Astarada Novruz şənliyi
Bu günlər odlar yurdu Azərbaycanımızın hər yerində bayram sevinci yaşanır. Təbiətə xoş ovqat, ürəklərə sevinc, qəlblərə hərarət, könüllərə incə duyğular gətirən bahar qədəm qoyur doğma yurdumuza. Gül-çiçək, gözəllik sərgisinə bənzəyən yurdumuzun hər qarışı xalqımızın milli bayramı olan Novruz bayramının qeyd edilməsi ilə sanki yaraşığını bir az da artırmışdır.
Qürurvericidir ki, bu gün Şanlı Bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan torpaqlarında alovlanan bayram tonqalları müstəqil, suveren Azərbaycanımızın gücünü, qüdrətini göstərir.
Vətənimizin dilbər guşələrindən olan Astarada Novruz bayramı şənliyi zövqlə bəzədilmiş dənizkənarı park-bulvarda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və ictimaiyyətin iştirakı ilə geniş şəkildə qeyd olundu. Şənliyə toplaşanların çöhrəsindəki sevinc aydın duyulurdu.
Milli bayramımızın əsas siması olan Bahar qızı izdihama yaxınlaşaraq səməni ilə meydana daxil oldu. Sonra el ağsaqqalı Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalı alovlandırıldı.
Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qrupları isə milli rəqslər ifa etdilər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı.
Kənd təsərrüfatı, turizm və xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.