Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi qeyd olundu

02 noyabr 2022 | 17:18

Astara rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda iştirak edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rəşad Mahmudov, Ziyafət Əsgərov, YAP Ağsaqqallar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və YAP rayon təşkilatının sədri Həbib Cəfərov əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Şəhidlərin Xatirə Kompleksinin önünə gül dəstələri qoymuşlar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin 30 illik tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

YAP rayon təşkilatının sədri Həbib Cəfərov partiyanın 30 illiyi haqqında geniş məruzə etmişdir.

Məruzə ətrafında çıxış edən YAP Ağsaqqallar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ziyafət Əsgərov, Rəşad Mahmudov, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, Astara şəhər 2 saylı ərazi ilk partiya təşkilatının sədri Xədicə Əliyeva, partiya fəalı, Vətən müharibəsi qazisi Abbas İbrahimli ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs etmişlər. Qeyd olunub ki, partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rola malikdir. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada ən nüfuzlu və lider dövlətlərdən birinə çevrilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında partiyanın yaranmasından keçən 30 il müddətində əldə edilən mühüm nailiyyətlərdən bəhs etmişdir. Qeyd  etmişdir ki, ulu öndər Heydər Əliyevin banisi olduğu ölkənin yeganə aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmışdır. Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Səriştəsiz insanların ölkəyə rəhbərliyi sayəsində daxili siyasi qarşıdurma dərinləşmiş, böhran vəziyyəti qorxulu həddə çatmışdı. Respublikada xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal edilərək soydaşlarımız doğma yerlərindən didərgin düşmüşdü. Belə bir vəziyyətdə xalq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Azərbaycan xalqı Naxçıvan Muxtar Respubilikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevə çoxsaylı müraciətlər edərək Respublikanı düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün rəhbərliyə dəvət etdi. 

Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri müsbət cavablandıraraq yeni siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verdi. 1992-ci ilin noyabrında təsis olunan Yeni Azərbaycan Partiyası 6 aydan sonra siyasi hakimiyyətə gələrək Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etdi. 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi ilə ilk növbədə Azərbaycanın müstəqilliyinin təməli qoyularaq möhkəmləndirilməsi  istiqamətində əsaslı işlər görüldü. Ölkədə quruculuq işləri üçün vacib şərt olan sabitlik təmin edildi. Qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsası yaradıldı. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter alma­sına nail olundu. Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması üçün güclü diplomatiya işə salındı.

1994-cü ilin mayında 20 faiz ərazi itkisinə məruz qalan Azərbaycanı daha böyük faciələrdən qurtarmaq üçün  cəbhədə atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı.   

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası yaradıldı. Dünya iqtisadi sisteminə inteqrasiyada yeni bir mərhələyə start verildi. Çoxlarına əfsanə kimi görünən, Avropanın enerji xəritəsini dəyişdirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, sonralar isə TANAP qaz kəmərinin təməli qoyuldu.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının sədri olan, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.

Cənab Prezidentin hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması, Azərbaycanla bağlı həqiqətlərin ən mötəbər səviyyədə qəbul etdirilməsi cənab Prezidentin uğurlu diplomatiyasının məntiqi nəticəsidir. 

Bu gün Azərbaycan balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasət həyata keçirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi əldə edilən böyük tarixi nailiyyətlərdən biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olmaqla, beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olmasına öz töhfəsini verir.

2013-cü ildə “Azərspace 1” peykini orbitə çıxarmaqla Azərbaycan dünyanın kosmos ölkələri sırasına daxil olmuşdur.  

Xarici diplomatiya ilə yanaşı ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsi, ölkədə davamlı və möhkəm iqtisadi bazanın yaradılması, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar bəhrəsini verir. 2004-cü ildən ardıcıl olaraq qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi ilə ölkəmizdə inkişaf, tərəqqi geniş vüsət alıb. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsi quruculuq meydançasını xatırladır.

Azərbaycanda yaradılmış sağlam investisiya mühiti ölkəmizə investisiya axımını ildən-ilə artırır. Ölkəmiz xarici sərmayələrin qoyuluşuna görə MDB məkanında liderdir. 

Ötən illər bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük nailiyyətlər əldə olunubdur. Fəxrlə deyə bilərik bu gün Azərbaycan Ordusu dünyanın ən güclü, ən sivil və nizami ordularından biridir.

 Müzəffər Ordumuzun yenilməz gücünü Vətən Müharibəsi döyüşlərində gördük. Cənab Prezidentin diplomatik səylərinə baxmayaraq illərdir həlli müşkülə çevrilən, 30 il işğalda olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətinə düşmən tapdağından azad edildi. İndi xalqımız böyük Zəfərin sevincini yaşayır. 30 il üzünə həsrət qaldığımız torpaqlarda şərəflə dalğalanan Azərbaycan Bayrağı bizə sonsuz qürur verir. Vəhşi düşmən tərəfindən dağıdılaraq, xarabalığa çevrilmiş, talan edilmiş torpaqlarda sürətli quruculuq işlərini görəndə ürəyimiz dağa dönür. Bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevlə qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı bundan sonra da tarixinin ən şanlı səhifələrini yazacaqdır.

Sonda partiya təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən partiya üzvlərinin bir qrupuna fəxri fərman təqdim olunmuşdur.

Keçidlər