Astarada Novruz şənlikləri
Artıq bahar yurdumuza xoş qədəmlə gəlir. Hər yanda Novruz bayramının sevinci yaşanır. Gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırmışdır. Bu gözəllik sərgisində doğma Astaramızın xüsusi yeri var. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir.
Novruz bayramı şənliyi zövqlə bəzədilmiş dənizkənarı park-bulvarda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə geniş şəkildə qeyd olundu. Yerli sakinlər və rayona gələn qonaqların əsl istirahət məskəninə çevrilmiş dənizkənarı park-bulvarda şənliyə toplaşanların çöhrəsindəki sevinc aydın duyulurdu.
Milli bayramımızın əsas siması olan Bahar qızı izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. Sonra Vətən Müharibəsi qazisi, Azərbaycan Bayrağı Ordenli Rüfət Əsədullayev bayram tonqalını yandırdı.
Aşıqların ifası, meyxanaçıların deyişməsi tamaşaçılar tərəfindən maraqla qarşılandı. Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları isə milli rəqslər ifa etdilər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı.
Kənd təsərrüfatı, turizm və xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.