Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada Novruz bayramı qeyd edildi

19 mart 2026 | 15:25

Təbiətə xoş ovqat, könüllərə incə duyğular gətirən yazın gəlişi ilə  torpaq oyandığı kimi, insanların üzündə da təbəssüm çiçəklənir.  Bu yaz günlərində gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə Şanlı Bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanması bizə sevinc və qürur verir. 

Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan torpaqlarında alovlanan bayram tonqalları müstəqil, suveren Azərbaycanımızın gücünü, qüdrətini göstərir. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, bayram tonqalı ətrafında sakinlərlə səmimi söhbəti növbəti qürurlu anlar idi.

Bahar çiçəkləri qədər gözəl və təravətli olan Astarada Novruz bayramı şənliyi zövqlə bəzədilmiş dənizkənarı park-bulvarda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olundu. Şənliyə toplaşanların çöhrəsindəki sevinc aydın hiss edilirdi.

Milli bayramımızın əsas siması olan bahar qızı izdihama yaxınlaşaraq novruz xonçası ilə meydana daxil oldu, bayram tonqalı alovlandırıldı.

Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar ifa etdilər. Məktəblilər və gənclər milli geyimdə novruz tonqalı ətrafında yallı gedərək oynadılar. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı.

Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu.

Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.

Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.

Keçidlər