Astarada “Zorakılıqsız cəmiyyət naminə” mövzusunda tədbir keçirilmişdir.
Respublikanın şəhər və rayonlarında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası" çərçivəsində Astara rayonunda “Zorakılıqsız cəmiyyət naminə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai fəal qadınlar iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Qəyyumluq və himayə" komissiyası və “Məişət zorakılığı sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun sədri Firəngiz Sadıxova tədbirin mahiyyəti barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, tədbirimiz respublikada keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası" çərçivəsində təşkil olunub. Bu gün müstəqil Azərbaycanımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın şücaəti ilə torpaqlarını işğaldan azad edən, qalib dövlət kimi dünyada tanınmaqla yanaşı həm də insan hüquqlarının ən ali dərəcədə qorunduğu bir suveren ölkədir. Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Astaramızda da sağlam cəmiyyətin formalaşması üçün mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. Məişət zorakılığı, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, erkən nikahın qarşısının alınması məqsədilə yaşayış məntəqələrində valideynlər, ümumtəhsil müəssisələrində yeniyetmə gənclər üçün keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir.
Rayon icra hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu rayonun bütün yaşayış məntəqələrində vəziyyətin qiymətləndirilməsi, zorakılıq hallarının müzakirəsi, onun səbəblərinin araşdırılması, zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi, müvafiq yardımlarla təmin edilməsi, lazımi dəstəyin göstərilməsi və təhlil edilməsi məqsədilə qarşılıqlı əlaqəli işin təşkili ilə bağlı mühüm tədbirlər görür. Bu məqsədlə komissiya üzvləri vaxtaşırı ümumtəhsil məktəblərində, inzibati ərazi dairələrində erkən yaşdan qızların nikaha cəlb olunması və məişət zorakılığı hallarının müəyyən edilməsi, onların qarşısının alınması mövzularında maarifləndirici tədbirlər keçirmiş, profilaktik söhbətlər aparmışdır. Həmçinin qrup üzvləri zorakılığa məruz qalmış insanların yaşadığı ünvana, risk qrupuna daxil olan ayrı-ayrı ailələrə gedərək söhbətlər aparmış, müvafiq köməklik və yardımlar göstərilmişdir. İl ərzində rayonda baş vermiş zorakılıq hadisələri və görülən tədbirlər barədə məlumat verərək, bu xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Vurğulamışdır ki, əslində məişət zorakılığı ilə əlaqədar gördüyümüz işlər bununla məhdudlaşmır. Nikah yaşına çatmayan yeniyetmələrin nişanlanması, xüsusən azyaşlı qızların istəklərinin əksinə olaraq valideynləri tərəfindən ərə verilməsi faktlarının aşkar edilərək qarşısının alınması istiqamətində də komissiyamız daim mübarizə aparır. Hüquq-mühafizə orqanları ilə birgə əməyimiz sayəsində müəyyən müsbət dəyişikliklərə nail olmuşuq. Komissiyamız bu məsələdə ictimaiyyətin fəal nümayəndələrinin əməyini yüksək qiymətləndirir və bu işdə daim bizə dəstək olacağınıza əminliyini bildirir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Gender məsələləri üzrə məsul şəxs İlqar Malıyev, rayon Məhkəməsinin hakimi Şəfiqə Meybullayeva, rayon prokurorunun köməkçisi Aytac Adgözəlzadə, Astara Gömrük İdarəsi Metodoloji təminat bölməsinin inspektoru İntizar Hacızadə, Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin mama-ginekoloqu Ülviyyə Nemətova çıxış etmişlər.
Lənkəran Dövlət Dram Teatrının aktyorlarının mövzuya uyğun nümayiş etdirdikləri səhnə maraqla qarşılanmışdır.







