Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada “Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir

28 sentyabr 2024 | 12:41

Sentyabrın 28-də “Astara Sağlamlıq Günləri” çərçivəsində Astara Rayon İcra Hakimiyyəti, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə nazirliyi, TƏBİB və Respublika Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş “Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda Beynəlxalq Elmi Konfrans Astara rayonunda işinə başlamışdır.  

Konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Elmi Təcrübi və  Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov, TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Səhiyyə nazirliyinin rəsmiləri, respublikamızdan, Türkiyə və Almaniyadan dəvət edilmiş tibb alimləri, cənub bölgəsində fəaliyyət göstərən tibb müəssisəslərində çalışan tibb heyəti və digər qonaqlar iştirak edirlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov və qonaqlar  Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolundan bəhs edən fotostendlərlə tanış olmuşlar. 

Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Açılış nitqi ilə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlayaraq beynəlxalq konfransın Astarada keçirilməsinin mahiyyəti və önəmindən bəhs etmişdir. Qeyd etmişdir ki, dünən, Anım Günündə Mərkəzi Gömrük Hospitalının, Respublika Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in ixtisaslaşmış tibb işçilərindən ibarət həkim briqadasının Astara Mərkəzi Xəstəxanasında şəhid və qazi ailələri üçün keçirtdiyi tibbi aksiyaya görə bütün heyətə öz adımdan və astaralılar adından təşəkkürümü bildirirəm. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək bizə qələbə sevincini yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm.

27 sentyabr Anım Günü olsa da, əslində bu tarix böyük zəfərə aparan yolun başlanğıcıdır.  2020-ci il  sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi hərb tarixinə düşən və Şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən qürurverici səhifəsidir. Bu haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dəmir iradəsi və Şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın  30 illik torpaq həsrətinə son qoyulmaqla, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşayır. Ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları indi şaddır. Hər birimiz qalib ölkənin vətəndaşları kimi böyük fəxarət hissi yaşamaqdayıq. İşğaldan azad edilən torpaqlarımızda Şanlı Bayrağımızın əzəmətlə dalğalanması bizi hədsiz dərəcədə sevindirir və qürurlandırır. Erməni vandallarının viran qoyduğu şəhər və kəndlərimiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən qurularaq bərpa edilir. Ata-baba torpaqlarından didərgin düşmüş hər bir azərbaycanlı öz yurduna qayıtmağın böyük sevincini yaşayır.

Xalqımız əmindir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

“Ümumdünya Ürək Günü”nə həsr edilmiş beynəlxalq konfransda iştirakınıza görə bir daha hər birinizə təşəkkürümü bildirir və konfransın işinə uğurlar arzulayıram.

Konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin deputatı Rəşad Mahmudov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Türkiyə Respublikasının Florence Healthcare Qrupunun icraçı direktoru Sinan Nazif Aran açılış nitqləri ilə çıxış etmiş və konfrans sessiyalarla işini davam etmişdir.

Keçidlər