Astarada Xocalı faciəsinin 32-ci ildönümü qeyd edilmişdir
26 fevral 2024-cü il tarixində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hörmət və ehtiramla yad etmişlər.
32 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin törətdiyi dəhşətli terror aktı bir daha xatırlanmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində işğal altında olan torpaqlar, o cümlədən, Xocalı da azad edilmişdir.
30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də, səbrlə qisas gününü gözlədi. Nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan Ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. Ötən ilin 19 sentyabr tarixində keçirilən antiterror tədbirlərində qəhrəman əsgərlərimiz cəmi bir sutka ərzində Qarabağda erməni terrorçularının son qruplaşmalarını da darmadağın edərək təslim olmağa məcbur etdi. Bununla da Xocalı və digər yaşayış məntəqələri tamamilə terrorçulardan təmizləndi. Xocalı faciəsi qurbanları və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün qəhrəman övladlarımızın qisası alındı.
15 oktyabrda Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin Xocalıda, Xocavənddə, Ağdərədə və Xankəndidə şanlı Azərbaycan Bayrağını qaldırması isə xalqımızın çoxdankı arzusunun gerçəkləşməsi, tarixi ədalətin bərpası idi. İndi Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və yaşayacaqdır.