Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada VI Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir

22 aprel 2023 | 18:33

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilən tədbirlərdə Ulu Öndərin mənalı ömür yolu və zəngin fəaliyyətindən bəhs edilməklə xatirəsi ehtiramla anılır. Bu tədbirləri davamı olaraq  görkəmli siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi, Səhiyyə Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, TƏBİB, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Astara rayonunda Azərbaycan-Alman-Türk Tibb Konqresi 22 aprel 2023-cü il tarixdə işinə başlamışdır.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günlərinin təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının İdarə heyətinin sədri, Millət vəkili, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Özbəkistan Respublikasının Səhiyyə nazirinin müavini Abrorcon Alicanov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, Konqresin idea müəllifi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisəslərində çalışan tibb heyəti və digər qonaqlar iştirak edirlər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılmış abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Konqresdə Azərbaycan Dövlət Himni səsləndirilmiş, əbədiyaşar lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənmişdir.

Açılış nitqi ilə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qonaqları salamlayaraq beynəlxalq konfransın Astarada keçirilməsinin mahiyyəti və önəmindən bəhs edərək qeyd etmişdir ki, xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində anadan olmuşdur. Mənalı ömrünü dövlətinin və xalqının tərəqqisinə həsr edən bu dahi şəxsiyyət 1969-1982 və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmişdir.

Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün sahələrdə, o cümlədən səhiyyənin inkişafında mühüm tərəqqi dövrü yaşamışdır. Respublikada həkim kadrlarının hazırlığı yüksək vüsət almış, yeni elmi mərkəzlər açılmış, elmi tədqiqat institutlarının fəaliyyəti canlandırılmış, ölkədə tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfranslar keçirilmişdir. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 1972-ci ildə isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin Bakıda keçirilməsi bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.

1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev ittifaq dövlətinin ən mühüm sahələrinə, o cümlədən səhiyyə sahəsinə rəhbərlik etmiş, bu vacib sahənin inkişafına mühüm töhfələrini vermişdir.  

Dahi Heydər Əliyev 1990-cı ildə Azərbaycana qayıtmış, xalqın təkidi ilə siyasi fəaliyyətini davam etmişdir. Həmin illər Azərbaycan Respublikası çətin günlərini yaşayırdı. Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla 20 faiz torpağımız erməni terrorçuları tərəfindən işğal edilmiş, bir milyon soydaşımız doğma yurdlarından didərgin düşmüşdü. Təcrübəli dövlət xadimi Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək müstəqilliyini itirməkdə olan Azərbaycan dövlətini yenidən qurdu.

Müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi, səhiyyədə də dərin böhran yaranmışdı. Qısa müddət ərzində Heydər Əliyev bu sahənin hərtərəfli inkişafı üçün tədbirlər həyata keçirmiş, ciddi uğurların əldə edilməsi ilə səhiyyəmizin yüksəlişini təmin etmişdir.

Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan ölkə Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Onun fəaliyyəti nəticəsində Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 

Cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə elmi texnoloji yeniliklərin tətbiq edildiyi Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Son 20 ildə ölkəmizdə 800-dən çox xəstəxana yenidən tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Bütün regionlarda diaqnostika mərkəzləri tikilərək ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Dövlət dəstəyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüksək tibb təhsili alan gənclər hazırda səhiyyəmizin inkişafına dəyərli töhfələrini verirlər. Bu gün keçirilən konqres bir daha onu göstərir ki, ölkəmizdə beynəlxalq tibb tədbirlərinin keçirilməsi, dünyanın qabaqcıl tibb universitetləri və müəssisələri ilə tələbə və mütəxəssis mübadiləsinin aparılması dövlətimizin daim diqqətindədir.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram göstərərək 100 illik yubileyi münasibəti ilə rayonumuzda təşkil olunmuş VI Azərbaycan-Alman-Türk Tibb Konqresində iştirakınıza görə hər birinizə minnətdarlıq edir və konqresin işinə uğurlar arzulayıram.

Tədbirin açılışında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının prezidenti, Millət vəkili, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov  Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, Azərbaycan dövlətçiliyinin yaranmasındakı xidmətlərindən danışmışdır. Heydər Əliyev üçün insanların səhhətinin, xalqın sağlamlığının bütün taleyüklü məsələlərdən öndə gəldiyini, ixtisaslı milli kadrların hazırlanmasının Heydər Əliyev şəxsiyyətinin müstəqil Azərbaycan tibbinə xüsusi töhfə olduğunu vurğulamışdır. Onun hakimiyyəti dövründə yüzlərlə gənc həkimin xaricdə təhsil üçün göndərilməsinin sonrakı dövrdə ölkə səhiyyəsinin üzləşə biləcəyi kadr çatışmazlığının qarşısının alınması üçün hesablanmış əvəzsiz xidmət olduğunu bildirmişdir. Ulu Öndər ideyalarının və xidmətlərinin onun siyasi varisi ölkə başçısı cənab İlham Əliyev tərəfindən qüsursuz şəkildə davam etdirildiyini, tibbdə xidmət keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun formalaşdırılması və həkimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühim işlər görüldüyünü qeyd etmişdir.

TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilov konfransın keçirilməsinin böyük tarixi əhəmiyyət daşıdığını bildirmişdir. O, Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını qeyd etmişdir. Hələ siyasi hakimiyyətə gəlişinin ilk illərindən bütün ölkə miqyasında səhiyyə sisteminin kompleksləşdirilməsi istiqamətində gördüyü işlərin, tibb ocaqlarının həmin dövrün standartlarına cavab verən tərzdə yenidən və əsaslı qurulmasının, əhalinin sağlamlığının qorunması istiqamətində imzalanmış sənədlərin tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək hazırda səhiyyəmizin ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın həssas qayğısı ilə özünün intibah dövrünü yaşadığına əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev və Özbəkistan Respublikasının Səhiyyə naziri İnoyatov Amrillo Shodievichin konfrans iştirakçılarına video müraciətləri ünvanlanmışdır.

Daha sonra Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilmişdir. Heydər Əliyev Fondu üçün xüsusi təsis edilmiş Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən xatirə hədiyyəsi Özbəkistan Respublikasının Səhiyyə nazirinin müavini Abrorcon Alicanov tərəfindən Rəşad Mahmudova təqdim edilmişdir.

Tədbirdə çıxış edən Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, AMEA-nın müxbir üzvü Südeyf İmamverdiyev, Professor Stefan Post Konqresin mahiyyətindən və iştirakçıların əldə edəcəyi zəngin təcrübədən bəhs etmişlər. Tədbir plenar iclaslar və mədəni proqram ilə davam etmişdir.

Qeyd edək ki, 22 aprel 2023 tarixində öz işinə başlayan konqres işini 23 aprel 2023-cü il tarixində Cənub regionu, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək.

Tədbirdə nümayiş olunan Astara rayonunun tətbiqi sənət və etnoqrafik nümunələri, folklor kollektivinin çıxışları maraqla qarşılanmış, iştirakçılara xoş anlar yaşatmışdır.

Tədbirin davamı olaraq 23 aprel 2023-cü ildə Astara şəhəri Park-bulvar kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar bayram konserti keçiriləcəkdir.

 

Keçidlər