Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təhsil festivalı keçirilmişdir.
Astarada Elm və Təhsil Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilmişdir.
Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulmuşdur.
Astara şəhəri dənizkənarı park-bulvar ərazisində keçirilən festivalda Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər iştirak etmişdir.
Festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.
Təhsil festivalında ali, orta ixtisas və peşə təhsil müəssisələri, həmçinin beynəlxalq, respublika idman yarışlarının və müxtəlif layihələrin qalibləri təqdimatlarla çıxış etmiş, düzgün ixtisas seçimi, təhsil kreditləri ilə bağlı məlumatlar verilmiş, xarici dillərdə dialoqlar aparılmış, kitab sərgisi və flaşmob nümayiş etdirilmiş, şagirdlər tərəfindən muxtəlif musiqi nömrələri təqdim edilmiş, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil olunmuşdur.
Festivalda iştirak edən müəssisələr xidmət və məhsullarını nümayiş etdirmişlər.
İcma və məktəbəqədər təhsil müəssisələrinin şagirdlərinin təqdimatında tamaşa və musiqilər də festivala xüsusi rəng qatmış, regionun peşə təmayüllü siniflərinin, kimyaçı istedadların və “Aqrobiomüxtəliflik” müsabiqəsinin iştirakçılarının, eləcə də “SABAH” alimləri və STEAM layihələrinin qaliblərinin təqdimatı daha çox diqqət çəkmışdir.
Festival boyunca iştirakçılar maraqlı məlumatlar əldə etmiş, şagirdlərin rəsm işləri ilə tanış olmuşlar.
Festivalın gedişində iştirakçılar tərəfindən edilən təqdimatları maraqla qarşılayan izləyicilər gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən belə tədbirlərin paytaxtla yanaşı regionlarda keçirilməsini yüksək qiymətləndirmiş, regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmiş, təşkilatçılara təşəkkürlərini bildirmişlər.