümüdvardır. Qələbənin əldə edilməsdində fiziki cəhətdən sağlam gənclərin böyük rolunu görərək idman meydançasının salınmasını zəruri hesab etmiş və bu işi uğurla başa çatdırmışdır. İdman meydançasının Dirçəliş günündə istifadəyə verilməsi bu günün əhəmiyyətini daha da artırır.
Əminəm ki, bura gənclərimiz üçün əvəzedilməz məkanlardan birinə çevriləcəkdir.
Sonda şəhidlərimizin bizlərə əmanət etdiyi övladlarına hədiyyələr təqdim edilmiş, şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçıları üçün ziyafət süfrəsi təşkil edilmişdir.