Astarada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan Kardiologiya, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətlərinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Astara şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ekspertlərin Zirvə Görüşü” Regional Tibbi-Elmi Konfrans keçirilmişdir.
Konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, YAP İdarə Heyətinin üzvü Professor Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev, peşəkar invaziv kardioloq, kardio cərrah həkimlər və digər qonaqlar iştirak etmişlər.
Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Astara şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə güllər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
İcra başçısı Qəzənfər Ağayev konfransda çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə rayonumuzda silsilə tədbirlər keçirilmişdir.
Astarada rayonunda dünyanın ayrı-ayrı ölkələrinin və respublikamızın məşhur tibb alimlərinin, həkimlərinin iştirakı ilə keçirilən beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi, Təhsil festivalı, Milli Məclis üzvlərinin, tanınmış politoloqların, ziyalıların, elm adamlarının iştirakı ilə elmi-praktiki konfranslar xüsusilə yaddaqalan olmuşdur. Bu tədbirlərdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin fəaliyyətindən bəhs edilməklə xatirəsi ehtiramla yad edilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınması, dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi, bu günkü yüksək inkişafı, Ulu Öndər siyasətinin nəticəsi olmaqla, bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycan bugün heç vaxt olmadığı qədər ən yüksək inkişaf dövrünü yaşayır.
Cənab Prezident İlham Əliyevin uzun illərdən sonra oktyabrın 15-də, prezidentlik fəaliyyətinin 20-ci ildönümündə Şanlı Bayrağımızı Xocalıda, Xocavənddə, Əskəranda, Sərsəng su anbarı ərazisində və Xankəndidə qaldırması ən unudulmaz, ən sevincli bir tarix kimi xalqımızın yaddaşında əbədi qalacaq. Bu bizə qürur verir. Qalib dövlətin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağımızla fəxr edirik.
Belə mötəbər tədbirlərin Bakı şəhəri ilə yanaşı regionlarda keçirilməsi də ölkəmizin yüksək inkişafının nəticəsidir. Həkimlərimizin müzakirə olunan mövzuda daha çox məlumatlanması, yeniliklərlə tanış olması onların gələcək fəaliyyətinə müsbət təsirini göstərəcəkdir. Mən tibbi konfransı rayonumuzda keçirtdiyinə görə təşkilat komitəsinə təşəkkür edir, konfransın işinə uğurlar arzu edirəm.
Konfransda tibb alimləri, yüksək ixtisaslı, təcrübəli həkimlər ürək-damar xəstəliklərinin müalicəsində tibb elminin nailiyyətləri barədə iştirakçıları məlumatlandırmışlar. Cənub regionunda fəaliyyət göstərən kardioloq və terapevt ixtisaslı həkimlərlə ürək-damar xəstəliklərinin müalicə və profilaktikasında yeniliklər, ölkəmizdə və dünyada mövcud vəziyyət, çətinliklər və onların həlli yolları müzakirə olunmuşdur. Tədbirin davamı olaraq 24 dekabr tarixində “Sağlam gələcək üçün birlikdə yürüyək” devizi altında konfrans iştirakçıları Astara Dənizkənarı Park-Bulvar kompleksində idman yürüşü etmişlər.