Astarada “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur
Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkili Vasif Qafarov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.
İcra başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək qeyd etmişdir ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan, Avropa ilə Asiya qitəsinin qovşağında, zəngin yerüstü və yeraltı sərvətlərə malik, əlverişli coğrafi mövqeyi olan bir ərazidə yerləşdiyindən daim diqqət mərkəzində olmuşdur. Bu torpaqlarda gözü olan yadellilər müxtəlif tarixi dönəmlərdə işğalçılığa çalışsalar da, qəhrəman xalqımız heç vaxt düşmənə boyun əyməmiş, qəsbkarlara qarşı qəhrəmanlıqla mübarizə aparmışdır.
Minilliklərlə bu torpaqlarda yaşamış soydaşlarımız ən böyük xəyanəti buraya xeyli sonralar köçmüş və xeyirxah xalqımızın doğma vətənində yaşamaq üçün yer verdiyi bədxah ermənilərdən görmüşlər. Azərbaycan xalqı tarixi-etnik torpaqları olan Qərbi Azərbaycanda dəfələrlə deportasiya və soyqırıma məruz qalmışdır. Erməni vandalları müxtəlif tarixi dönəmlərdə havadarlarının yaxından köməkliyi ilə on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, yurdlarından didərgin salmış, şəhər və kəndlərimizi xarabalığa çevirərək talan etmiş, tarixi abidələri, məscidləri, qəbiristanlıqları viran qoymuş, qədim Azərbaycan coğrafi adlarını dəyişdirərək tarixi izləri itirməyə çalışmışlar.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə torpaqlarımız işğaldan azad olunmuş, dövlət suverenliyi tam bərpa olunmuşdur.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda cənab Prezidentin rəhbərliyi ilə sürətli tikinti-quruculuq, bərpa işləri gedir. Soydaşlarımız mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Dövlətimizin hədəfi azərbaycanlıların həm də Qərbi Azərbaycan tarixi torpaqlarına qayıdaraq, təhlükəsiz yaşamasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə İrəvan Xanlığı haqqında geniş tədqiqatlar aparılmış və fundamental tarixi əsərlər yaradılmışdır. Bu gün məhz bu tədqiqatların nəticəsi olaraq yeni nəşr olunmuş “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatıdır. İnanırıq ki, kitabda Qərbi Azərbaycanla bağlı təqdim olunan tarixi həqiqətlər həm ölkə vətəndaşları, həm də beynəlxalq ictimaiyyət üçün çox dəyərli bir mənbə olacaqdır.
Tədbirdə tarix elmləri doktoru, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri, millət vəkili Vasif Qafarov çıxış edərək “Qərbi Azərbaycan irsi” kitabı haqqında iştirakçılara geniş məlumat vermiş və Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, orada yaşamış soydaşlarımızın məruz qaldığı tarixi ədalətsizlikdən bəhs edən videoçarx nümayiş etdirilmişdir.







